ABŞ-dan Rusiyaya yeni sanksiya dalğası - şimal qonşumuz çətin durumda...

Baxış sayı:
6826

Fikrət Yusifov: “Sanksiya zərfini ”cəhənnəmdən sanksiyalar" kimi dəyərləndirirlər"; Əhəd Məmmədli: “ABŞ Rusiyanın dağılmasını istəyirsə...”

Bir neçə aylıq sakitlikdən sonra ABŞ Rusiyaya qarşı sanksiyaların yeni mərhələsinə başlayır. Strateq.az xəbər verir ki,  bu dəfə sanksiya zərbəsi Rusiyanın bank və enerji sektoruna, dövlət qiymətli kağızlarına, eləcə də gəmiçiqayırma və sıxılmış maye qaz biznesinə aid olacaq.

Sanksiya siyahısında Rusiya prezidenti Vladimir Putinə yaxın olan bir neçə şəxsin adı da var. Ekspertlər məsələnin ciddi olduğunu bildirirlər. Onların fikrincə, sanksiyalar nəticəsində rus rublu dollar qarşısında yenidən zəifləyəcək və 75 rubl/dollar səviyyəsinə düşəcək.

Bununla bağlı qanun layihəsi artıq ABŞ parlamentinə çıxarılıb.

“Sanksiyalar və bu qanunda nəzərdə tutulan digər tədbirlər tarixdə ən sərt tədbirlərdən biridir. Bu addımlar Putinin ABŞ demokratiyasına zərər vurmaq cəhdinin nəticəsidir” - deyə qanun layihəsinin müəlliflərindən biri olan senator Lindsi Qrem bildirib.

Əslində ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının tətbiq ediləcəyi gözlənilirdi. Özü də bunun hələ 2018-in noyabrında baş verəcəyi nəzərdə tutulurdu. Amma ötən il ABŞ konqresi bu məsələyə baxmağa vaxt tapmamışdı. İndi isə yeni sanksiyaların tətbiqi şübhə doğurmur.

Yeni sanksiyalar digər iqtisadi problemlərlə yanaşı Rusiya rublu üçün də zərbə olacaq. Artıq ekspertlər şübhə etmir ki, Rusiyada dollar azı 70 rubla qədər bahalaşacaq. “Fridom finans” şirkətinin analitiki Anastasiya Sosnova bildirir ki, xaricilərə Rusiya dövlət istiqrazlarının almaq qadağan edilsə (sanksiyalarla bu da var - FED.az), dolların 70-75 rubla qədər bahalaşmağını gözləmək olar. Yeri gəlmişkən, fevralın 13-də birja hərraclarının sonunda dollar 5 qəpik ucuzlaşaraq 65,84 rubl, avro isə 34 qəpik ucuzlaşaraq 74,31 rubl olub.

Amma sanksiyalar haqqında xəbər yayılandan sonra axşam hərraclarında dollar 63 qəpik bahalaşaraq 66,51 rubla, avro isə 25 qəpik bahalaşaraq 74,9 rubl olub.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Amerikanın bu sanksiyalarla kifayətlənməyəcəyini düşünür: “Fevralın 13-də amerikalı konqresmenlər Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini Konqresin müzakirəsinə təqdim ediblər. Amerikanın Rusiyaya qarşı qəbul etməyə hazırlaşdığı sanksiyalar Rusiyanın xaricdəki demokratik prosseslərə müdaxiləsinə, Suriyaya qarşı kinayəli davranışına və Kerç boğazında Ukrayna hərbi gəmilərini həbs etməsinə cavab olaraq tətbiq olunacaqdır. Təqdim olunan layihənin son variantı kifayət qədər sərtdir. Hətta onun müəllifləri bu sanksiya zərfini "cəhənnəmdən sanksiyalar" kimi dəyərləndirirlər. Sanksiyalar xarici ölkələrdə demokratik prosseslərə müdaxiləni nəzərdə tutan işlərlə əlaqəsi olan banklara, Rusiyadan xaricdə təbii qazın sıxılması üzrə rus layihələrinə yatırılan investisiyalara, Rusiyanın “kiber sektoruna”, Rusiyanın suveren borclarına qarşı yönələcək. Sanksiyalar eyni zamanda Kremlin qanunsuz fəaliyyətini və korrupsiya ilə bağlı prossesləri birbaşa və ya dolayı yolla dəstəkləyən siyasi xadimlərə, oliqarxlara və onların ailələrinə şamil ediləcəkdir.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Hələlik sanksiyalara məruz qalacaq bankların və şəxslərin konkret siyahısı yoxdur. Lakin heç şübhə yoxdur ki, yaxın günlərdə bu siyahılar da bəlli olacaq. Belə bir sual yaranıb. Bu sanksiyalar Rusiya iqtisadiyyatına və Rusiyanın bank sektoruna və bütövlükdə rus rublunun məzənnəsinə necə təsir edəcək? Rusiya hökumətinin rəsmiləri ölkələrinin belə sanksiyalarla artıq çoxdan uğraşdığını və onlara qarşı Rusiya iqtisadiyyatında bir immunitetin formalaşdığını bəyan etsələr də, reallıqda sanksiyalar tətbiq olunacağı sahələrdə fəaliyyətin daralmasına və əngəllənməsinə gətirib çıxaracaq. Hesab etmirəm ki, ABŞ Administrasiyası bu sanksiyalarla kifayətlənəcək. Heç şübhəsiz ki, yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan digər qanun layihələri də peyda olacaq. Bir sözlə, Amerika öz istəyinə çatana qədər Rusiya və İrana qarşı sanksiyaları tətbiq etməkdə və mütəmadi olaraq onların fəaliyyət dairəsini genişləndirməkdə davam edəcək. Bütün bunlar isə hər iki ölkənin iqtisadiyyatının çökməsinə və maliyyə sistemlərinin iflic olmasına hesablanıb. ABŞ-n İrana qarşı tətbiq etdiyi sanksiyalar artıq bu ölkədəki iqtisadi durumu və maliyyə vəziyyətini acınacaqlı hala sala bilib. Bunun belə olduğunu bilən Birləşmiş Ştatlar Administrasiyası çətin ki, yaxın illərdə Rusiyaya qarşı hər hansı yumşaldıcı mövqeyə keçsin. Deməli, İrandakı vəziyyəti Rusiyada təkrarlamaq üçün ABŞ rəhbərliyi əlindən gələni əsirgəməyəcək".

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli Rusiyanın sanksiyalarla sıradan çıxarmağın çətin olduğunu qeyd etdi: “Rusiya kimi dövlətləri ancaq sanksiyalarla yıxmaq müşkül məsələdir. Praktikada bunu çox görə bilərik. Dərin tarixi dövlət ənənələrinə söykənən ölkələri ancaq sanksiyalarla yıxmaq çətin məsələdir. Yıpratmaq olar, amma yıxmaq üçün başqa vasitələrə də əl atmalısan. Misal üçün ölkə daxilində milli və dini zəmində münaqişələr düzənləmək olar. Məsələn, SSRİ-dəki kimi. Sanksiyaların miqyası və genişliyindən çox şey asılı olacaq. ABŞ Rusiyanın dağılmasını istəyirsə, SSRİ ssenarisi ilə gedib ölkə daxili milli və dini zəmində münaqişələr qurmalı, idarə etməli, təkan verməli, zəmin yaratmalıdır. Sanksiyalar, iqtisadi böhran, sosial etirazlarla bərabər milli muxtar respublikalarda münaqişə ocaqları, azadlıq uğrunda hərəkatlar qurulmalıdır. Bütün bunlar paralel getməlidir.

Əks halda Putin rejimi də, rus dövləti də bütün sanksiyalara rəğmən ayaqda qalacaq. Bu sanksiyalar yuxarıda qeyd etdiyim planda getsə, dünya və regiona yeni müstəqil dövlətlər vəd edir, rus imperializminin tarixi çöküşünü gətirir. Mən yenə də o fikirdə qalıram. Ən azı başda Fransa və Almaniya olmaqla, Avropa Birliyi Rusiya və İranın dağılmasını istəmir. İran Qərbə əsrlərdir ki, islam dünyasında ”parçala hökm et" siyasəti üçün lazımdır. ABŞ və Avropada SSRİ kimi Rusiya Federasiyasının da dağılmasından ehtiyat edən qüvvələr var. Amma necə deyərlər, olacağa çarə yoxdur. SSRİ necə dağıldısa, Rusiya da dağılacaq. Bu yalnız zaman məsələsidir"./musavat