"20 Yanvar faciəsinin baş verəcəyi əvvəlcədən bəlli idi” – İXTİYAR ŞİRİN

Baxış sayı:
1003

Keçmiş baş prokuror İxtiyar Şirin hesab edir ki, 20 Yanvar faciəsinin baş verəcəyi əvvəlcədən bəlli idi. Muxalifet.az xəbər verir ki, onun fikrincə, sadəcə dövlət rəsmiləri öz səlahiyyətlərini yerinə yetirmədikləri üçün bu qətliam qaçılmaz oldu: 
“1990-cı ildə mən Bakı şəhəri Qaradağ rayonunun prokuroru oldğum üçün baş verən hadisələr barədə məlumatlı idim. Artıq sovet qoşunlarının Bakıya, başqa şəhər və rayonlarımıza yeridiləcəyi məlum idi. Həmin gün axşam ordunun müxtəlif istiqamətlərdən Bakıya doğru irəlilədiyi barədə polis postlarından məlumatlar gəlməyə başladı. Rus tankları və zirehli maşınlar, rusların canlı qüvvələrini daşıyan maşınlardakı əsgərlər yol boyu qarşılarına çıxan bütün avtomaşınlara, yollarda onların qarşısını kəsməyə çalışan insanlara heç bir xəbərdarlıq etmədən atəş açırdılar. Mən Qaradağ rayon sovetinin icraiyyə komitəsinin sədri, rayonumuzun hörmətli ağsaqqallarından biri Atakişi Quliyevlə birlikdə Qaradağ rayonunda yollarda qurulmuş barrikadalardakı əliyalın adamları ölümdən xilas etmək üçün bu barrikadaların hamısına getdik. Ordakı insanlara rus əsgərlərinin yol boyu törətdikləri cinayətlər barədə məlumat verib, bu barrikadaları boşaltdıq. Bir qədər sonra yüksək sürətlə irəliləyən tanklar, başqa zirehli texnika və əsgər daşıyan maşınlar sürətlə Sahil və Lökbatan qəsəbələrindən keçib şəhərə doğru getməyə başladı. Qaradağ rayonunda barrikadalardakı yüzlərlə sakinlərimiz bizə inanıb yollardan çəkildiklərinə görə öldürülmədilər. Lakin işğalçılar bizim əlimizin çatmadığı yerlərdə - Ələt qəsəbəsində və “Qurd Qapısı” yolunda insanlara atəş açdılar və iki nəfəri qətlə yetirdilər.
20 yanvar 1990-cı il tarixində səhər tezdən həmin qətl hadisələri ilə bağlı rus sovet ordusuna qarşı cinayət işi qaldırıb, istintaq aparmağa başladım. Mən və rayonun prokurorluq işçiləri, polis rəisi Baba müəllim və polis əməkdaşları, rayon soveti icraiyyə komitəsinin sədri Atakişi müəllim həmin gecəni səhərə qədər rayonu gəzib, insanlarımızı təhlükəli yerlərdən uzaqlaşdırır, onların qətl edilməsinin qarşısını alırdıq. Biz insanlarımızın həyatının qorunması üçün üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırdıq. Məncə, həmin gecə dövlət işində olan adamların görməli olduğu əsas iş də bu olmalı idi. Vətəndaşlarımızın həyatını qorumaq, onları sağ-salamaq ailəsinə çatdırmaq ən vacib məsələ idi. İki nəfər sakinimizi isə qoruya bilmədiyimizə görə bu gün də təəssüf hissi keçirirəm. Allah şəhidlərimizə rəhmət eləsin”.
 
Muxalifet.az
 
Redaksiyadan: 20 Yanvar faciəsi ilə bağlı keçmiş baş prokurorun geniş müsahibəsini sabah saytımızda oxuya bilərsiniz.