17 il həbsdə yatan terrorçunu Paşinyan aeroportda qarşıladı - ASALA-nın TÖRƏTDİYİ QANLI OLAY

Baxış sayı:
2780

İstintaq zamanı hava limanında partlayış törətdiyini etiraf etsə də, hadisənin bütün təffərrüatlarını incəliklərinə qədər açıqlasa da, Varujan Karapetyan günlərlə davam edən məhkəmədə bir kəlmə də olsa ifadə verməyib. ASALA-nın ən fəal üzvlərindən biri olan Karapetyan susmağı ilə ona qarşı qaldırılan ittihamlarla razılaşdığını bildirib…

Qeyd edək ki, erməni terror təşkilatı ASALA (Ermənistanın Azadlığı uğrunda gizli erməni ordusu) 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində, separatçı Fələstin dəstələrinin yardımı ilə yaradılıb.

Qurucuları Akop Akopyan və Akop Tarakçiyan olan ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. Təşkilat yeni fəaliyyətə başlayanda “Nyu-York Tayms” qəzetinə müsahibə verən Akop Akopyan ASALA-nın hədəfini belə açıqlayıb:
“Bizim düşmənimiz türk rejimi, NATO və bizimlə əməkdaşlıq etməyən ermənilərdir…”

ASALA-nın həyata keçirdiyi yüzlərlə terror aktı bütün dünyaya bəllidir. Onlardan biri də 1983-cü ildə Fransada, “Orli” aeroportunda baş verib.

Təşkilatın fəallarından biri olan Varujan Karapetyan içərisində partlayıcı maddə olan çamadanı hava limanına keçirərək Türk Hava Yollarının yüklərinin daşınma platformasına qoyub.

Sonralar istintaq zamanı Karapetyan çamadanı hava limanına özü yox, 65 dollar qarşılığında başqa bir şəxs vasitəsi ilə keçirdiyini bildirib. Terrorçunun məqsədi çamadanı Parisdən İstanbula uçan təyyarənin yük baqajına keçirmək olub.

Çamadanın içərisindəki təxminən 500 qram çəkisində olan partlayıcı digər bir erməni, Ovanes Semerçi tərəfindən hazırlanıb. Plana görə, həmin partlayıcı təyyarə göydə olarkən partlamalıymış və onun gücü təyyarəni tam sıradan çıxarmağa hesablanıb.

Bəzi versiyalara görə, çamadanın hava limanına keçirilməsinə, oradan isə təyyarənin yük baqajına yerləşdirilməsinə aeroportun təhlükəsizlik xidmətinin əməkdaşlarından iki nəfərin ermənilərlə gizli sövdələşmələri olub.

Yüklərin daşınma platformasında gecikmə olduğundan partlayış vaxtından əvvəl və əvvəlcədən planlaşdırılmış yerdə deyil, insanların sıx olduğu hava limanında baş verib. Terror aktı nəticəsində 4-ü fransız, 2-si türk, 1-i amerikalı və 1-i isveçli olmaqla, 8 nəfər həlak olub və 61 nəfər yaralanıb.

Karapetyan istintaqa verdiyi ifadələrdə bu haqda deyib:

“Çamadan Türkiyə təyyarəsinin baqajına yerləşdirilməli və o, havada olarkən partlamalı idi. Demək, biz hesablamalarımızda səhvə yol vermişdik. Digər tərəfdən yüklərin daşınmasında da gecikmə var idi. Biz bunları nəzərə almamışdıq. Məqsədimiz içərisində Türkiyənin yüksəkçinli məmurları, diplomatları, hərbçiləri olan təyyarəni məhv etmək idi…”

Hadisə baş verəndən dərhal sonra Fransa hüquq-mühafizə orqanlarının aeroport ərazisindəki keçirdikləri ilk əməliyyat tədbirləri nəticəsində 51 nəfər şübhəli şəxs saxlanılıb. Onlardan üç nəfəri, Varujan Karapetyan, Ovanes Semerçi, Nair Soner ilk dindirmə zamanı cinayətlərini etiraf ediblər.

İstintaq zamanı Varujan Karapetyana təyyarəni nəyə görə partlatmaq istədiyi haqda verilən suala o belə cavab verib:
“Hava limanındakı keçirdiyimiz “aksiya” Levon Əkməkcyanın 1982-ci ildə İstanbulda edam edilməsinə cavab məqsədi daşıyırdı…”

Xatırladaq ki, 7 avqust 1982-ci ildə Ankaranın Əsənboğa aeroportunda ASALA növbəti terror aktı həyata keçirib. Terror aktını icra edənlər Livan erməniləri Zöhrab Sarkisyan və Levon Əkməkçiyan olub. Onlar insanlarla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra, pasport nəzarəti əməkdaşlarına və reysə minmək üçün növbədə dayanan çoxsaylı sərnişinlərə avtomatdan atəş açmağa başlayıblar. İki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanıb. Cinayətkarları zərərsizləşdirərkən Zöhrab Sarkisyan aldığı güllə yarasından ölüb, Levon Əkməkçiyan isə həbs olunub. O, Türkiyə məhkəməsinin hökmü ilə 28 yanvar 1983-cü ildə Ulucanlar həbsxanasında edam edilib. Beləliklə, bir terroçu digər terroçunun “qisas”ını almaq üçün növbəti terrora əl atıb.

Fransanın Kretey şəhərində keçirilən məhkəmədə Karapetyan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Erməni “ziyalı”larının uzun-uzudı canfəşanlığından sonra 17 il Fransada həbsxanada qalan Varujan Karapetyan 2001-ci ildə azadlığa buraxılaraq Ermənistana göndərilib. Terrorçu İrəvanda “xalq qəhəmanı” kimi qarşılanıb. Ermənistanın baş naziri Karapetyan onu hava limanında şəxsən qarşılayıb və çox keçməmiş terrorçu Karapetyan mənzil və işlə təmin olunub.

Varujan Karapetyan 2019-cu ildə, 65 yaşında ürək xəstəliyindən ölüb./musavat.com