​5 ölkə işğal üçün uyğun vaxtı gözləyir – Kəşfiyyat şefi

Baxış sayı:
5932

Beş ölkənin ordusu Sudanın paytaxtı Xartuma hərəkət etmək üçün lazımı vaxtı gözləyir.
Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Sudanın kəşfiyyat şefi Salah Abdullah Quş bildirib.
“Sudanda özlərinə müqavimət göstərəcək kimsənin qalmaması üçün xaos, qarət və ölüm hadisələri ilə ölkəni məşğul edən 5 ordu Xartuma doğru irəliləmək üçün uyğun vaxtın gəlməsini gözləyir”, - o, Sudan Təhlükəsizlik Təşkilatının 42-ci məzuniyyət mərasimində çıxışında deyib.
Lakin o, sözügedən 5 ölkənin adını çəkməyib.
Ölkədəki solçuların və üsyançı hərəkatların iqtidarı ələ keçirməyə çalışdıqlarını söyləyən kəşfiyyat şefi ölkədəki bəzi siyasi qüvvələrin maraqlarının xarici güclərlə əlaqəli olduğunu vurğulayıb.
Qeyd edək ki, dekabrın 19-da hökumətin çörəyin qiymətini qaldırmasından Nil çayı sahilindəki Atbera və Port Sudan şəhərlərində başlayan etiraz aksiyaları qısa müddətdə bir çox əyalətdə hakimiyyət əleyhinə nümayişlərə çevrilib.