“Paşinyan əhaliyə verdiyi vədləri yerinə yetirir” - QABİL HÜSEYNLİ ERMƏNİSTANDAKI HƏBSLƏR HAQDA

Baxış sayı:
6055

Ermənistanda keçmiş prezident Robert Koçaryana və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması göstərir ki, Ermənistanda maraqlı proseslər gedir. Göründüyü qədər Ermənistanda bu məhkəmə işinə münasibət birmənalı deyil. Paşinyanın tərəfdarları və “Qarabağ klanı”nın zülmündən bezmiş insanlar Koçaryan başda olmaqla generalların həbsini tələb etsələr də, bəzi erməni siyasətçilər bu məhkəmə işinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi daşıdığını iddia edirlər.

Respublika Partiyasının deputatı David Arutyun iddia edir ki, bir sıra hərbi xadimlər hədəfdədir: “Hədəfdə olan hərbi xadimlər Azərbaycana qarşı qəti mövqe nümayiş etdirənlərdir”. Erməni deputat ittihamın belə şəxslərə qarşı irəli sürülməsinin düşündürücü olduğunu qeyd edib.

Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi olan Eduard Şarmazanov isə hesab edir ki, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət bolşevik inqilabçı komitələri kimi hərəkət edir: “Onlar Serj Sarkisyana qarşı da istənilən məhkəmə işini qura bilərlər”.

Şarmazanov iddia edir ki, Koçaryanla bağlı yaranmış vəziyyət Qarabağ kontekstində ekstremal narahatlığa səbəb olur: “Koçaryanın mümkün həbsi Qarabağ münaqişəsi kontekstində təhlükəli ola bilər. Köçaryan və Sarkisyan Qarabağın “qəhrəmanları”dır və Ermənistanın formalaşmasında ciddi rol oynadılar. Koçaryan türklərə qarşı döyüşdə qaçmadı”.

Göründüyü kimi, erməni deputat David Arutyun və Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının təmsilçisi olan E. Şarmazanov keçmiş prezident R. Köçəryanın və erməni generalların həbsinə etiraz edir. Əslində, E. Şarmazanovun iddia etdiyi kimi, Köçaryan və Sarkisyan Qarabağın “qəhrəmanları” deyil, erməni xalqının düşmənləridir. İllər sonra məhkəmə işinin açılması da bunu sübut edir.

Erməni siyasətşliərin iddiasına inansaq, bu məhkəmə işi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi daşıyırsa, bu, Azərbaycanın xeyrinə olan bir məsələdir. Amma Paşinyanın atdığı addımlarda, verdiyi bəyanatlarda hələ ki, Azərbaycanın xeyrinə olacaq nəsə görsənmir. Sadəcə, bu iddianın ortaya atılması Paşinyanın erməni xalqının gözündən salınması məqsədi daşıyır.

Qeyd edək ki, İrəvan məhkəməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu 5 milyon dram (11 min ABŞ dolları) müqabilində zaminə buraxıb.

Xatırladaq ki, keçmiş prezident Robert Köçəryan və Yuri Xaçaturov 1 mart 2008-ci il tarixdə keçirilən aksiyaların dağıdılması zamanı konstitusiya quruluşunun devrilməsində ittiham edilir. Sözügedən ittihamla bağlı eks-prezident Robert Koçaryan barəsində artıq 2 aylıq həbs qəti-imkan tədbiri seçilib.

“Bu həbs hadisələrinin sırf törədilən cinayət əməlinə görə baş verdiyi qənatindəyəm”

Картинки по запросу Qabil Hüseynli

Bəzi erməni siyasətçilərinin bu məhkəmə işinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi daşıdığını iddia etməsi ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli "Hürriyyət"ə deyib ki, onun bu cür düşünməyə əlində əsası yoxdur: “Bu adamlar konkret cinayətkardırlar, erməni xalqına qarşı cinayət işlətmiş adamlardırlar. Keçmiş prezident Robet Köçəryan 2008-ci il martın 1-də prezident seçkilərindən sonra seçkilərin nəticələrinə etiraz edən İrəvan və onun ətrafındakı rayonlarda az qala 800 min nəfərlik nümayişçinin üzərinə atəş açılmasına əmr verən şəxsdir. İndki Kollektiv Təhlükəsizlik Şurası Təşkilatının hərbi qüvvələrinin baş katibi olan general Yuri Xaçaturov da o zamankı İrəvan qornizonunun, yəni nümayişçilərə qarşı cəza əməliyyatlarını həyata keçirən qornizonun komandiri olub. Onların hər ikisi 1 mart hadisələrinə görə məhkəməyə cəlb edilib. Məhkəmə də hər ikisi haqqında 2 aylıq həbs qəti imkan tədbiri görüb. Hələ ki, general Xaçaturovu pul müqabilində zaminə buraxıblar. Amma onun baş katib vəzifəsindən azad olunması haqqında təqdimat yazılıb. Köçəryan isə iki aylıq müddətə həbs edilərək qazamata göndərilib. Mən bu işlərin başqa nələrləsə əlaqəsi olmadığı haqqında məlumatım olmadığına görə, bu həbs hadisələrinin sırf törədilən cinayət əməlinə görə baş verdiyi qənatindəyəm. Iki ay müddətində Köçəryanın cinayətini sübuta yetirən dəllilər, şahid ifadələri yığılarsa və istintaq öz işini yekunlaşdıra bilərsə, iş məhkəyə göndərilə bilər. Yox, həmin müddətə qədər şahid ifadələrinin, sübutların toplanılması başa çatmasa, yenidən onun həbs müddəti artırıla bilər. 1 mart hadisələrinin anatomiyası hamıya bəllidir. Mən güman edirəm ki, istintaq 2 ay müddətində işini yekunlaşdırıb, Köçəryanın işini məhkəməyə göndərəcək. Hüquqi ekepertlər belə hesab edirlər ki, Köçəyana 15-20 il arasında çəza təyin edilə bilər”.

“Sərkisyan da həbs olunacaq”

“Hələ ki, Sərksiyan müalicə adı ilə ölkədən çıxıb. Sərksiyanın qardaşını həbs ediblər. Onu da dövlət əmlakını kütləvi surətdə talamaq və rüşvət almaq maddəsi ilə həbs ediblər. Zənnimcə, Sərkisyanı da həbs cəzası gözləyir. Çünki Sərkisyanla Köçəryan hər şeyi birgə ediblər. Köçəryan prezident olanda o müdafiə naziri idi. Daha sonra isə prezident oldu. Yəni onların ölkəni talaması da, əhaliyə qarşı cinayət hərəkətləri də birgə baş verib. Buna görə, mən elə başa düşürəm ki, Sərkisyan da həbs olunacaq. Vaxtilə həm Köçəryan, həm də Sərksiyan Rusiyanın sevimlisi olub. Amma Rusiyada kimlərləsə münasibət qurmaq o demək deyil ki, Rusiya bunları müdafiə edəcək. General Xaçaturovun, yəni KTMT-nin baş katibi haqqında cinayət işi qaldırılan kimi birinci Rusiya xarici işlər naziri Lavrov bəyanat verdi ki, onun baş katiblikdən geriyə çağırılma proseduralarına başlamaq lazımdır və başladılar da. Yəni vaxtilə Rusiyanın sevimlisi olan Köçəryan və Sərkisyanın əleyhinə ciddi faktlar ortaya qoyulsa, həbs edilmək üçün ciddi əsaslar yaransa, Rusiya məhkəmənin gedişinə mane ola bilməz. Sadəcə olaraq onlara yüngül cəza verilməsi üçün İrəvan hakimiyyətindən nələrisə xahiş edə bilər. Bu da ehtimal kimi dəyələndirilir”,- deyə politoloq qeyd etdi.

“Paşinyanın Rusiyaya meydan oxumaq meyli yoxdur”

“Başında Rusiyanın durduğu KTMT baş katibinə qarşı cinayət işi açmaq Rusiyaya qarşı meydan oxumaq deyilmi” sualına Q.Hüseynli belə cavab verdi: “Yox, zənn etmirəm. Çünki Paşinyan ondan sonra bəyanat verdi ki, “biz Rusiya ilə münasibətləri bundan sonra daha yüksək mərhələyə qaldırmaq istəyirik. Rusiya həmişə Ermənistanın tərəfində durub. Bundan sonra da bu münasibətləri inkişaf etdirəcəyik”. Yəni Paşinyanın Rusiyaya meydan oxumaq meyli yoxdur. Sadəcə, Paşinyanın onu hakimiyyətə gətirmiş əhali qarşısnda öhdəlikləri, verdiyi vədlər var ki, o vədləri yerinə yetirir. Uzun müddətdir ki, Ermənistanın başına çökmüş Qarabağ klanı var. O klanı tamamilə dağıdıb, sırdan çıxarmaq istəyir və bu məsələ də Paşinyanın ölkəyə daha asan rəbhərlik etməsi üçün lazım olan məqamlardan biridir. Zənimcə, Qarabağ klanın aradan qaldırılmasının Qarabağ məsləsinin həll edilməsinə də müsbət təsiri ola bilər”.

“Paşinyan danışıqları normal məcraya sala biləcək heç bir bəyanat vermir”

“Keçmiş Ermənistan prezidentinə və erməni generallara cinayət işi açıldığı bir ərəfədə erməni baş nazir Azərbaycan prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirdi. Bu ərəfədə bu mesajın verilməsi nədən xəbər verir” sualını isə Q. Hüseynli belə cavablandırdı:“Bilirsiniz ki, Paşinyan Brüsselə getdi. Mənə belə gəlir ki, orada ona söylədilər ki, “mütləq bölgədə sülh yaranmalıdır və ondan sonra biz sizin islahatlarınıza lazimi dəstək verərik”. Bundan başqa, Paşinyanın hakimiyyətə gəlməsində Amerikadakı, Avropadakı erməni diasporu həlledici rol oynayıb. Onlar da Ermənistanın gələcək inkişafını bölgədə sülh yaradılması ilə bağlayırlar. Rusiyanın özündə də sülhə dəstək bəyanatlarını görmək mümkündür. Paşinyan əvvəl deyirdi ki, Dağlıq Qarabağ da danışıqlar prosesinə dəvət edilsin, ondan sonra, danışıqlara başlayacaq. Indi isə bu şərti götürüblər, danışıqlara hazı olduğunu bildirir. Amma danışıqları normal məcraya sala biləcək heç bir bəyanat vermir. O səbəbədən də görüşün alınıb-alınmayacağı haqqında bir şey demək olmur. Çünki bizim prezidentimiz İlham Əliyev bəyan edib ki, “danışıqlar naminə danışıqlara getmək olmaz. Müəyyən razılaşma olmalıdır ki, bu, danışıqlar prosesində həyata keçirilsin”.

Şamo EMİN