​ Türkiyə XİN Ərdoğanın mühafizəçilərinə görə ABŞ-a etiraz edib

Türkiyənin xarici işlər nazirliyi  ABŞ-da prezident Ərdoğanın mühafizəçilərinə qarşı cinayət işinin açılmasına görə rəsmi Vaşinqtona etirazını bildirib.
 
 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.
 “Qərəzli iddianamə və cinayət işinin açılmasına qəti şəkildə etiraz edirik”, bəyanatda deyilir. Bəyanatda qeyd olunub ki, Türkiyə nümayəndə heyətinin təhlükəsizliyi təmin olunmadığı halda, PKK tərəfdarları aksiya adı altında təxribatlara əl atıblar.  "Bu barədə ABŞ-ın müvafiq qurumlarına dəfələrlə məlumat verilib", bəyanatda vurğulanıb.
 Ötən gün rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb. Etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan  15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.