ABŞ müharibə xəbərdarlığı etdi — "Şimali Koreya xəritədən silinəcək"

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley yeni açıqlama verib.
 
ABŞ diplomatı Şimali Koreyanın nüvə proqramına davam edəcəyi təqdirdə yox olacağını söyləyib.
Vaşinqtonun Şimali Koreya problemini Pentaqona təhvil verməyə hazır olduğunu qeyd edən diplomat prezident Trampın boş yerə hədələmədiyini də bildirib: "Şimali Koreya problemini məmnuniyyətlə general Mettisə həvalə edə bilərəm. Çünki onun bir çox hərbi həll variantı var. Biz isə bütün diplomatik yollara baş vurduq. Əgər bu işə yaramasa, general Mettis məsələ ilə məşğul olacaq".
ABŞ hökuməti raket sınaqlarına davam edən Şimali Koreyaya bu günə qədərki ən sərt reaksiyasını verib. Nikki Haley Trampın boş yerə hədə-qorxu gəlmədiyini bildirib: "Boş hədə deyildi. Şimali Koreya məsuliyyətsiz hərəkət etsə də, biz belə davranmadıq, diplomatiyaya baş vurduq. Təhlükəsizlik Şurasında artıq bütün yollar, həllər tükənmək üzrədir. Şimali Koreya yenə də nüvə sınağına davam etsə, ABŞ özünü və müttəfiqlərini müdafiə etmək məcburiyyətində qalacaq. Bu isə Şimali Koreyanın yox olması deməkdir. Amma müharibə istəmirik".