​ABŞ Rusiyaya mane ola bilməyəcək – Politoloq

Baxış sayı:
904

ABŞ Rusiya, Türkiyə və İranın Suriyada müsbət nəticələr əldə etməsindən narazıdır.
Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, faktiki olaraq Suriyada terrora Rusiya, Türkiyə və İranın birgə səyləri nəticəsində son qoyuldu, BMT və Amerikanın heç bir rolu olmadı:
“Bu, Amerikanın xarici siyasətinin zəifliyindən irəli gəlirdi. Məhz buna görə də ABŞ zəif görünməmək üçün bu üçlü ittifaqa müəyyən əngəllər yaratmağı düşünür və Suriya məsələsinin beynəlxalq formata keçməsini istəyir. Ancaq inanmıram ki, bu, baş tutsun. Buna heç Rusiya, Türkiyə, İran da razı olmaz. Çünki sözügedən dövlətlərin hazırda Amerika ilə münasibətləri soyuqdur”.
Politoloq Soçi formatının uğurlu olduğunu düşünür:
“Düzdür, son günlər Rusiya ilə Türkiyə arasında müəyyən mübahisələr yaranıb. Ancaq hesab edirəm ki, ilk mərhələdən sonra daha ağır ikinci mərhələ - Suriyada sülh quruculuğudur. Əgər Rusiya, Türkiyə və İran bu mərhələdə də uğur qazansa, üçlük Suriyada nəzarətin Amerikanın, yaxud BMT-nin əlinə keçməsinə imkan verməyəcək”.
Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Devid Sattirfayld Türkiyə, İran və Rusiyanın Suriya böhranının həlli ilə bağlı apardığı Soçi formatını qeyri-qanuni adlandırıb və ölkəsinin bu formata qarşı BMT vasitəçiliyi ilə hərəkətə keçəcəyini bəyan edib.