Vəkillər Mehman Əliyevin işi üzrə Yasamal məhkəməsinin qərarından şikayət verəcək

Müdafiə tərəfi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanılması ilə bağlı şikayəti təmin etməyən Yasamal rayon məhkəməsinin bugünki qərarından apellyasiya şikayəti verəcək. Bu barədə vəkil Fuad Ağayev bildirib.
 
Şikayət Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidari Araşdırılması Departamentinin müstəntiqi Vüsal İbadovun M.Əliyevin saxlanması haqqında qərarından verilmişdi.
Vəkilin sözlərinə görə, müstəntiq avqustun 25-də məhkəmənin jurnalist barəsində həbs qətimkan tədbiri seçdiyinə, Apellyasiya Məhkəməsinin isə bu qərarı qüvvədə saxladığına istinad edərək, hökmün qanuni olduğunu iddia edib. Amma müdafiə tərəfi qərarın əsassız olduğunda israr edib.
Müstəntiq bunu Mehman Əliyevin azadlıqda qaldığı təqdirdə istintaqdan gizlənə biləcəyi ilə əsaslandırıb. "Amma biz Mehman Əliyevin istintaq başladığı andan etibarən ilk çağırışda vergi idarəsinə gəldiyinə konkret dəlillər göstərdik. O, hətta qeyri-rəsmi - bildirişsiz, telefonla dəvət olunduqda belə gedirdi və istintaq orqanı bunu təkzib edə bilməz", deyə vəkil bildirib.
O, həmçinin qeyd edib ki, Əliyev saxlanıldığı gün də istintaqa rəsmi bildirişsiz çağırılıb.
"Avqustun 24-də biz Mehman Əliyevlə Bakı Apellyasiya Məhkəməsində agentliyin vergi əməkdaşları tərəfindən qanunsuz axtarış aparılması ilə bağlı şikayətinə baxılması prosesində iştirak edirdik. Mehman Əliyev məhkəmənin həyətində olarkən ona istintaq nümayəndələri ilə birlikdə departamentə getmək təklif olunub və o, razılaşıb. Baxmayaraq ki, rəsmi bildiriş olmadığına görə getməmək hüququna malik idi. Buna görə istintaqdan yayınma haqqında söhbət belə gedə bilməz", deyə vəkil bildirib.
Amma məhkəmə Əliyevin həbsi haqqında sonrakı qərara istinad edərək, şikayəti təmin etməyib. Ağayev bu arqumenti məntiqsiz hesab edib.
"Avqustun 21-də baş verən hadisəni ayın 25-də baş verəcək hadisə ilə necə əsaslandırmaq olar? Uzun sözün qısası, biz növbəti qanunsuzluqla üzləşdik", deyə vəkil Ağayev bildirib. Müdafiə tərəfi bu qərardan apellyasiya instansiyasına şikayət verəcək.
* Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. Əliyev bütün ittihamları təkzib edib və siyasi motivli adlandırıb.
Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onu dərhal azad etməyə çağırıb. ABŞ Dövlət Departamenti də Mehman Əliyevi dərhal azad etməyə çağırıb. Fransa və Böyük Britaniya XİN Əliyevin həbsindən narahatlıq ifadə edib və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə çağırıb.