ABŞ Rusiyaya kiber müharibə elan edib - Hakerlər Putinin saytı və bir sıra dövlət qurumlarına hücuma keçiblər

Baxış sayı:
6751

Ramil Məmmədli: "Görünən odur ki, artıq nəhəng dövlətlər bir-biri ilə ənənəvi formada yox, daha çox müasir üsullarla müharibə etməyə üstünlük verirlər"

"Əgər Kreml kompromisə getməsə, onda Ağ Ev daha kəskin alternativ addımlar atacaq"

Uzun illərdən bəri ABŞ-la Rusiya arasında dünya ağalığı uğrunda gedən savaş artıq yeni mərhələyə qədəm qoymaq üzrədir. Belə ki, bu gün tərəflər bir-birini həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən zəiflətmək məqsədiylə kiber savaşın bütün formalarına baş vururlar. Nəzərinizə çatdıraq ki, kiber müharibənin məlum olan 7 forması - komanda-idarə forması, kəşfiyyat müharibəsi, elektron müharibə, psixoloji müharibə, haker hücumları, iqtisadi informasiya müharibəsi və kiber hücumlar - mövcuddur. Onu da qeyd edək ki, məsələ ilə bağlı yayılan ən son informasiyalara görə, ABŞ prezidenti Donald Tramp Amerika hərbçilərinə 2018-ci ilin aralıq seçkisi zamanı Rusiyanın İnternet Tədqiqatları Agentliyinə kiberhücum həyata keçirilməsinə şəxsən izn verib. Bu barədə NBC televiziyasının verdiyi məlumata görə bu kiberhücum Donald Trampın hakimiyyətə gəlməsindən sonra Rusiyanın seçkiyə müdaxiləsinə qarşı indiyə qədər atılan ən aqressiv addımdır.

Dmitri Peskov: "ABŞ ərazisindən Rusiyanın müxtəlif təşkilatlarına, hüquqi və fiziki şəxslərə qarşı çox sayda kiber hücumlar həyata keçirilir"

Beləliklə, bildirilir ki, Trampın qərarına əsasən, ABŞ-ın kibertəhlükəsizlik agentləri Rusiyanın Sankt-Peterburq şəhərindəki İnternet Araşdırmaları Agentliyinin internetə çıxışını bloklayıblar. Bununla bağlı Azadlıq radiosunun informasiyasında deyilir ki, Rusiyanın bu qurumunu Qərbdə "troll fabriki" adlandırırlar. Bu təşkilatın habelə Rusiyanın 2016-cı il ABŞ prezident seçkisinə müdaxiləsində və Avropa ölkələrindəki seçkiləri təsirləndirməsində alət olduğu düşünülür. 2018-ci ildə ABŞ-da böyük jüri İnternet Araşdırmaları Agentliyinə və Rusiya oliqarxlarından Yevgeny Prixozinə aid olduğu deyilən daha iki firmaya qarşı ittiham irəli sürüb. Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini xüsusi prokuror Robert Müller araşdırır. ABŞ kəşfiyyatı inanır ki, İnternet Araşdırmaları Agentliyi tapşırıqlarını birbaşa Rusiya xüsusi xidmətlərindən alır. "The Washington Post" qəzetinin yazdığına görə, Sankt-Peterburqdakı agentliyin internetə çıxışı ABŞ-da noyabr ayında keçirilmiş seçki günü və bunun ardınca daha bir neçə gün ərzində bloklanıbmış. Burada məqsəd agentliyi dezinformasiya yaymaq və seçkinin nəticələrinə təsir göstəmək imkanından məhrum etmək olub.

Bu arada, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə ABŞ-ın kiber komandanlığının Sankt-Peterburqda yerləşən İnternet Araşdırmaları Agentliyinin internetə çıxışının bloklanmasını şərh edərkən bəyan edib ki, fevralın 27-i prezidentin saytı da daxil olmaqla, Rusiya strukturları müntəzəm olaraq ABŞ və Avropa tərəfindən kiber hücuma məruz qalıb: "Ümumiyyətlə ABŞ ərazisindən Rusiyanın müxtəlif təşkilatlarına, hüquqi və fiziki şəxslərə qarşı çox sayda kiber hücumlar həyata keçirilir. Bu, yaşadığımız həqiqətdir. Mən bu hücumların arxasında kimin olduğunu deyə bilmərəm, amma hücumlarım müntəzəm şəkildə baş verdiyini və böyük sayda olduğunu təsdiq edirik".

"ABŞ kiber hücumlarla Rusiyaya bütün istiqamətlərdən sarsıdıcı zərbə vura bilər"

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən hərbi-siyasi icmalçı Ramil Məmmədlinin sözlərinə görə, təxminən 10 ildir ki, Rusiya və ABŞ, o cümlədən Çinlə ABŞ arasında kiber savaş müşahidə olunur: "Belə ki, tərəflər bir-birinə qarşı internet resursları vasitəsi ilə hücumlar həyata keçirirlər. Bu zaman onlardan biri digərinin dövlət qurumlarının elektron bazalarına daxil olaraq müəyyən bilgiləri mənimsəyir və ya müxtəlif viruslar ötürürlər. Təbii ki, bütün bunları ABŞ-la Rusiya arasında kiber müharibənin başlaması kimi qəbul edə bilərik. Görünən odur ki, artıq nəhəng dövlətlər bir-biri ilə ənənəvi formada yox, daha çox müasir üsullarla müharibə etməyə üstünlük verirlər. Əgər ötən əsrin müharibəsi iqtisadiyyat üzərindən idisə, 21-ci əsrin müharibəsi internet resursları üzərindən həyata keçirilir".

Rusiya ilə ABŞ arasında başlanan kiber savaşın daha da gərginləşəcəyini iddia edən hərbi-siyasi icmalçının fikrincə, bütün bunlar adıçəkilən iki ölkə arasındakı münasibətlərə daha da mənfi təsir göstərəcək: "Artıq bununla bağlı bir sıra informasiyalar yayılıb və qeyd olunur ki, ABŞ-ın aidiyyatı qurumları tərəfindən Rusiyanın bəzi orqanlarının, eyni zamanda kiber hücumlar sahəsində ixtisaslaşmış gənclərin internet resursları bağlanıb, onlara hücum təşkil olunub. Görünən odur ki, artıq ABŞ Rusiyada internet texnologiyaları sahəsində ixtisaslaşmış qrumlara və şəxslərə zərbə vurmağı qarşısına məqsəd qoyub. Əlbəttə, bununla bağlı əmr rəsmi olaraq Ağ Evdən verilib. Əks təqdirdə belə bir addımlar atılmazdı".

ABŞ-ın kiber hücumlarının Rusiyaya bütün istiqamətlərdən mənfi təsir göstərə biləcəyini qeyd edən Ramil Məmmədli hesab edir ki, əgər Kreml kompromisə getməsə, onda Ağ Ev daha kəskin alternativ addımlar atacaq: "Çünki internet resursları, informasiya texnologiyaları sahəsindəki demək olar ki, bütün strukturlar ABŞ-ın, Qərbin əlindədir. Odur ki, əgər Rusiya ABŞ-la kompromisə getməsə, o zaman onun bu məsələdə müəyyən çətinlikləri olacaq. Düşünürəm ki, Rusiya Amerikaya bağlı olan qrumlara, rəsmi orqanlara hücumlarının dayandırmasa, onda ABŞ daha kəskin alternativ addımlar atacaq. Bu isə öz növbəsində, Rusiyaya bütün istiqamətlərdən sarsıdıcı zərbə vura bilər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org