ABŞ-dan yeni bir qalmaqal! Golan Təpələrini İsrailə verdilər

Baxış sayı:
5791

 ABŞ Xarici İşlər Nazirliyi 2018 İnsan Haqları Hesabatında Suriyaya məxsus Golan Təpələri üçün "İsrail nəzarətindəki region" ifadələrinə yer verərək böyük bir qalmaqala imza atıb.
 
ABŞ rəhbərliyi 2018 İnsan Haqları Hesabatının İsrail hissəsində, daha öncə "işğal altında" şəklində xarakterizə etdiyi Golan Təpələri üçün ilk dəfə “İsrail nəzarətindəki" ifadəsini istifadə edib.
ABŞ Xarici İşlər Nazirliyinin hər il açıqladığı insan haqları hesabatının builki İsrail hissəsi, Orta Şərq tarazlıqları baxımından yeni bir mübahisəyə qapı açıb.
Nazirlikdə keçirilən brifinqdə çıxış edən Demokratiya və İnsan Haqları Bürosunun rəsmisi səfir Maykl Kozak, "işğal altındakı" ifadəsinin bu il niyə qaldırıldığı haqqındakı bir sualı cavablandırıb.
Kozak sözügedən hesabatın bir regionun "hüquqi statusunu" müəyyən etmək məqsədilə deyil, ölkələrin insan haqları vəziyyətini ortaya qoymaq məqsədilə hazırlandığını ifadə edib.
ABŞ-ın Golanın statusu məsələsindəki mövqeyinin dəyişmədiyini qeyd edən Kozak, ötən illərdə istifadə edilən "işğal altındakı" ifadəsinin bu il nə üçün qaldırıldığını isə izah etməyib.
Digər tərəfdən, həmin hesabatın İsrail hissəsində, Qəzza Zolağı və Qərbi Şeria ilə bağlı ifadələrdə də "işğal edilmiş" və ya "işğal altındakı" kimi ifadələrə heç yer verilməməsi də diqqət çəkib.
Müxalifət.az