Ərdoğanın telefon diplomatiyası - Rusiya ilə Ukraynanı barışdırmaq istəyi

Baxış sayı:
5368

Türkiyənin və Azərbaycanın vasitəçiliyi Kerç böhranının aradan qaldırılmasına gətirib çıxara bilər?

ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon söhbətində liderlər son günlər Ukrayna ilə Rusiya arasında yaşanan gərginliyi müzakirə ediblər.

Prezidentlərin əsas müzakirə mövzusu məhz Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya donanmasının Ukraynaya məxsus 3 artilleriya gəmisini ələ keçirməsi və 24 heyət üzvünün saxlanılması olub.

Ərdoğan məsələ ilə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko və rusiyalı həmkarı Vadimir Putinlə də eyni mövzuda danışıqlar apardığını vurğulayıb.

Türkiyə prezidentinin Ukrayna-Rusiya gərginliyi ilə bağlı Trampa, Putinə və Poroşenkoya zəng etməsi vasitəçilik missiyası sayıla bilərmi və müsbət nəticə verəcəyi mümkündürmü? Türkiyənin təşəbbüslə çıxış etməsində Rusiya prezidenti ilə öncədən razılaşmanın da əldə edildiyini demək əsas verirmi? Azərbaycanın da adı çəkilən ölkələrlə yaxın münasibətləri var. Bizim ölkəmiz də yaranan gərginliyin aradan qalxması üçün vasitəçilik missiyası ilə çıxış edə bilərmi?

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Ukrayna arasında yaranmış son durum Türkiyənin də maraqlarına toxunur. Bunun bir neçə səbəbi var: “Birincisi, Türkiyə də Rusiya və Ukrayna kimi Qara dəniz ölkəsidir və bölgədə baş verənlərin bütün sahil ölkələrə mənfi təsiri ola bilər. Məsələn, Ukrayna prezidenti Petro Poroşenko NATO gəmilərini Qara dənizdə fəal olmağa çağırıb. O, bu yolla Ukrayna sahilini Rusiyanın hərbi həmlələrindən qorumaq istəyir. Türkiyə də NATO ölkəsidir. Türkiyənin hərbi dəniz donanması onsuz da Qara dənizdə fəaldır və bu, Rusiyanı narahat etmir, çünki ikisi arasında strateji əməkdaşlıq var.

İkincisi, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Türkiyə birinin xeyrinə o birisi ilə münasibətləri korlaya bilməz. Ancaq Ankara Rusiya-Ukrayna gərginliyinin də yoluna qoyulmasının tərəfdarıdır. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə yaxındır. Eyni zamanda Ərdoğan Krımın ilhaqını tanımır və Krım tatarları ilə əlaqələrə malikdir. Ərdoğan bəlkə də iki dövlət arasında vasitəçi olmaq istərdi. Ancaq indiki şərtlər altında bu mümkün deyil. Çünki nə Rusiya Krımdan vaz keçəcək, nə də Ukrayna, üstəgəl, Putin Ərdoğanın istəyi ilə Donbas separatçılarına da dəstəkdən əl çəkməz.

Eyni sözləri Azərbaycana da şamil etmək olar. Rəsmi Bakının Moskva ilə sıx münasibətlərinin olmasına rəğmən, Rusiyanın xeyrinə Ukrayna ilə əməkdaşlıqdan imtina etməyəcək. Biz də eyni ilə Türkiyə kimi Krımı Ukrayna ərazisi sayırıq və Ukraynadakı separatizmi pisləyirik. Ankara kimi Bakı da Rusiya ilə Ukraynanı barışdırmaq iddiasında deyil. Çünki bu çətin məsələdir. Rusiya ilə Türkiyəni barışdırmaq çətin deyildi, çünki bir üzrxahlıq məktubu ilə problem həll olundu. Rusiya-Ukrayna qovğasında da torpaqların işğalı və separatçılara dəstək amilləri var ki, bu münaqişə yaxın zamanda həll olunmayacaq".

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiyanın Ukraynanın hərbi gəmilərini Kerç boğazından Azov dənizinə buraxmaması dünyada  yeni siyasi-hərbi böhrana səbəb olub. Bu böhranın dərinləşməsi yeni Rusiya-Ukrayna müharibəsini tətikləyir. Rusiyanın Ukraynanın Azov dənizində sahil sularını işğal etməsi faktı var. Birbaşa bu iki ölkə arasında  dəniz müharibəsi deməkdir.  Çünki iki tərəf arasında demək olar ki, danışıqlar və təmaslar yoxdur: “Ukrayna prezidenti Poroşenkonun insident günü Putinlə rabitə əlaqəsinə cəhd etməsi mümkün olmayıb. Bu da mümkün dialoqun olmamasına, nəticədə tərəflərin açıq münaqişəyə girməsinə səbəb olar. Bu onu göstərir ki, Ukrayna ətrafında vəziyyət mürəkkəbləşməyə doğru gedir. Mütləq şəkildə iki ölkə arasında vasitəçiliyə  ehtiyac duyulur. İki ölkə qarşılıqlı  anlaşmaya gələrək, böhranın ilkin aradan qaldırılması üçün Rusiya Ukrayna gəmilərinin və hərbçilərinin  geri qaytarılması prosesinə başlamalıdır. Rusiya buna getməsə, Qərbin ağır sanksiyaları ilə üzləşməli olacaq. Bir məsələni qeyd edim ki,  ABŞ və Qərb ölkələri iki ölkə arasında vasitəçilik etməyəcək. Çünki bu ölkələr Rusiyanın izolyasiyası üçün münaqişənin dərinləşməsində maraqlıdırlar. İki ölkə arasında vasitəçilik etməsini ilk gündən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın üzərinə götürməsi hər iki ölkə prezidenti ilə yüksək əlaqələrə malik olduğundan irəli gəldi. Ərdoğan Putinlə və Poroşenko ilə daima telefon diplomatiyasına malikdir. Ərdoğanın vasitəçilik təşəbbüsü müsbət və lazımlı addımdır”.

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Putin Qərbin növbəti sanksiyalarından  yayınmaq və Ukraynanın hərbi vəziyyət elan etməsindən narahat olduğundan Ərdoğandan vasitəçilik etməsini istəyə bilər. Putin bilir ki, Ərdoğan bu məsələdə neytrallığını saxlayacaq, tərəfləri maksimum bu böhrandan çıxarmağa cəhd edəcək: “Bu da Türkiyənin regional güc olduğunun göstəricisidir. Putinin razılığı olmasa idi, Ərdoğan Proşenko və Trampla Kerç böhranını müzakirə edib, vasitəçilik təklifini irəli sürməzdi. Hazırda Türkiyənin ABŞ-la normallaşan əlaqələri, Ukrayna ilə yüksək səviyyədə əməkdaşlıq, Rusiya ilə bir sıra sahələrdə strateji tərəfdaşlıq münasibətləri bu vasitəçilik missiyasına töhfə verə bilər”.

M.Əsədullazadə vurğuladı ki, Azərbaycanın da Rusiya və Ukrayna ilə yüksək səviyyədə dostluq əlaqələri mövcuddur. Məhz rəsmi Bakı da Kiyev və Moskva arasında vasitəçi ola bilmək iqtidarındadır. Azərbaycanın bu sahədə təcrübəsi də var: “Qeyd edim ki, Türkiyə ilə Rusiya arasında təyyarə insidentindən sonra iki ölkə arasında Suriyada hərbi toqquşma riski var idi. Moskva və Ankara iqtisadi müharibəyə start vermişdilər. O zaman məhz Azərbaycanın iki vasitəçilik missiyası, aparılan danışıqlar Rusiya və Türkiyənin ortaq məxrəcə gəlməsinə səbəb oldu, böhran arxada qaldı. Hesab edirəm ki, Azərbaycan Ukrayna və Rusiya arasında Kerç böhranının həllinə dəstəyini verə bilər. Bu, mümkündür. Təbii ki, Türkiyə, yaxud Azərbaycanın Kerç böhranının aradan qaldırılması üzrə səyləri regionda təhlükəsizliyin təmin olunmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu böhranın həllində regionda marağı olmayan ölkə tərəfindən vasitəçilik missiyası həyata keçirilməlidir. Əgər maraqlı ölkələr burada rol alacaqsa, hadisə ətrafında situasiya mürəkkəbləşəcək, həlli mümkün olmayan prosesə daxil olacaq. Ona görə də Ankara və Bakının vasitəçiliyi iki ölkənin maraqlarına cavab verə bilər”.