​20 yanvar xatirəsi: Fotoaparatı Sovet əsgərinə tuşlayanda...

Baxış sayı:
2521

Tbilisidə, Gürcüstanın Milli Parlament Kitabxanasında bu ölkənin əməkdar jurnalisti, 27 ildir "Assoşeyited Press" agentliyinin Qafqaz üzrə fotomüxbiri olan Şahvələd Eyvazovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi keçirilib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, müharibə veteranı olan Ş.Eyvazov Osetiya, Abxaziya, Çeçenistan, Qarabağ münaqişələrinə də fotoaparatı ilə şahidlik edib. Təcrübəli fotoqrafın qanlı gecədən sonra Bakıda həyatı bahasına lentə aldığı 400-dən çox fotoşəkli Azərbaycan xalqının müstəqillik yolunda yaşadığı ən qanlı-qadalı tarixi səhifəni canlandırır. Həmin fotoşəkillər bir neçə aparıcı xarici KİV-də işıq üzü görüb, dünya və Gürcüstan ictimaiyyətinin 20 Yanvar qətliamı barədə məlumatlandırılmasında xüsusi rol oynayıb. Ş.Eyvazovun fotoşəkilləri həm də Gürcüstanın Milli Arxivi və Gürcüstanın Milli Parlament Kitabxanasının fotoarxivində da saxlanılır.
29 il əvvəl yaşanan faciəvi günlərə qayıtmaq, xatirələri yada salmaq çətin olsa da, tanınmış soydaşımız Qara Yanvarda Bakıda gördükləri, yaşadıqları və kamerasının lentinə köçürdüyü ağrılı-acılı günlərlə bağlı xatirələrini bölüşüb.
- Şahvələd müəllim, necə oldu ki, 1990-cı ilin Qanlı Yanvar hadisələrində Bakıda oldunuz?
- Yanvarın 20-də mən o zamankı “Sovet Gürcüstanı” qəzetinin baş redaktoru İslam Əliyevlə Abxaziyada idim. Gecə saatlarında Bakıda qanlı hadisənin törədildiyi barədə məlumat aldıq. Yerimizdə qala bilmədik… Taksi çağırdıq… Yanvarın 21-də axşamüstü artıq Bakıda idim. Həmin gün çəkiliş aparmaq qeyri-mümkün idi. Bir həftə qaldım. Həmin vaxtlar həm “Qruzinform” agentliyinin xüsusi müxbiri idim, həm də "Assoşeyited Pres" ştatdankənar əməkdaşı kimi fəaliyyət göstərirdim.
Fotoşəkillərin çoxunu binaların pəncərələrindən lentə almışam. Yaxınlıqda olanlardan xahiş edirdim ki, pərdəni azacıq aralasınlar... Bakının hansısa rayonu idi, xalq sovet əsgərlərinə etiraz edirdi, hətta tərəflər arasında kiçik qarşıdurma da yaşandı. O zaman bir neçə kadr çəkdim. Amma sovet ordusunun əsgərləri fotoaparatı əlimdən aldılar.
- O günün Bakısı yaddaşınızda necə qalıb?
- Şəhərə çıxmaq təhlükəli idi. İnsanların üzərində dərin kədər və qəzəb hissi var idi... Bütün Bakıya dərin kədər çökmüşdü... Bir çoxları mənim foto çəkdiyimi heç görmürdü... Bəziləri isə çəkməməyimi xahiş edirdilər... Mən bir çox məqamları lentə almaqda özümdə güc tapmırdm...
- Sovet ordusu əsgərləri sizə işinizdə hər hansı bir maneə yaradırdımı?
- Fotoaparatı onlara tuşlayanda qəzəblənirdilər, hətta avtomata da əl atırdılar. Əsgərlərə rusca “TASS”-dan (Sovet İttifaqının Teleqraf Agentliyi – red.) olduğumu deyirdim. Onlar da “O, bizimkidir” («Он наш») qışqırıb, çəkilişə bir növ icazə verirdilər. Əsgərlərin çoxu onları çəkməyimdən xəbərsiz idi.
- O zamankı çətinlikləri və şəraiti nəzərə alaraq, fotoşəkilləri KİV-də necə işıqlandıra bildiniz?
- Fotoşəkilləri Gürcüstana dərhal göndərmək mümkün olmadı. O zaman indiki kimi nə internet, nə də mobil telefon var idi. Üç gündən sonra Bakıdan bir tanışımla plyonkaları banderol adı ilə Tiflisə yolladım. Fotoşəkillərin hamısının işıq üzü görməsinə imkan verilmədi. Əksəriyyəti "Assoşeyited Press"lə yanaşı, digər xarici mətbuatda da yayıldı. Lakin sovet rejiminin mövcud olduğu ölkələrdə fotoların hamısının dərc olunmasına icazə verilmədi.