​7 MİN TƏLƏBƏ PULSUZLUQDAN TƏHSİLİNİ DAVAM ETDİRƏ BİLMƏYİB

Baxış sayı:
4507

Təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbdən xaric edilənlərin ilginc statistikası, çıxış yolları

Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komitəsi də təhsil haqqını ödəmədiyinə görə ali məktəbdən xaric edilən tələbələrlə bağlı ölkə başçısı İlham Əliyevə xüsusi hesabat təqdim edib.  Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bir neçə gün əvvəl yaydığı açıqlamada bildirilirdi ki, 7 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsilini davam etdirə bilməyib. Bu statistika son 3 ili əhatə edir.
Sözügedən hesabatda təhsil haqqı probleminin həllinin vacib olduğu vurğulanır. Bu hesabat göstərir ki, dövlət qurumları da vəziyyətin acınacaqlı olmasının fərqindədir. Amma dollarla götürülən kreditlərdə heç bir güzəştə getməyən hökumətin tələbələrin təhsil haqqı məsələsində hansısa güzəştə gedəcəyi inandırıcı görünmür.
“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə 1992-2014-cü illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861767 nəfər, o cümlədən 550723 nəfər bakalavriat, 40026 nəfər magistratura səviyyəsi üzrə, 166678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, 8 oktyabr 2014-cü il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə daxil edilmiş məlumatların ümumi statistikasına əsasən, ölkədə 4700 əcnəbi və vətəndaşlığı olmayan tələbə, əlavə təhsil almaq istəyən 3506 şəxs ali məktəblərə qəbul olub. Bu müddətdə təhsil müəssisəsinin öz qəbulunun sayı 7122-dir. 22 il ərzində xarici təhsil müəssisələrindən 9115, ölkədaxili 5655 köçürmələr həyata keçirilib. Bundan əlavə, 7943 ixtisas dəyişmələri, 1463 ixtisas dəyişməklə ölkədaxili köçürülmələr, 4178 təhsilalama forması dəyişmələri, 648 təhsilalma forması dəyişməklə ölkədaxili köçürmələri icra olunub. Dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ixtisas dəyişmələrinin sayı 30, dövlət hesablı təhsildən ödənişli əsaslarla təhsilə keçməklə ölkədaxili köçürmələrin sayı 23, akademik borca görə xaric edilmələrin sayı 6098, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar xaric edilmələr sayı 5121, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilmələrin sayı 13307, təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilmələrin sayı 4689 olub.

Kimlər təhsil haqqından azaddır?

Təhsil haqqını ödəməkdən azad olanların siyahısını təqdim edirik:
2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.
“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.
Şəhid ailəsi statusunu almış ailənin üzvü.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).
2014/2015-ci tədris ilindən etibarən:
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.
2013/2014-ci tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

“Tələbələrin 70 faizi orta hesabla 2000 manat təhsil haqqı ödəyir”

Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilir. Bunu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji, Neft və Sənaye, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat, Bakı Slavyan, Gəncə və Sumqayıt Dövlət universitetlərinin təsis etdiyi “Maarifçi” Tələbə Kredit Fondu reallaşdırır. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər: “Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır. Danılmaz faktdır ki, hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var. Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil”.
Kamran Əsədov: “Bu sahəyə iri şirkətlər, özəl sektorun nümayəndələri də qoşulmalıdır”
Müsahibimiz qeyd etdi ki, məhz bu səbəbdən son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib. Ekspertin xatırlatmasına görə, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi üçün 2015-ci ildə “Maarifçi” Kredit Fondu yaradılıb. Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir: “Ona görə də hesab edirəm ki, bu sahəyə iri şirkətlər, özəl sektorun nümayəndələri də qoşulmalıdır və özləri üçün lazım olan kadr potensialının gücləndirilməsində maraqlı mövqelərini ortaya qoymalıdırlar. Xoşagəlməz tendensiya ondan ibarətdir ki, ali məktəblərin birinci kursuna daxil olmuş şəxslərdən universitetin təhsil haqqı tam şəkildə tələb olunur. Bu da tələbələrin təhsil almasına mane olur”.

Bakıda pullu oxumaqdansa, Avropada pulsuz təhsil seçimləri...

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur. Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələr isə təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı olan tələbələr də təhsil haqqı ödəmir. 14 yaşınadək övladı olanlar, çoxuşaqlı ailələrin uşaqları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azaddır. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar belə, təhsil haqqından azaddır. Həmçinin tələbələrə kreditlə təhsil almaq imkanı verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.
Fransada təhsil sisteminə dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta nüfuzlu Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.
Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr arasında Norveç və Finlandiyanı da göstərmək olar. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc isə 500-900 avro həcmində qiymətləndirilir. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin edilir.
Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.
Ali təhsili pulsuz olan ölkələr arasında həmçinin İsveç, Danimarka və Çexiyanı göstərmək olar. Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Amerika təhsil xərclərini azaldır, Hollandiya konkret şərtlər qoyur

ABŞ-da ali təhsil pulludur. Ancaq minimum əmək haqqı 4 min dollar olan bu ölkədə təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən istifadə edə bilər. Həmçinin hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ əldə edir. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.
Hollandiyada təhsil müəssisələrinin 70 faizi özəl, 30 faizi dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramları üzərində nəzarəti həyata keçirir. Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi mütəmadi olaraq ölkənin təhsil sisteminin monitorinqini aparır və standartları müəyyən edir. Bu isə öz növbəsində bütün məktəb və universitetlərdə təhsilin yüksək səviyyədə aparılmasını təmin edir.
Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin ali təhsil müəssisələri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Onların böyük əksəriyyəti bakalavr və magistr proqramları, qalanları isə qısamüddətli kurslar və ixtisasartırma proqramlarından ibarətdir.
Ölkənin ilk ali təhsil müəssisəsi olan Leyden Universiteti 1575-ci ildə yaradılıb. Hollandiyanın 14 dövlət universitetinin 10-u “Times Higher Education World University Rankings”in hesabatında dünyanın ən nüfuzlu 200 universiteti arasında qərarlaşır.
Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir. Ölkədə fəaliyyət göstərən 11 Beynəlxalq Təhsil İnstitutu digər ali təhsil müəssisələrindən fərqli olaraq, yalnız bakalavr proqramları təklif edir. Hər il bu institutlara təxminən 13 min əcnəbi tələbə qəbul olur. Bu təhsil ocaqlarında təhsil müddəti 18 ay davam edir.
Hazırda Hollandiyada dövlət tərəfindən tanınmış 14 klassik universitet fəaliyyət göstərir. Onlardan üçü (Delft, Tvent və Eyndhofen universitetləri) texniki ali təhsil müəssisələridir. Bundan əlavə, ölkə ərazisində 42 ali peşə təhsili universiteti mövcuddur. Universitetlər əsasən tələbələrin (6 mindən 30 minədək) sayına görə fərqlənir. Ümumilikdə Hollandiya ali təhsil müəssisələrinə ildə təxminən 185 min tələbə qəbul olunur.
Onu da qeyd edək ki, digər ölkələrdən fərqli olaraq, Hollandiyada nüfuzlu universitet anlayışı yoxdur. Ölkənin bütün universitetlərinin diplomu eyni dəyərə malikdir və digər ölkələr tərəfindən qəbul edilir. Bu səbəbdən də universitetlər məşhurluğuna görə deyil, tələbənin yiyələnmək istədiyi ixtisasa uyğun olaraq seçilir.