YA ANTİMİLLİ SİYASƏT DƏYİŞMƏLİDİR, YA DA HAKİMİYYƏT...

Baxış sayı:
3949

19 oktyabr etiraz aksiyası iqtidarın uzun illərdən bəri sərbəst toplaşmaq azadlığına qoyduğu süni qadağaları sındırdı və bu aksiya öz xalqından aralı düşən rejimin iç üzünü açıb ortaya qoydu.
Sözdə insan hüquq və azadlıqlarının təməl prinsiplərinin qorunmasını elan edən rejim bu aksiya zamanı minlərlə etirazçının müqavimətini qırmaq üçün amansız şiddətə, görünməyən zorakılığa, adekvat olmayan gücə əl atmaqla dünyanı aldatmağa hesablanmış bəyanatlarında qeyri-səmimi olduqlarını bir daha göstərdi.
Hakimiyyət Milli Şuranın nəzərdə tutduğu yerlərdə mitinq keçirməklə bağlı müraciətini təmin etmək əvəzinə aksiyanın əlçatmaz, əlverişsiz və ucqar bir yerdə keçirilməsinə razılıq verdiyini bəyan etdi.
Əslində bu razılıq aksiyanın baş tutmamasına hesablanmış addım idi və bu taktika etiraz aksiyalarının möhtəşəmliyindən əndişə duyan hakimiyyətin uzun illərdən bəri tətbiq ediyi metod idi. Buna baxmayaraq aksiya təşkilatçıları aksiyanın mərkəzi küçələrində keçirilməsində israr göstərdi və narazı elektoratı öz haqları uğrunda mübarizəyə səslədi. Normalda hakimiyyətin görəvi, baş tutan aksiyada vətəndaşların təhlükəsizliyini, asayişin qorunmasını təmin etmək olduğu halda polis dəstələri və onlara yardımçı olan təlimatlandırılmış mülki şəxslər tez bir zamanda aksiya iştirakçıları olan bizlərə, aksiyanı müşahidə edən adi vətəndaşlara divan tutmağa, onları ən vəhşi üsullarla əzməyə başladı.
Mitinqi izləyən jurnalistlərin etdiyi video çəkilişlər polislərin hansı qəddarlıqla öz millətinə qarşı tətbiq etdiyi zorakılığı tam çılpaqlığı ilə əks etdirdi. Aksiya iştirakçıları polislər tərəfindən vəhşicəsinə qamarlanıb yerlərdə sürütdürülərək aparılması, xüsusi zirehli maşında onların vəhşicəsinə döyülməsi, sonradan polis bölməsində işgəncələrə məruz qoyulması millətə demokratiya dərsi keçən rəsmilərin işdə nə qədər antidemokratik, anti-insani olduğunu təsdiq etdi. Bu zorakı rəftar hətta biz qadınlara, azyaşlı gənclərə, ahıl insanlara da eyni qaydada tətbiq edildi və yüzlərlə insan polis orqanlarına aparılaraq onlara olmazın işgəncələr verilmişdi. Hətta qadın olmağımıza baxmayaraq siyasi baxışlarımıza görə həbsə atıldıq.
Bəs hakimiyyəti bu qədər qorxuya salan fakt nə ilə bağlıdır. Axı demokratik bir ölkədə narazı elektoratın mitinq, piket keçirməsi, hakimiyyətin yeritdiyi yanlış siyasətə qarşı şüarlar səsləndirməsi normalda bu qədər təpki ilə qarşılanmamalıdır. Əgər onlar doğrudan da etiraz aksiyalarının keçirliməsindən və özlərini dediyi kimi guya bu mitinqlərin hazırkı şəraitdə xarici düşmənlərin əlinə işləməsi faktından bu qədər narahatdırsa nə üçün əsaslı sosial, iqtisadi islahatlar, siyasi rejimin dəyişilməsi istiqamətində real addımlar atmaq istəmir. Nə üçün dövləti içdən sarsıdan, onun varlığını təhdid altında saxlayan korrupsiya və rüşvətxorluğa son qoyulmur?
Məgər illərlə xalqın qanını soran, milli sərvətini talayan məmurların, nazirlərin orden medallarla yola salınması, əvəzində daha enerjili mənfi məmur tiplərinin gətilməsi kadr islahatımıdır? Aksiya iştirakçılarının irəli sürdüyü tələblər hakmiyyətin sonu görünməyən üzücü siyasətinin aradan qaldırılmasıdır. Zəngin sərvətli bir ölkənin vətəndaşları zəngin yaşamağa haqlı isə, bu haqların onların əlindən alınması səssiz qarşılanmamalıdır. Vətəndaş bu və ya digər formada öz hakimiyyətində fəal iştirak etmək istəyir. Təkcə YAP-dan yoğrulmuş bir hakimiyyət başqa siyasi yönümlü, müstəqil düşüncəli insanların bu hakimiyyətdə təmsil olunmasına əlbəttə, imkan verməyəcək. Məgər milyonlarla insanın uzaq və yaxın xarici ölkələrə mühacirət etməsi, yerdə qalanların öz vətənində aclıq, səfalət, işsizlik, sosial gərginlik içində yaşaması hakimiyyətin anti-milli siyasətindən xəbər vermirmi?
Söz, fikir azadlığı, özünü ifadə, sərbəst toplaşmaq azadlığı fundamental insan haqlarına daxil olmuş hüquqlardır və bu hüquqlardan insanların açıq-aşkar məhrum edilməsi onlara mənfur hakimiyyətə tabe olmamaq şansı verir. Suveren olan xalqdır, hakimiyyət xalqa məxsusdur və xalq hakimiyyətini qəsb edənlər, onun səsinin təmsilçisi olmayanlar, rifah və təhlükəsizliyini qorumayanlar hakmiyyətdən könüllü getmədikcə ölkəni xaosa sürükləyən inqilablar qaçılmazdır. Ölkəni inqilaba sürükləmək istəmirlərsə bu iqtidar ya öz əzici, antimilli siyasətini tam dəyişməli, xalqın səsinə səs verməli, ya da hakimiyyətdən getməlidir. Azərbaycan 100 il əvvəl şərqdə qurulan demokratik cümhurriyətin varisidir və bu ölkəni antidemokratik yolla idarə etmək istəyənlər yanıldıqlarının fərqində olmalıdır.
 
Ayşən Bayramova