ABŞ qəbul etdi: YPG ORADAN ÇIXARILACAQ

Baxış sayı:
5794

Türkiyə ilə ABŞ arasında qurulan həll mexanizmlərinin ilk iclasında Münbiç məsələsində razılıq əldə olunub. ABŞ rəsmiləri YPG-liləri Fəratın şərqinə çıxarmağı qəbul edib
 
“Vaşinqton Post” qəzeti, Türkiyə ilə ABŞ arasında yaradılan birgə işçi komissiyalarının ötən həftə həyata keçirdiyi ilk iclaslarda, YPG-lilərin Münbiçdən çıxarılması barədə razılıq əldə olunduğunu bildirib.
ABŞ-ın dövlət katibi Reks Tillerson ilə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun 23 fevralda Ankarada keçirdiyi görüşdə iki ölkə arasında Suriya düyününü həll etmək üçün təşkil edilən ortaq işçi komissiyalarının ən əhəmiyyətlisi olan Suriya komissiyası Vaşinqtondakı ilk iclaslarını keçirib.
İclasda ABŞ rəsmiləri Türk tərəfinə, Kürd döyüşçüləri Münbiçdən çıxararaq Fəratın şərqinə çıxarmağı qəbul etdiklərini söyləyib. YPG-lilərin nə vaxt və nə şəkildə Münbiçi tərk edəcəyi isə, komissiyaların gələcək iclaslarında müzakirə ediləcək.
ABŞ-ın Münbiç barəsindəki qərarını yerinə yetirdiyi təqdirdə, Ankara-Vaşinqton xəttində son dövrdə artan gərginliyin bir qədər səngiyəcəyi nəzərdə tutulur.
Yaxın aylarda iki ölkə paytaxtlarında davam etməsi nəzərdə tutulan komissiya iclaslarında müzakirə olunan digər bir məsələ də, Türkiyənin Rusiyadan satın alacağı S-400 raket əleyhinə müdafiə sistemləri olacaq.
 
ANKARAYA SÖZ VERDİK
 
Qəzetə danışan Tramp rəhbərliyinə mənsub üst səviyyəli bir səlahiyyətli, ABŞ-ın YPG-liləri geri çəkilməyə razı edib, etməyəcəyi mövzusunda narahat olduğunu deyib. "Türklərlə danışıqlarda irəliləməyimiz buna bağlı idi, çünki onlara bir söz verdik" - deyə danışan səlahiyyətli, Vaşinqtonun daha əvvəl verdiyi Münbiçdəki Kürd döyüşçüləri geri çəkmə sözü qarşılığında Ankaranın ABŞ-a, Suriyadakı İŞİD hədəflərinə qarşı hava hərəkatları üçün İncirlik Bazasını istifadə etməsinə icazə verdiyini xatırladıb.
Səlahiyyətli, "Bizim üçün aldadıcı bir vəziyyətdir, çünki bu adamlarla (Kürd döyüşçüləri) uzun illər bir yerdə olmuşuq. Xüsusilə bizim əsgərlərimiz üçün çətindir, onlarla dərin şəxsi münasibətlər qurmuşuq və heç kəs bu əlaqələrin dağılmasını istəmir" deyə, bildirib.
Qəzet, ancaq bütün bunlara rəğmən, Türkiyə ilə tərəfdaşlığı daha əhəmiyyətli görən üst səviyyə hərbi rəsmilərin və diplomatların, kritik bir müttəfiqin şikayətlərini bundan sonra nəzərə almamağın mümkün olmayacağı fikrinə gəldiklərini yazıb.
Müxalifət.az