Abel Məhərrəmovun daha bir adamı haqda ŞOK FAKTLAR – Məlahət Qurbanova nə üçün BDU-nun “qara kassası” adlandırılır...

Baxış sayı:
23041

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə istefaya göndərildikdən sonra BDU rəhbərliyində təmsil olunan bəzi şəxslərin ciddi narahat olduğu haqda məlumat vermişdik. Qeyd etmişdik ki, bu səbəbdən də keçmiş rektora yaxın olan bu şəxslər istefaya getmək niyyətindədir. Muxalifet.az rektorun vəzifədən azad olunmasından cəmi bir gün sonra mötəbər mənbələrə istinadən xəbər vermişdi ki, BDU-nu könüllü olaraq tərk etmək istəyənlərdən biri kimi A.Məhərrəmovun universitetdəki ən yaxın adamlarından olan İsmayıl Əliyevin adı çəklilir. Yazmışdıq ki, A.Məhərrəmovun dönəmində çoxsaylı qanunsuzluğa yol vermiş şəxslər hazırda “sudan quru çıxmağın” yollarını axtarırlar. Bu səbəbdən həmin şəxslərin bəziləri könüllü olaraq istefaya getməklə, özlərini gələcək təhlükələrdən sığortalamağa çalışırlar. Təsadüfi deyil ki, mətbuatda daha sonra A.Məhərrəmovun növbəti yaxın adamı - BDU-nun İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlının da istefa verməyə hazırlaşdığı haqda informasiyalar yayıldı. O da iddia olundu ki, N.Ramazanlını A.Məhərrəmovla rektor-prorektor münasibətlərindən başqa, şəxsi biznes maraqları da birləşdirib. Yəni o, BDU-da çalışdığı illər ərzində bir yerli kimi rektorun inamını qazandığından, hazırda demək olar ki, A.Məhərrəmovun bütün biznes şəbəkəsinə, xüsusən də tikinti və təchizat işlərinə rəhbərlik edir. Muxalifet.az-a daxil olan başqa bir məlumata görə, bu aralar A.Məhərrəmovun daha bir kadrı - BDU-nun Tədris Departamentinin rəhbəri, professor Məlahət Qurbanova da çox ciddi narahatdır. Çünki universitetdə yoxlama aparılarsa, xanım professorun da “başı ağrıyacağı” şübhəsizdir. Bu haqda az sonra. Hələlik isə dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, BDU-nun təkcə Hüquq fakültəsində ümumilikdə 1400 nəfərə yaxın tələbə - bakalavr və magistr təhsil alır. Bakalavriaturanın hər kursunda Azərbaycan bölməsi üzrə 9, rus və ingilis bölmələrinin hər birində isə 1 qrup (hərəsində ən çoxu 30 nəfər) mövcuddur. Magistraturanın hər kursu üzrə Azərbaycan bölməsində 28, rus bölməsində 6, ingilis bölməsində isə 40 nəfər təhsil alır. Mənbə deyir ki, Hüquq fakültəsində imtahan sessiyasında rüşvət məsələləri əsasən bakalavr tələbələr arasında baş verir. Məlumata əsasən, imtahanda iştirak edən tələbələrin təxminən 50 faizi qeyri-kafi qiymətlər alır. Həmin tələbələrə də sessiyanı məqbul qiymətlərlə başa vurmaq üçün ən azı 6 min manat pul lazım olur. İddia olunur ki, BDU-da imtahan sessiyasına nəzarəti Tədris Departamentinin rəhbəri, professor Məlahət Qurbanova həyata keçirir. Hansı ki, universitet üzrə imtahan sessiyası ilə bağlı bütün məlumatlar, eləcə də rəhbərlik tərəfindən verilən tapşırıqlar məhz M.Qurbanovada cəmləşir. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, digər universitetlərdən fərqli olaraq BDU-da dekanların heç biri sərbəst olaraq tələbələrin imtahan problemlərini həll edə bilmirlər. Çünki rektor tərəfindən onlara belə bir səlahiyyət verilməyib. Mənbənin sözlərinə görə, BDU-da yekun dövlət imthanalarına nəzarəti də Tədris Departamenti həyata keçirir. Əksər ali təhsil ocaqlarında olduğu kimi, BDU-da da dövlət imtahanlarını vermək istəyən tələbələrə 3 dəfə şans verilir. Öz savadı ilə qiymət alan tələbələrin böyük əksəriyyəti 1-ci və 2-ci cəhddə imtahandan məqbul qiymətlər alırlar. Digər tələbələrin yolu isə mütləq Tədris Departamentindən keçməli olur... Maraqlıdır ki, BDU-da dövlət imtahanında qiymət almaq üçün fakültələrin böyük əksəriyyətində 4-5 min manat, Hüquq fakültəsində isə nə az, nə çox 10 min manat pul tələb olunur. Təbii ki, bu hal kütləvi şəkildə olmur. Bu prosesə müəyyən fakültələrdə dekanlar, ümumilikdə isə rektorun müşaviri İsmayıl Əliyev, Tədris Departamentinin rəhbəri Məlahət Qurbanova və rektora yaxın digər şəxslər rəhbərlik ediblər. Amma, qeyd etdiyimiz kimi, bütün hallarda neqativ yolla qiymət almalı olan tələbələrin ümumi siyahısı BDU-nun “qara kassası” kimi tanınan Məlahət Qurbanovada olur. Mənbə hesab edir ki, yuxarıda sadalanan və digər bir çox səbəblərdən BDU-da əsaslı yoxlamaların aparılmasından narahat olan şəxslərdən biri də Məlahət Qurbanovadır. Odur ki, bu xanım da “sudan quru çıxmaq üçün” hər an istefa verməyə hazır olduğu vurğulanır... Muxalifet.az