10 il əvvəl tikilən körpü uçub-dağılır – BAKIDA

Baxış sayı:
2914

Nazim Bəydəmirli: “Bunu “vəsait mənimsənilməsi projesi” adlandıra bilərik”

Azərbaycanda yol infrastrukturunun inkişafı ölkənin əsas prioritetlərindən birinə çevrilib. Bu, xüsusən də Bakı şəhərində daha çox diqqəti cəlb edir. Demək olar ki, prezdent İlham Əliyev Bakıda yol infrastrukturunun təkmilləşdirilməsi məqsədilə çoxlu sayda yol qovşaqlarının, körpülərin inşa olunması üçün sərəncama imza atıb. Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, Nəqliyyat Nazirliyinin yaxınlığında tikilmiş yol qovşağının-körpünün 2006-cı il dekabrın 22-də istifadəyə verilməsini də  ölkə başçısının Bakı şəhərinin yol infrastrukturunun təkmillərşdirilməsi məqsədilə atdığı addımlardan biri hesab etmək olar.  
Qeyd edək ki, körpünün ümumi uzunluğu 330 metr, eni 23,4 metrdir. Dördzolaqlı körpüyə giriş yolunun uzunluğu 1,2 kilometrdən çoxdur. Görülən işlərə 19,6 milyon, o cümlədən tikinti quraşdırma işlərinə 16,2 milyon manat xərclənib. Yol qovşağı Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” departamenti tərəfindən inşa olunub.
Təəssüflə qeyd etməliyik ölkə başçısı Bakı şəhərinin yol infrastrukturunun təkmillərşdirilməsi məqsədilə zaman-zaman vəsait ayırsa da, o cümlədən Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində yerləşən yol qovşağına - körpüyə ümumilikdə 19,6 milyon vəsait xərclənsə də, həmin qovşağın-körpünün inşa olunmasından qısa zaman keçməsinə baxmayaraq, indi həmin körpünün üzərində çatlar əmələ gəlib və üzərinə vurulan daş piltələr sökülməkdədir. Bunu “Hürriyyət” qəzetinin oxucusunun göndərdiyi şəkillər də sübüt edir. Halbuki, həmin körpünun istifadə müddətinin heç 12 ili də tamam deyil. Görünən odur ki, körpüyə yetərincə vəsait xərclənsə də, ya həmin körpü keyfiyyətsiz tikilib, ya da düzgün quraşdırılmayıb ki, körpünün üzərində yığılan yağış suları çatların əmələ gəlməsinə səbəb olub. Əslində, körpü üzərində ya maililik, ya da yağış sularının axması üçün hansısa bir qurğu olmalıydı ki, yağış suları da körpü üzərində belə qısa zamanda çatlar əmələ gətirməsin. Görünür, tikinti aparan şəxslər və yaxud bu işi idarə edənlər bilərəkdən bu cür addımları atıblar ki, ayrılan vəsaiti mənimsəyə bilsinlər və  eyni zamanda yenidən bərpa işləri görsünlər ki, bu da dövlət büdcəsindən ayrılmış milyonlarla vəsaitin havaya sovrulması deməkdir. Əslində, bu cür problemlər təkcə Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində yerləşən bu yol qovşağında deyil, digər yol qovşaqlarında və yaxud körpülərdə də mövcuddur. Çünki dəfələrlə yeni salınmış yolların çökməsi haqda mətbuatda gedən yazılar da bunu sübut edir. Elə ötən il “Avtovağzal”ın yaxınlığında yolun bir hissəsinin çökməsi də bu cür faktlardan biridir ki, bu da dövlət vəsaitinə mənimsənilməsini aşkar ortaya qoyur.

“Hesablama Palatası işinə ciddi yanaşmalıdır”

“Tbilisi prospekti ilə Salamzadə küçəsinin kəsişməsində, Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən körpüdə çatın əmələ gəlmə səbəbləri ilə bağlı keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli belə deyib: “Bunu bir sözlə ifadə etmək olar, korrupsiya. Təbii ki, müxtəlif korrupsiya mexanizmlərindən dövlət şirkətləri vasitəsilə tenderi udanlar yayınırlar və vəsait mənimsənilməsi ilə məşğul olurlar. Bu, təkcə yol infrastrukturuna aid olan məsələ deyil. Ümumiyyətlə, kimin əli dövlət vəsaitinə çatırsa, imkanı varsa, dövlət vəsaitini öz şəxsi vəsaiti kimi istifadə edir. Təbii ki, bu çatlar təhlükə yaradır. Əslində, körpünün istismar müddəti var. Kifayət qədər burada mənimsəmələr var, deməli, burada layihədən kənarlaşma olub. Ola bilər həm kefiyyət, həm də konstruksiya pozğunluğu olub. Onu müvafiq ekspertiza müəyyən edə bilər. O baxımdan, mən hesab edirəm ki, bütün bunlara son qoymaq üçün Milli Məclisin tabeçiliyində olan Hesablama Palatası işinə ciddi yanaşmalıdır və ayrı-ayrı bələdiyyələrdə, yerlərdə xırda yoxlamalar vasitəsilə yox, nazirliklər vasitəsilə keçirilən tenderlərin bu və ya digər formada “Satınalmalar haqqında qanun”a uyğun olaraq müəyyən etməlidir ki, bu vəsaitlər niyə yerinə çatmayıb? Niyə mənimsəmələr baş verib? Yəni bu, ciddi araşdırma mövzusudur”.

“Kifayət qədər mənimsələr olub və davam edir”

“Uzunluğu 330 metr olan körpünün kefiyyətli tikintisi üçün 19,6 milyon kifayət etmirmi” sualına N. Bəydəmirli belə cavab verdi: “ Mən onu deyə bilmərəm. Amma yol tikintisi ilə bağlı təcrübə, yəni bizim gözümüzün qarşısında baş verənlər göstərir ki, məsələn, “Koroğlu” metrosunun ətrafında olan yol qovşağına 1 milyarddan artıq vəsait xərclənib. Və yaxud yolun 1 km-ə çəkilən orta xərci təqribən 15-20 milyon dollar arasında olub. Əvvəlki illərin dolların kursu ilə nəzərdə tuturam. “Aeroport yolu” və yaxud digəri olsun, ABŞ-da olan yol çəkilişindən təqribən 4-5 dəfə bahadır. Bütün bunlar onu göstərir ki, kifayət qədər mənimsələr olub və davam edir.  Ancaq həmin körpünün texniki parametrləri mənə məlum olmadığına görə, mən onun 19, 6 milyona başa gəlməsini deyə bilmərəm”.

“Bəzilərini heç texniki sənədləri hazır olmadan vəsait ayrılıb”

N.Bəydəmirli onu da dedi ki, həmişə Heydər Əliyev prospektindən istifadə edənlər də görə bilər ki, əksər yol qovşaqları, körpülər heç də tıxacın qarşısını almağa yönəlmədi: “Bunu əslində, “vəsait mənimsənilməsi projesi” adlandıra bilərik. Bardyorlar (yolayrıcıları) qoyulub, o bardyorlar məntiqlə hərəkəti sürətləndirməli di. Ancaq mən hər gün onu müşahidə edirəm ki, ciddi tıxaclar baş verir. Çünki yol elə yerdə bardyorlar vasitəsilə tənzimlənir ki, əslində, tıxac yaradır. Bəzən süni tıxaclar yaranır. Bu, “20 yanvar” dairəsinə də, digər dairələrə də aiddir. Bu baxımdan, mən hesab edirəm ki, bunların əksəriyyəti tez bir zamandan həyata keçirilmək üçün piar xarakertli layihələr olub. Hətta mən aldığım məlumata görə, bəzilərini heç texniki sənədləri hazır olmadan vəsait ayrılıb və heç layihələri olmadan şirkətlər onları tikiblər. Əslində, söhbət orada mənimsəmələrdən gedir. Daha tez mənimsəmək, daha tez həyata keçirmək, daha tez öz işini qabardıb göstərmək, yəni “inkişaf” sürətini göstərmək üçün bu layihələr həyata keçirilib. Adamda belə təssürat yaranır. Çünki biz xaricdə də körpüləri görürük, bir-birinə bənzəmir. Bizdə körüplərin eləsi var ki, məsələn, “Xalqlar dostluğu”nda olan, demək olar hamısı bir-birinə bənzəyir. Elə bil ki, tez bir zamanda həyata keçirmək və pulun mənimsənilməsi üçün bir mexanizm olub. O cümlədən sizin adını çəkidiyiniz körpü də belə layihələrdən biri ola bilər”.

Şamo EMİN