RATİ Azərbaycan hakimiyyətinə qarşı sanksiyalara çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Bakı Apellyasiya Məhkəməsinin veteran jurnalist Mehman Əliyevin həbsdə saxlanılmasına dair dünənki qərarını pisləyir. RATİ Avropa İttifaqı, Avropa Şurası, Amerika Birləşmiş Ştatları və Kanadanı fundamental insan hüquqlarına qarşı hörmətsizliyin bütün mümkün hədlərini aşmış Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırır.
 
Azərbaycanın ən tanınmış jurnalistlərdən biri, ölkənin ən stajlı və faktiki olaraq sonuncu müstəqil media orqanının rəhbəri olan Mehman Əliyev vergilərin ödənilməsindən yayınmaq, vəzifə səlahiyyətlərini aşmaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirli bilinərək, barəsində 7 noyabr 2017-ci il tarixinə qədər həbs qətimkan tədbiri seçilib.
RATİ təəssüflə bildirir ki, ölkənin az qala bütün müstəqil KİV-lərinin və QHT-lərinin rəhbərləri 2013-cü ilin sonundan günümüzə qədər oxşar absurd ittihamlarla təqib olunmaqla hakimiyyətin repressiv siyasətinin qurbanına çevrilib. Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev və Xədicə İsmayılova kimi bənzər ittihamlarla həbs edilmiş tanınmış hüquq müdafiəçiləri və jurnalistləri həbsdən azad edən hakimiyyət cəmiyyəti daimi qorxu altında saxlamaq məqsədilə analoji ittihamlarla digər tənqidçiləri həbs edir.
"Mehman Əliyevin təqib olunması təkcə bir müstəqil jurnalistin həbsi və Turan xəbər agentliyinin məqsədyönlü şəkildə sıradan çıxarılması deyil, həm də faktiki olaraq bütün Azərbaycan xalqına mənfi təsir göstərəcək informasiya zülməti dövrünün başlanğıcıdır", deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib. "Korrupsiyaya uğramış avtoritar rejim törətdiyi cinayətkar əməllərə görə cəzasız qaldığı müddətcə tənqidçilərini daha da sərt bir şəkildə aradan qaldıracaqdır. Bu kritik durumda, hakimiyyətin apardığı repressiya siyasəti yalnız Qərbin ciddi siyasi və iqtisadi sanksiyaları ilə dayandırıla bilər", deyə Hüseynov fikrini yekunlaşdırıb.
RATİ ABŞ, Fransa, Almaniya, Britaniya və Norveç hökumətlərinin Mehman Əliyevin həbsini pisləyən son bəyanatlarını alqışlayaraq, Avropa Şurası və Avropa Birliyini Azərbaycan hakimiyyətinin ifadə azadlığı və digər fundamental insan hüquqları sahəsindəki öhdəliklərinə əməl etməməsinə münasibətdə daha sərt və prinsipial mövqe nümayiş etdirməyə çağırır. Xüsusilə də, RATİ Avropa Birliyi və onun üzvlərini yeni strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasına dair Azərbaycan hakimiyyəti ilə aparılan danışıqları tamamilə dayandırmağa, habelə Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə hökumətə göstərilən maliyyə dəstəyini kəsməyə çağırır.
RATİ daha sonra Avropa Parlamentinin bütün siyasi qruplarını Azərbaycan hakimiyyətinə qarşı ciddi sanksiyaların tətbiqini nəzərdə tutan yeni bir qətnamə üzərində işə başlamağa, eləcə də Avronest çərçivəsində Azərbaycan parlamenti ilə əməkdaşlığı tamamilə dayandırmağa, o cümlədən Avronest üzvlərinin sentyabrın ikinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulan parlamentlərarası görüşünü ləğv etməyə çağırır.
RATİ həmçinin Avropa Şurasının baş katibi və Nazirlər Komitəsini Avropa Şurası Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanın Avropa Şurasındakı üzvlüyünə uyğunluğunun nəzərdən keçirilməsi prosesini başlatmağa, Avropa Şurası Parlament Assambleyasını isə sanksiyaların birinci mərhələsi kimi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnu dondurmağa çağırır.
Eyni zamanda, RATİ ABŞ qanunvericilərini Azərbaycanın hakim elitasına qarşı sərt siyasi və iqtisadi sanksiyaların tətbiq olunmasını nəzərdə tutan Azərbaycan Demokratiya Aktını qəbul etmək təşəbbüsünü bərpa etməyə çağırır.
RATİ dünya ictimaiyyətini Azərbaycan hakimiyyətinə Dünya Bankı və digər beynəlxalq maliyyə qurumları vasitəsi ilə göstərilən maliyyə dəstəyini korrupsiya ilə mübarizə aparan jurnalistlərin hakimiyyət tərəfindən həbsdən buraxılmasına qədər tamamilə dayandırmağa çağırır.
RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanın korrupsiyaya uğramış hakimiyyətinə göstərilən hər hansı maddi dəstəyi tamamilə dayandırmağa və hökumət üçün nəzərdə tutulan vəsaitləri son dörd il ərzində hakimiyyətin bütün mümkün təzyiq formalarından istifadə edərək yox olma həddinə gətirib çıxardığı vətəndaş cəmiyyətinin dəstəklənməsinə yönəltməyə çağırır.
RATİ Azərbaycan hakimiyyətini haqsız yerə həbs olunmuş bütün media nümayəndələrini, o cümlədən jurnalistlər Mehman Əliyevi, Nicat Əliyevi, Faiq Əmirlini, Araz Quliyevi, Seymur Həzini, Mehman Hüseynovu, Fikrət İbişbəylini, Ərşad İbrahimovu, Elçin İsmayıllını, Əfqan Muxtarlını, Əziz Orucovu, Əfqan Sadıqovu, Cavid Şirəliyevi və Məhbub Zülfüqarlını, bloggerlər Rəşad Ramazanov və İlkin Rüstəmzadəni, yazıçılar Tofiq Həsənov və Saday Şəkərlini, qraffiti fəalları Qiyas İbrahimov və Bayram Məmmədovu dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırır.