​ABŞ-ı bizə düşmən etmək istəyən GİZLİ ERMƏNİLƏR – onları siz də tanıyın!

Baxış sayı:
5047

Rəhbərliyində ermənilərin təmsil olunduğu məlum təşkilatların başlıca məqsədi ABŞ-Azərbaycan əlaqələrini korlamaq, ölkəmizin Amerika üçün önəmini azaltmaq, anti-Azərbaycan fəaliyyəti göstərməkdir

Bəllidir ki, rəsmi Vaşinqtonun xarici siyasət kursuna təsir edən mühüm amillərdən biri də ABŞ-dakı müxtəlif “beyin mərkəzləri”, QHT və ictimai şuralardır. ABŞ-da “beyin mərkəzləri”ni  (“think-tank”) ən çox maliyyələşdirən qurum isə “Kornegi Korporasiyası” sayılır (“Carnegie Corporation”).
Diqqət edin, nə qədər qəribə və təəccüblü olsa da, korporasiyanın prezidenti Vartan Qriqoryan ad-soyadlı erməni imiş. Bu da hamısı deyil. Sən demə, qurumun İdarə Heyətində Daiana Diyereyiyan adlı başqa bir erməni də təmsil olunub. Diana Arseniyan isə korporasiyanın Avrasiya və Rusiya üzrə direktoru vəzifəsini tutur.
 
Maraqlıdır ki, Vartan Qriqoryan “Human Rights Watch” Amerika hüquq-müdafiə təşkilatının (QHT sayılır) İdarə Heyətinin də üzvüdür. Bəllidir ki, bu təşkilat Azərbaycanı ən çox  tənqid edən qurumlardandır. Diana Arseniyan isə Amerikadakı ən güclü erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyası İdarə Heyətinin üzvü olub.
Aydın məsələdir ki, rəhbərliyində ermənilərin təmsil olunduğu məlum təşkilatların başlıca məqsədi ABŞ-Azərbaycan əlaqələrini korlamaq, ölkəmizin Amerika üçün önəmini azaltmaq və onu dünyada nüfuzdan salmaq, ABŞ-da ölkəmiz və xalqımız haqda neqativ rəy yaratmaq, qısası, Ermənistanın mənafeyinə xidmət edən anti-Azərbaycan fəaliyyəti göstərməkdir.
Bu proses sistemli surətdə daim davam etdirilir - o cümlədən ABŞ-ın “beyin mərkəzləri”ndə yuva salmış ermənilər sayəsində. Təsadüfi deyil ki, Amerikada, Konqresdə debatlar, ictimai dinləmələr adı ilə vaxtaşırı şəkildə Azərbaycan əleyhinə tədbirlər düzənlənir.
 
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri, cinayətkar Bako Saakyanın ABŞ-a, ermənipərəst konqresmenlərin isə Dağlıq Qarabağa vaxtaşırı etdikləri qanunsuz səfərlərinin təşkilində, neçə-neçə ABŞ ştatının qondarma “DQR”in müstəqilliyinin və qondarma “soyqırımın” tanımasında onların müstəsna xidməti var.
Hədəfdə, təbii ki, həm də əsas strateji müttəfiqimiz Türkiyədir, saxta erməni “soyqırımının” ABŞ tərəfindən tanınması üçün əlverişli siyasi zəmin yaratmaqdır...  
 
Yaxud Vaşinqtonda “Karnegi fondu” və onun aparıcı eksperti kimi fəaliyyət göstərən Tomas de-Vaal var. Bu politoloq öncələrdə Qarabağ məsələsində kifayət qədər ədalətli mövqeyi ilə seçilib və vaxtilə yazdığı “Qara və Bağ” kitabında həmin mövqe əksini tapıb. Lakin axır 5-6 ildə o, açıq-aşkar ermənipərəst mövqe tutur ki, bu da, heç şübhəsiz, de Vaalın artıq Amerika erməni diasporunun maddi təsiri altına düşməsindən xəbər verir.         
Azərbaycan dövləti və onun xarici siyasət qurumları, dünyanın 1 nömrəli dövləti olan ABŞ-dakı diasporumuz, yəqin ki, bu kimi reallıqların fərqindədir. Qalır, ermənilərin kök saldığı Amerika “beyin mərkəz”lərinin anti-Azərbaycan fəaliyyətini daha effektli şəkildə neytrallaşdırmaq.
Bu isə, razılaşaq ki, təkcə Azərbaycan dövlətinin işi deyil, bütövlükdə dünyadakı, ABŞ-dakı azərbaycanlıların, azərbaycanlı fəalların, o sırada Amerikada yaşayan, işləyən, təhsil alan soydaşlarımızın, tələbələrimzin borcudur. Unutmayaq ki, söhbət həm də Qarabağ uğrunda informasiya savaşından gedir - hansı savaşın qalibi ki, Dağlıq Qarabağı da həmişəlik qazanmış olacaq.