​ABŞ-ın İrana sanksiyaları: Tehran geri çəkiləcəkmi? – Şərh

Baxış sayı:
2569

Donalid Trampın bu qərarı verməsi göstərir ki, ABŞ imperialistdir, beynəlxalq hüquqla, digər xalqların mənafeyi ilə hesablaşmayan qaba və yöndəmsiz dövlətdir. Hərçənd ki, özünü demokratiya və insan haqlarının carçısı hesab edir, amma reallıqda yəhudi şəbəkəsinin, ABŞ-dakı maliyyə və media mafiyasının göstərişi ilə hərəkət edir. Burada xalqların marağı, beynəlxalq hüququn mənafeyi əsla nəzərə alınmır.
Bu fikirləri Teleqraf.com-a ABŞ-ın İrana qarşı bu gündən tətbiq edəcəyi sanksiyaları şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Politoloq bildirib ki, dünya yalnız ABŞ-da ibarət deyil və Avropa, müsəlman dünyası, Çin, Rusiya amili var:
“Onlar ABŞ-ın İrana qarşı sanksiya qərarını dəstəkləmir və tabe olmurlar. ABŞ bu sanksiyaları tətbiq etməklə 1979-cu il inqilabından sonra İranın dondurulan 130 milyard dollarlıq sərmayəsinin qalan hissəsini özündə saxlayacaq və verməyəcək.
Digər tərəfdən, ABŞ və İran bilavasitə geniş ticarət əlaqələrinə malik deyil. İran əsasən Çin, Rusiya, Avropa və müsəlman dünyası ilə ticarət həyata keçirir. Bu ölkələrin ABŞ-ın diktəsinə tabe olub-olmayacağını zaman göstərəcək. O dəqiqdir ki, Türkiyə və Azərbaycan bu prosesdə iştirak etməyəcəyini deyib. Çin son dövrlər ABŞ-dan neft alışını azaldıb, İrandan neft alışını isə artırıb. Əminəm ki, Rusiya da ABŞ-ın sanksiyalarına qoşulmaz, çünki özü bu sanksiyaların altına düşüb. Avropanın ABŞ-ın sanksiyalarına qoşulub-qoşulmayacağını demək çətindir. Ancaq İranla nüvə sazişi imzalanandan sonra Avropa şirkətləri ilə İran arasında nəhəng ticarət müqavilələri imzalanıb. Avropa şirkətləri İrandan xəyali qazanclar əldə etmək fikrində idilər. İndi ABŞ gəlib deyir ki, xeyir, siz bu gəlirləri əldə etməyin. Avropanın siyasi iradəsi, qətiyyəti çatarmı desin ki, sənin qərarların bizə yox, özünə aiddir? Bunu desələr, ABŞ-ın sanksiya qərarının təsiri cüzi olacaq. Yox əgər, ABŞ-ın qərarına tabe olsalar, İran üçün problemlər yaranacaq. Nüvə sazişindən sonra İran ABŞ-ın “Boeing” şirkətindən çoxlu təyyarə almaq istəyirdi. Bu təyyarələrin satılması onu istehsal edən şirkətə də xeyirdir. Onlar satmasa, İran Çindən, Rusiyadan, Braziliyadan təyyarə alacaq”.
Üçüncü ölkələrin də bu sanksiyalar altına düşə biləcəyini xatırladan Əlizadə bildirib ki, ABŞ-ın Avropaya qarşı hansı sanksiyalar tətbiq edəcəyi anlaşılmazdır. Onun fikrincə, iqtisadi baxımdan Avropa və ABŞ eyni gücə malikdir:
“ABŞ deyəcək ki, biz Avropa malları üçün Amerika bazarını qapayırıq. Amma iş ondadır ki, ABŞ malları üçün də Avropa bazarları qapana bilər. Bu yaxınlara qədər ABŞ və Avropa ticarət müharibəsi aparırdı, gömrük rüsumlarını qaldırırdılar və s. 10 gün əvvəl anladılar ki, təhlükəli yolla gedirlər. Sonda ABŞ və Avropa elan etdi ki, bu tədbirlər azad ticarət bazarı prinsipinə ziddir, biz rüsumları ləğv etməliyik, azad bazar olmalıdır və s. İndi İrana görə ABŞ və Avropa başlayacaq yenə bu yolla getməyə? Unutmayaq ki, sanksiya həm də ikitərəfli silahdır. Çin isə ABŞ-a tabe deyil, öz xəttini yürüdür, ekspansiyası dünyada güclənir, tərəf müqabilləri artır. Məncə, onlar ABŞ-la hesablaşmayacaq. Bəli, ABŞ güclü dövlətdir, amma dünyanın ağası deyil. Avropa bu sanksiyalara qoşulsa belə, bu onun özü üçün problem yaradacaq. Avropa şirkətləri İrandan böyük qazanc götürmək niyyətindədir. Əgər Avropa hökumətləri bu sanksiyalara tabe olmaq istəsə, biznes deyəcək ki, tabe olma, biz qazancımızı itirmək istəmirik. Bu halda Avropa hökumətləri də seçim qarşısında qalacaq. Ya öz biznesləri ilə qarşıdurmada olub gələcək seçkiləri uduzmalı, ya da Trampın əmrinə tabe olmayıb ABŞ-la münasibətləri pisləşdirməlidirlər. ABŞ-la münasibətləri pisləşdirmək onlar üçün ölümcül deyil. ABŞ əvvəlki ABŞ deyil ki, Avropaya əmr etsin. İndi zəmanə dəyişib və Avropa xeyli güclənib”.
Müsahibimiz qeyd edib ki, indi İran üçün əsas məsələ bu sanksiyalar dalğasına dözməklə bərabər daxildə sabitliyi saxlamalıdır:
“Daxildə İran hökumətinin böyük problemləri var. Çünki rial qiymətdən düşür, inflyasiya güclənir. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu tədbirlər də hamıya aydındır. Daxildə iqtisadi sabitliyi yaratmaq vacibdir. İran daxilində problemlərin qabarma ehtimalı var. Bir daha deyirəm ki, bu hökumətin siyasətindən asılı olacaq. İranda həmişə narazılar olub. Müəyyən bir kəsim var ki, islami quruluşdan narazıdır. Amma onlar bu quruluşdan razı olanlarla müqayisədə xeyli azdır. Razı olanların da səfərbər edilməsi mexanizmi var. Bir də görürsən ki, tələbələr, Avropa meylli insanlar 100 minlik mitinq keçirir. Bu nəhəng miqyasda mitinq hesab olunur. Amma səhəri gün azı bir milyon insan meydana çıxaraq hökuməti dəstəkləyir. İslami rejimin İran cəmiyyətində dayaqları geniş və möhkəmdir. Bu da onunla izah edilir ki, onlar iqtisadi ədalət naminə neft pullarını nisbətən ədalətli bölürlər. Amma iqtisadi siyasətləri o qədər də səmərəli deyil və müəyyən gərginliklər müşahidə olunur. Bu problemə necə əncam çəkəcəklərini hələlik heç kəs bilmir. Nəzərə almaq lazımdır ki, İrandakı rejim səmərəlilik və dayanıqlıq göstərə bilib. 1979-cu ildən bu yana, təxminən 40 il İran dünyanın super gücü olan ABŞ-a müqavimət göstərib. Vaxtilə SSRİ-yə qarşı da müqavimət göstərib. İndi də ümid edirlər ki, bu mərhələdən də uğurla keçəcəklər. Daxildə problemlər yoluna qoyulsa, bu gündən tətbiq ediləcək sanksiyaların effekti olmayacaq”.