Nənəsini öldürən gəncin məhkəməsində gərginlik: qızıllara görə mübahisə düşdü

Baxış sayı:
9181

Tamah məqsədi ilə nənəsini öldürməkdə ittiham edilən gənc növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eldar Əfəndiyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmədə Eldarın anası Təravət Əfəndiyeva şahid qismində ifadə verməkdən imtina edib.

Prosesdə təqsirləndirilən şəxsin xalası Məlahət Axundova dindirilib. O, suallara cavab olaraq deyib ki, anası Eldar Əfəndiyev tərəfindən öldürülüb.

Hakim şahidə hadisəyə şahidlik edib-etmədiyini soruşub. M.Axundova isə cavabında "orada olsam, bu, sağ qalardı?" deyib.

Məhkəmə prosesinin davamında M.Axundova ilə bacısı arasında dəfələrlə mübahisə yaranıb, bir-birlərinin ünvanına xoşagəlməz sözlər deyiblər. Tərəflər bir-birlərini mərhumun qızıllarına göz tikməkdə ittiham edib.

Məhkəmə prosesu iyulun 3-də davam etdiriləcək.

Hadisə ötən il noyabrın 6-da paytaxtın Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş verib. Həmin ünvanda yanğın baş verib. Saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər, Nəsimi rayon prokurorluqları və polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü E.Əfəndiyev tutularaq istintaqa cəlb olunub. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.