Rusiyanın Krım səfərbərliyi - S-400-lərdən sonra YENİ HƏMLƏ

Baxış sayı:
6289

Rusiya Krıma “Pantsir-S1” hava hücumundan müfadiə üçün raket-mərmi sistemlərini yerləşdirməyi qərara alıb. Rusiya Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Vadim Astafyevin açıqlamasına görə, Pantsir-S1 raketləri ilin axırına qədər bölgədə qalacaq. Hava hücumuna qarşı güclü müdafiə təmin edən raketlərin təqribən 12-18 ədədinin bölgədə yerləşdirilməsi nəzərdə tutulur.

Xəbər verdiyimiz kimi, Rusiya noyabrın 28-də Krımda dördüncü S-400 hava hücumundan müdafiə kompleksini yerləşdirdikdən sonra, Kerç boğazında gəmilərə qarşı (260 kilometrdəki hədəfləri vura biləcək) “Bal” raket sistemlərini yerləşdirəcəyini bəyan eləmişdi. Rusiya ilə Ukrayna arasında Azov dənizinin Kerç boğazında baş verən gərginlikdən sonra Ukraynada hərbi vəziyyət elan edilib, ölkənin prezidenti Pyotr Poroşenko NATO-ya müraciət edərək, müttəfiqlərin gəmilərini Qara dənizə göndərməyə çağırıb.

Noyabrın 25-də Rusiya hərbi gəmiləri Ukraynanın Odessa limanından çıxıb Maripol limanına gedən 3 Ukrayna hərbi gəmisini öz sahil sərhədlərini pozmaqda günahlandıraraq onlara silahlı müdaxilə eləmişdi. Atəş açılması nəticəsində 6 nəfər Ukrayna hərbçisi yaralanmışdı./hurriyyet.org