Qaradağda iki qardaşı “Vinçester”lə vurub öldürən Tərlanovu “ömürlükdən” kim azad etdi? - DƏRDLİ ANANIN FƏRYADI

Baxış sayı:
7099

“Bir insanın evinin beş dəqiqənin içində dağılması nə deməkdir, bilirsinizmi? Bu elə bir yanğı, elə bir dərddir ki, sözlə ifadə etmək olmur. İki övladımı bir-birlərinin gözü önündə güllələyib, ailəmizi faciəyə sürükləyib, bizi ömürlük gözüyaşlı qoyan qatilin cəzasını müddətli həbslə əvəzləyiblər. Məmurlar torpaq altında yatan oğlanlarımın qanı üzərindən qumar oynayırlar. O rüşvət qan içindədir, onu yemək olmaz. Çünki o uşaqlar inəldəyir torpağın altında, haqlarını istəyirlər”.

Bunu virtualaz.org saytına üç il öncə yanvarın 8-də Qaradağ rayonu, Sahil qəsəbəsində xüsusi amansızlıqla qətlə yetirilən Cavid və Cahid qardaşlarının anası Niyar Rəhimova deyib. Bir gündə iki oğul itirən ananın sözlərinə görə, bu günlərdə onun övladlarının qatili - Zaur Tərlanov barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi ömürlük cəza ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Zaur Tərlanovun cəzası 20 ilə endirilib.

 

Gözü yaşlı ana Bakı Apellyasiya Məhkəməsinin qərarını ədalətsiz adlandırıb və kassasiya şikayəti verəcəyini bildirib:”Neçə illərdir istintaq orqanlarında, məhkəmə qapılarında sürünürəm. İmkan vermirlər ki, nakam balalarımın yasını saxlayım, bunlarla döyüşürəm. İndi də Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov qatilin ömürlük cəzasını 20 illə əvəzlənməsi barədə qərar çıxarıb. Harada görünüb ki, əli silahsız iki nəfəri 2,5 metrlik məsafədən xüsusi amansızlıqla qətlə yetirənə 20 il cəza verilsin? Belə ədalətsizlikmi olar?”

N.Rəhimova iddia edir ki, Zaur Tərlanovun ailə üzvləri qəsəbədə nələri varsa satıblar və hökmü “pulun gücünə” dəyişdirməyə nail olublar.

Zaur Tərlanov

“Bu iş pulun, rüşvətin hesabına planlı şəkildə dəyişdirilib. Polislər qatili övladlarımı güllələyib qaçanda tutublar. İşi yüngülləşdirmək üçün yazdırıblar ki, guya könüllü təslim olub. Halbuki, polislər onu qaçanda başının üstündən xəbərdarlıq atəşi açıb tutublar.Bu qədər də haqsızlıq olmaz axı. O uşaqlar inəldəyir o torpağın altında, haqqını istəyirlər. Bunlar kimə arxalanırlar, bilmirəm. Hökumət var, qayda var, qanun var, mən bu işi udmalıyam, bu mənim məzarda uyuyan balalarımın haqqıdır. Pulum yoxdursa övladlarımın qanını batıracaqlar? Balalarımın yetimlərinin evini satıb bu məmurlaramı verim? Bu işdə rüşvət alan əllər gərək daşa dönsün. İki gəncin qanının üzərindən qumar oynamaq olmaz. Bunu nə Allah götürər, nə də bəndə”-N.Rəhimova deyir.

N.Rəhimova övladlarını qatilinə ömürlük cəza verilməsini tələb edib. Deyir ki, hələ Azərbaycanda belə ədalətsiz məhkəmə prosesi olmayıb: “İki əli yalın insanı dalaşmadan, döyüşmədən silahla vurasan. Mən bu işdə ölümə də getməyə hazıram. Çünki balalarımın üzünə axirətdə baxa bilmərəm, onların qanını almalıyam. Getsin ömürlük cəzasını çəksin, ömürlük cəza onun haqqıdır”.

Mərhum qardaşların anası N.Rəhimova ölkə rəhbərliyinə, bütün mümkün yuxarı instansiyalara çoxsaylı müraciətlər göndərib və onlardan kömək diləyir. Bildirir ki, bu qətl planlı şəkildə baş verib.

Rəhimova bildirir: “Mənim ürəyimə dağ çəkiblər. Bakı Ağır Cinayətlər Məhkəməsində oğlanlarımın qatilinə ömürlük cəza veriləndə, Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayanda bir az təskinlik tapmağa çalışırdım. Amma düşünməzdim ki, əsl faciə bizi qarşıda – Ali Məhkəmədə gözləyirmiş. Hakim Tahir Kazımov Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edib işi yenidən həmin instansiyaya göndərdi və Zaur Tərlanovun cəzası dəyişdirildi. Hakim Tahir Kazımov və Qail Məmmədov mənim yaramın üstünə duz səpdilər. Bu işi bu vəziyyətdə qoymaq olmaz. Mənim işimə haqq-ədalət çərçivəsində baxılmalıdır. Zaur ömürlük cəzasını almalıdır.Uşaqlarımın qanını tələb edirəm, yoxsa bu yolda kəfəni boynuma taxmışam. Dövlətimə inanıram, bu işin belə qalmayacağına ümid edirəm”.

Xatırladaq ki, qətl hadisəsi 2015-ci il yanvarın 8-də Qaradağ rayonunun Sahil qəsəbəsində baş verib. Qəsəbə sakini Zaur Tərlanov “Lexus” markalı avtomobilin içərisindəki – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı silahdan bir neçə atəş açıb. Nəticədə Rəhimov qardaşları hadisə yerində ölüb. Cinayəti törədən Z. Tərlanov isə hadisə yerindən qaçıb. Ertəsi gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Z. Tərlanovu saxlayıblar

Zərərçəkmişin vəkil Bəylər Məmişov da virtualaz.org-a açıqlamasında deyib ki, bir ailənin iki üzvünü məhv edən birinin cəzası ömürlük olmalıdır:”Bu günə kimi məhkəmə praktikasında iki nəfərin ölümünə görə müddətli azadlıqdan məhrum etmə cəzası verilməyib. Bu adamın cəzası ömürlükdür”.

İnarə Rafiqqızı