​“ABŞ postsovet məkanına müdaxilə siyasətini davam etdirir” - POLİTOLOQ

Baxış sayı:
794

“Qazaxıstanın Çinlə də sərhəd xəttinə malik olması ABŞ üçün cəlbedici amillərdən biridir”
 
Qazaxstan prezidenti Nursultan Nazarbayev ABŞ-a rəsmi səfərə gedir. O, Ağ Evdə Trampla görüşəcək. ABŞ və Qazaxıstan arasında regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini əhatə edən genişləndirilmiş strateji tərəfdaşlığa dair birgə bəyanat qəbul olunacaq. Səfər zamanı ABŞ sərmayəsinin Qazaxıstan iqtisadiyyatındakı iştirakının genişləndirilməsi barədə müzakirələr aparılacaq, bir neçə milyard dollar dəyərində sazişlər imzalanacaq.
Muxalifet.az xəbər verir ki, Nazarbayevin ABŞ-a rəsmi səfərini şərh edən politoloq Şahin Cəfərli deyib ki, Nazarbayevin ABŞ-a rəsmi səfərinin indiki məqamda gerçəkləşməsinin bir neçə səbəbi var: “Əvvəla, bu fakt onu göstərir ki, ABŞ Rusiyada ciddi qıcıq doğuran postsovet məkanına müdaxilə siyasətini davam etdirir. Trampın yenicə elan etdiyi milli təhlükəsizlik strategiyasında Rusiya ilə Çin “ABŞ-ın liderliyini və dəyərlərini sarsıtmağa çalışan təftişçi dövlətlər” kimi təsnif olunub. Qazaxıstanla əlaqələrin gücləndirilməsi bu baxımdan təsadüf deyil və strategiyadakı hədəflərə uyğundur. Qazaxıstanın geostrateji mövqeyi, Rusiya ilə yanaşı, Çinlə də uzun sərhəd xəttinə malik olması bu ölkəni ABŞ üçün cəlbedici edən amillərdən biridir”.
 
“ABŞ Qazaxıstana yaxınlaşmaqla Mərkəzi Asiya regionunda öz təsirini artırmağa çalışır”
 
“Söhbət ondan getmir ki, ABŞ Qazaxıstanı Rusiyaya və ya Çinə qarşı hansısa destruktiv siyasətə cəlb edəcək. Məsələ ondadır ki, ABŞ Qazaxıstanla yaxınlaşmaqla ümumilikdə Mərkəzi Asiya regionunda öz təsirini artırmağa çalışır və Rusiya-Çin sərhədləri boyunca varlığını hiss etdirməyə davam edir. Bu, həm də ABŞ-ın yeni Əfqanıstan strategiyasından irəli gələn siyasətdir. Qazaxıstan da ABŞ-ın bu bölgədə nüfuzunun güclənməsində maraqlıdır, baxmayaraq ki, Rusiyanın müttəfiqidir və Çinlə iqtisadi əməkdaşlığı ildən-ilə genişlənir. “Qoca qurd” Nazarbayev Rusiya-Çin cütlüyünün bölgədə hegemon rolunu ABŞ vasitəsilə tarazlaşdırmağı qazax dövlətinin uzunmüddətli maraqları baxımından zəruri sayır. Qazaxıstan ABŞ-ın Əfqanıstandakı durumu nəzarətdə saxlamasının da tərəfdarıdır”,- deyə politoloq vurğulayıb.
 
“Nazarbayev innovasion iqtisadiyyata keçməyi qarşısına məqsəd qoyub
Ş.Cəfərli qeyd edib ki, eyni zamanda Nazarbayev özünün 2050-ci il vizyonu çərçivəsində Qazaxıstanı mümkün qədər tez müddətdə xammal iqtisadiyyatı modelindən innovasion iqtisadiyyata keçirməyi qarşıya məqsəd qoyub: “O, bir neçə gün öncə - yanvarın 10-da “Dördüncü sənaye inqilabı şəraitində yeni inkişaf imkanları” adlı proqram xarakterli böyük müraciətlə çıxış etdi. Müraciətdə 10 hədəf müəyyənləşdirilib və bunların həyata keçirilməsində ABŞ-la yaxın əməkdaşlığın zəruri olduğunu Nazarbayev yaxşı başa düşür. Hazırda Qazaxıstanda ABŞ kapitalının iştirakı ilə 500-ə yaxın şirkət fəaliyyət göstərir, bunlardan 140-ı Qazaxıstan-ABŞ birgə müəssisəsidir. Qazaxıstana 300-dən çox ABŞ şirkəti 50 milyard dollardan çox sərmayə yatırıb. Nazarbayev səfər nəticəsində bu rəqəmləri daha da yüksəltmək niyyətindədir”.
 
“Nazarbayevin səfərinin daha məzmunlu olacağı gözlənilir”
 
“Tramp ötən bir ildə postsovet ölkələrindən 2 qonaq qəbul edib - Ukrayna prezidenti Poroşenko və Gürcüstanın baş naziri Kvirikaşvili. Lakin qazaxların sözlərinə inansaq, Nazarbayevin səfərinin onların səfərindən daha məzmunlu olacağı gözlənilir”,-deyə politoloq əlavə edib.
 
Cavid, Muxalifet.az