75 konqresmendən Azərbaycana qarşı erməni təxribatı - Bakıdan SƏRT REAKSİYA

Baxış sayı:
1912

ABŞ-ın Ermənistana 100, separatçı rejimə 1.5 milyon dollar yardım göstərməsi xahiş olunur; politoloqlar təxribatı önləməyin yolunu göstərdilər...
 
75 amerikalı konqresmen ABŞ Konqresinin Xarici Əməliyyatlar üzrə Komitəsinə Ermənistana 100, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimə isə 1,5 milyon dolların maddi yardım olaraq təklif edilməsi ilə bağlı məktub göndərib. “Yeni Müsavat”ın məlumatına görə, məktubda Qarabağın minalardan təmizlənmə proqramlarına və mina qurbanlarına yardım üçün 1,5 milyon dollar ayrılmalı olduğu vurğulanıb.
 
Ermənistan üçün nəzərdə tutulan 100 milyon dollar isə təklifə uyğun olaraq, iqtisadiyyatın dəstəklənməsinə, qanunun aliliyi və təhlükəsizliyin təmin edilməsinə yönəldilməlidir. ABŞ-dakı erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Komitəsinə (ANCA) yaxınlığı ilə seçilən konqresmenlər Azərbaycana hərbi yardımı dayandırmağa da çağırış edib.
 
Zaman-zaman ABŞ Konqresində Azərbaycana qarşı çıxışların olduğunu nəzərə alsaq, bu təklifin də ölkəmizə qarşı növbəti təxribat cəhdlərindən biri olduğuna şübhə yoxdur. Təsadüfi deyil ki, 75 konqresmen Konqresə ünvanladığı həmin məktubun bir nüsxəsini də ANCA-ya təqdim edib.
 
2018-ci ildə Konqresin Ermənistana 6,2 milyon dollar yardım edəcəyi  gözlənilirdi. Lakin olmadı. 2017-ci ildə ABŞ tərəfindən Ermənistana edilən maddi yardım 2016-ci ilə nisbətən 3 dəfə azalmışdı.
 
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, işğalçıya mina təmizləmə proqramları üçün maddi yardım ayırmaq yalnız gülüş doğura bilər. Onun fikrincə, işğal edilmiş ərazilərimizdə mina təmizlənməsi işləri başa çatıb və əlavə xərclərə ehtiyac qalmayıb.
 
“Ermənistana bunun üçün 100 milyon ayrılması təklifi absurddur. Ermənistana niyə lazım olsun ki?! Üstəlik, dəhşətli rəqəmdir. Əgər Azərbaycan diplomatiyası fəal olsa, qarşısını almaq mümkündür”, - deyə siyasi şərhçi qeyd etdi.
 
Ekspert hesab edir ki, Xarici İşlər Nazirliyi, BMT-dəki nümayəndəliyimiz və ABŞ-dakı səfirliyimiz məsələyə qarışmalıdır: “Konqresin humanitar yardım adı ilə qondarma rejimə maliyyə dəstəyi 10 milyonu keçirdi. Azərbaycanın təkidli səylərindən sonra yardımlar dayandırıldı. Çünki humanitar adı ilə ayrılan pullar hərbi xərclərə yönəldilirdi. Bu da Azərbaycanın suverenliyinə qarşı idi, beynəlxalq hüquq normalarına zidd idi. O vaxt biz buna nail olduq və deyə bilərəm ki, bu, Azərbaycan dövlətinin diplomatik uğuru sayılmalıdır. İndi yenidən fəallaşıblar. Azərbaycan Amerikada yəhudi lobbisi ilə etibarlı əlaqələr qurub. Ona görə bu istiqamətdə effektli iş görməyə qadirik. Yəhudi lobbisi gücünü ortaya qoyarsa, 75 konqresmenin məktubu kağız olaraq qala bilər. Eyni zamanda beynəlxalq mediada güclü tənqidi kampaniya təşkil edilməlidir”.
 
Politoloq Ramiyə Məmmədova isə 75 konqresmenin məktubunu Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndirdi. Onun sözlərinə görə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir ölkənin parlamentinin, yəni Konqresinin 75 üzvünün  işğal altındakı ərazilərimizdə qurulan qondarma respublikaya razılığımız olmadan yardımlar ayırmaq təşəbbüsü ilə çıxış etmələri hörmətsizlikdir. Bu separatçı qüvvələr Ermənistan silahlı qüvvələri ilə birlikdə Azərbaycan ərazilərinin işğalında rol oynayıblar. İndi düşünün ki, bu işğalçı, bu separatçı qüvvələrə yardım verilir. Rəsmi Bakı Vaşinqtona öz etirazını bildirməlidir və konqresmenlərin təklifinin reallaşmasına imkan verməməlidir. Konqres niyə bu cür yardımları Abxaziyaya, Cənubi Osetiyaya, Dnestraynı bölgəyə, oradakı separatçı qüvvələrə ayırmır? Mən hesab edirəm ki, bəli, ayrılmamalıdır. O cümlədən də Dağlıq Qarabağın separatçı rejiminə belə yardım ayrılmamalıdır. İkincisi, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytral, obyektiv, ədalətli mövqeyini qorumalıdır”.
 
R.Məmmədova 2018-ci ildə dayandırılan yardımların bərpa olunacağını gözləmir. Onun fikrincə, konqresmenlərin ermənipərəst təəssübkeşliyinə Komitənin münasibəti pozitiv olmaya bilər./“Yeni Müsavat”