​25 il iş stajı olmayan Xəqani Umudov necə fəxri ad alıb? - Gəncə Dövlət Universitetinin İDMAN MÜƏLLİMLƏRİ ETİRAZ EDİR – Müraciət

Baxış sayı:
6091

Gəncə Dövlət Universitetinin "Bədən tərbiyəsi və idman" kafedrasının müəllimləri adından Ayət Rüstəm oğlu Rüstəmzadənin Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Gənclər və idman naziri Azad Rəhimova, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova müraciət edən şikayətçilər yazır:
“Cənab  Prezident!
Sizə ünvanlanmış müraciətimizdən sonra Gəncə Dövlət Universitetinin rektorunun göstərişi  ilə GDU rektorunun müşaviri Asif  Cavadov bizim fakültəyə gələrək  iclas keçirdi. Həmin iclasda Asif Cavadov və fakültəmizin dekanı Bayram Apoyev  GDU rektorunun adından hamıya hədə-qorxu gələrək, məcburi şəkildə imza  etdirdi ki, guya bizim Sizə ünvanladığımız müraciət şər və böhtandan ibarətdir.
Cənab Prezident!
İcazənizlə, bir daha Sizə bildirmək  istəyirik  ki, Gəncə Dövlət Universitetində  "Azərbaycan  Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman  İşçisi" fəxri  adı  haqqında  əsasnamənin tələbləri tamamilə pozulmuşdur. Bu əsasnaməyə görə, qeyd olunan  fəxri  ad  bədən  tərbiyəsi  və idman  sahəsində  ən  azı  25  illik  fasiləsiz  iş  stajı  olan  mütəxəssislərə verilir.
Gəncə  Dövlət  Universitetinin  İdman  klubunun  sədri  Xaqani  Umudov  isə 1982-ci ildə  anadan  olub, 35 yaşı  vardır. Göründüyü  kimi, onun  bu  qədər  iş stajı  yoxdur  və  əsasnamədə  qeyd  olunan  göstəricilərdən  tamamilə uzaqdır. Amma  buna  baxmayaraq  o, Gəncə  Dövlət  Universiteti  rəhbərliyinin  verdiyi  saxta  sənədlər  əsasında   bu  fəxri  ada  sahib  olmuşdur. Bu  fəxri  ad  Azərbaycan Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin  Kollegiyasının  qərarına  əsasən verilir. Aydındır  ki, Xaqani Umudov   saxta  sənədlərlə  nazirliyi   aldatmış  və  özünə həmin fəxri adın verilməsinə nail olmuşdur.
Maraqlıdır, 25 il iş stajı olmayan şəxsə GDU rəhbərliyi necə saxta sənəd verir?
Aldığımız digər dəqiq məlumata görə, saxta sənədlər olmasına baxmayaraq, Xaqani Umudovu  idman nazirliyinin  sektor müdiri Məmmədov Aydın Ağaəli oğlu himayə edir.
Bundan  başqa  hal-hazırda  respublikanın  ali məktəblərinin  heç  birində idman  klubu  yoxdur. Bu  klublar  universitetlərdə  olan  İdman  kafedrasının tərkibinə verilmişdir. Amma nədənsə  Gəncə Dövlət Universitetində qeyri-qanuni olaraq bu klub ayrıca departament kimi fəaliyyət  göstərir və xeyli miqdarda  işçisi vardır. Ali  və orta ixtisas təhsilli məktəbləri idman  klublarının əsasnaməsinə  görə, bu  klubun  gəlirləri  özünümaliyyələşdirmə  prinsipi  ilə işləyən idman  bölmələrindən  və  qruplarından  əldə  edilən  gəlirlər  hesabına əldə  edilir. Amma  Gəncə Dövlət Universitetində bu klub  universitetin büdcəsi  üzərində  oturub, klubun  bütün işçilərinə  universitetin  büdcəsindən maaş  verilir. Halbuki, əslində  klub  universitetdə   yerləşdiyi  və  universitetin əmlakından  istifadə  etdiyi  üçün  kirayə  pulu  ödəməlidir.
Xaqani  Umudov  20-25 nəfər  idmançı  tələbənin  siyahısını  tutur, bu  tələbələr  dərsdə  iştirak  etmir, digər tərəfdən  bu tələbələrin  imtahan  qiymətləri  rektorun   göstərişinə   görə yazılır, amma  Xaqani  Umudov  bu  tələbələrin hər birindən  imtahana  görə bir semestrdə 250-300 manat  rüşvət  alır.
Xaqani Umudov universitetin daxilində fitnes zalı açmışdır, şəhərin müxtəlif qadınları bu zalın xidmətindən istifadə etsə də, universitet tələbələri və işçiləri bu zala buraxılmırlar. Bir sözlə, Xəqani Umudov universitetin əmlakını qazanc məqsədi ilə istifadə edir.
Kafedrada  ömrünü  gününü  idman  sahəsində  çürüdən  adamların olmasına  baxmayaraq, bu fəxri ad 25 il iş stajı olmadığı halda , əsasnamənin  tələbləri kobud şəkildə pozulmaqla saxta sənədlər əsasında Xaqani Umudova verilmişdir. Həmin fəxri ad Azərbaycan  Respublikasının  Gənclər  və  İdman  Nazirliyinin kollegiyası  tərəfindən  ləğv  edilə  bilər. Bu  barədə  müvafiq  tədbir  görməyinizi  Sizdən xahiş edirik”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.