​Nazir müavini icazəsiz balıq ovundan danışdı

Baxış sayı:
3844

İcazəsiz balıq ovunun qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Muxalifet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.
O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında brokonyerlərə şərait yaradılması ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən araşdırılıb:
"Sözügedən ərazi ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Sumqayıt-Xaçmaz regionu üzrə sektorunun xidməti ərazisinə aiddir".
R.Hacıyevin sözlərinə görə, “Balıqçılıq haqqında” normativ hüquqi aktlara uyğun olaraq 01 yanvar-01 may, 01 sentyabr-31dekabr 2018-ci il müddətində departament tərəfindən həmin akvatoriyada nərəkimilər və “Qırmızı kitaba” daxil olan balıq növləri istisna olmaqla, sənaye balıq ovuna icazə verilir: "Xəzər dənizinin Nabran hissəsindən Bakı şəhərinədək olan akvatoriyasında 2018-ci il ərzində 1 hüquqi və 65 fiziki şəxsə “balıqovlama bileti” ilə sənaye balıq ovu ilə məşğul olmağa icazə verilib".
Nazir müavini qeyd edib ki, 2018-ci ilin 8 ayı ərzində departamentin əməkdaşları tərəfindən ərazidə icazəsiz 18 balıq ovu faktı aşkar edilib, qanun pozucularından 1 “bayda” (taxta materialdan kustar üsulla hazırlanmış üzmə vasitəsi), 9 digər üzən vasitə, 933 ov aləti və müxtəlif balıq növləri götürülüb: "14 nəfər qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib".