ABŞ-dan SENSASİON Qarabağ ÇAĞIRIŞI, Paşinyanın... - Politoloq açıqladı

Baxış sayı:
5995

ABŞ-dan Ermənistanın baş naziri Nikol Paşinyana işğal altındakı əraziləri Azərbaycana qaytarmaq çağırışı edilib. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) məsləhətçisi, amerikalı politoloq Ray Salvatore Cenninqs Paşinyanı Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimə qarşı cinayət işini açmağa çağırıb.
Amerikalı politoloq qeyd edib ki, Qarabağda qalaqurma Paşinyana danışıqlar masasında elastiklik imkanı verəcək. Ərazilərin qaytarılması Ermənistanın xeyrinə olacaq. Azərbaycan bunun qarşılığında Ermənistana bir sıra beynəlxalq təşəbbüslərə, misal üçün Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmaq icazəsi verəcək. Bundan başqa, ABŞ-ın Ermənistanın yeni hökumətinə etibarının möhkəmlənməsi onun “Şərq və Qərb” arasında öz münasibətlərinin tənzimlənməsindən asılı olacaq.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli isə bildirir ki, Nikol Paşinyanın bu çağırışa müsbət cavab verəcəyinə inanmır:
“Bu dəqiqə Ermənistan cəmiyyətində ovqat tamamilə başqadır. Söhbət bütün işğal edilmiş ərazilərdən gedirsə, yəni buraya Dağlıq Qarabağın ərazisi də daxil edilirsə, Ermənistan cəmiyyətində buna müsbət münasibət bəsləniləcəyini güman etmirəm. Ermənistanda hər bir fərd, o cümlədən, Paşinyan da bu dəqiqə torpaq məsələsində güzəştə getməmək barədə düşünür. Sanki hamısı bir-birinin ağzına tüpürübmüş kimi "torpaq əvəzinə sülh" tezisini istehza ilə qarşılayırlar. Bu barədə söhbət belə gedə bilməyəcəyini söyləyirlər. Bu yaxınlarda Ermənistan təhlükəsizlik xidmətinin rəhbəri Ağdamın işğal edilmiş ərazilərinə gedib və qaçqınların köçürülməsi ilə bağlı binanın təməlqoymasında da iştirak edib. Bununla onlar psixoloji baxımdan həm Ermənistana, həm də Azərbaycana mesaj göndərmək istəyirlər ki, onlar sülhə hazır deyillər. Sadəcə olaraq lazım gəlsə, müharibə edə bilərlər. Bu müharibəyə də hazırmış kimi təəssüratlar yaratmaq istəyirlər. Ancaq indi Ermənistan cəmiyyəti tamamilə millətçilik və şovinizmdən sərməst olmuş vəziyyətdədir.
Demokratik düşüncə sahibi olan insanlar belə Dağlıq Qarabağ məsələsində kompramisin olmayacağı barədə fikirləşir. Bu fikir Ermənistanın milli şüurunda ciddi kök salıb. Hətta azacıq da olsa, kompromisə hazır ola bilən sabiq prezident Levon Ter-Petrosyan belə hər hansısa təkliflə çıxış etmək qüdrətinə malik deyil. Bu səbəbdən də, mənə belə gəlir ki, amerikalı politoloqun söylədiyi fikirlər cavabsız qalacaq”.