“ABŞ-ın hansı vətəndaşı Azərbaycanda təhlükə ilə üzləşib?” - Elxan ŞAHİNOĞLU

Baxış sayı:
822

“Vaşinqton dostlarını sürətlə itirir. Yəni Azərbaycan ABŞ vətəndaşları üçün Ermənistan və Gürcüstandan daha təhlükəlidir? ABŞ-ın hansı vətəndaşı bu illərdə Azərbaycanda hansısa təhlükə ilə üzləşib? Neçə il öncə Amerika Respublika İnstitutunun rəhbəri Bakıdakı mənzilində öldürülmüşdü, ancaq bunun terrorla əlaqəsi yox idi, məişət zəminində baş verən cinayət idi. Başqa olay yadıma düşmür”. Muxalifet.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. “Ermənistanın adı niyə siyahıda yoxdur?” “Görünür, Amerikada hesab ediblər ki, Azərbaycan İranla qonşu olduğundan amerikalıların məmləkətimizə gəlməsi risqlidir. Ona qalsa, Ermənistan da İranın qonşusudur və iki dövlət arasında isti münasibətlər var. Bəs, Ermənistanın adı niyə siyahıda yoxdur?”,-politoloq sual edir. “Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır” Şahinoğlu nəzərə çatdırıb ki, Rusiya diplomatiyası Dövlət Departamentinin Azərbaycanla bağlı xəbərdarlığından məharətlə istifadə etdi: “Rusiya XİN-nin nümayəndəsi Mariya Zaxarova Azərbaycan tərifləyərək, bu ölkənin təhlükəsiz və turistlər üçün münasib məkan olduğunu vurğuladı. Bu da amerikalılarının axmaq siyasətinin nəticəsidir. Bu cür yanaşma ilə Amerika dost saydığı ölkələri də özündən uzaqlaşdırır.” “Amerika yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır” E. Şahinoğlu xatırladıb ki, 2001-ci ilin sentyabrın 11-də terrorçular Amerikaya hücum etdilər, 3 min vətəndaş terrorun qurbanı oldu: “Onda eyni məntiqlə Azərbaycan XİN açıqlama verib deməliydi ki, bu müddətdə Azərbaycan vətəndaşlarının Amerikaya səfərləri məqbul deyil? Belə bir açıqlama Vaşinqtonun xoşuna gələrdimi? Və ya Amerikanın böyük şəhərlərində elə küçələr var ki, orda turistlərin təhlükəsizliyinə zəmanət verilmir. Özüm 1999-cu ildə bunun şəxsən şahidi olmuşam. Onda belə çıxır ki, turistlər Amerikaya getməməlidirlər? Bəzilərimiz Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının məhdudlaşdırılması məqsədilə okeanın o tayına boylanarkən, okeanın o tayı yarıtmaz siyasəti ilə Rusiyanın bölgədə daha çox fəallaşmasına şərait yaradır”. Cavid, Muxalifet.az