MUXALİFET.AZ-IN SAATLININ MƏDƏNİYYƏT EVLƏRİ İLƏ BAĞLI YAZISINA ETİRAZ - Bəylər Əliyev: "Yazıda qərəzli şəkildə qeyd olunan faktlara aydınlıq gətirərək bildirirəm ki..."

Baxış sayı:
2824

21.07.2020-ci ildə Müxalifət.az-da dərc olunan "Saatlıda adı olub, özü olmayan klub və mədəniyyt evləri" sərlövhəli yazı rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən etiraza səbəb olub. Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev yazıda qeyd olunan faktların həqiqəti əks etdirimədiyini bildirir. Onun məktubunu olduğu kimi dərc edirik:
"21 iyul 2020-ci il tarixində Müxalifət.az informasiya portalında Saatlı rayon Mədəniyyət Mərkəzi ilə bağlı dərc olunmuş yazıya cavab olaraq bildirirəm ki, qeyd olunan faktlar tam qərəzlidir və həqiqəti əks etdirmir. Apardığımız araşdırma nəticəsində Saatlı rayonunda Arif Dadaşov adlı şəxsin yaşamadığı faktı aşkarlanmışdır. Yazıda qərəzli şəkildə qeyd olunan faktlara aydınlıq gətirərək bildirirəm ki, Saatlı rayon Mədəniyyət Mərkəzi şəbəkəsində bir Mədəniyyət Mərkəzi, 9 kənd Mədəniyyət evi və 14 klub fəaliyyət göstərir. Qeyd olunan mədəniyyət müəssisələrində kifayət sayda stul və kreslo mövcuddur. Hətta ən ucqar kəndlərdə belə klub və mədəniyyət evlərində oturacaq problemi yaşanmır. Hər il mütəmadi olaraq müxtəlif dəftərxana ləvazimatları alınır və şəbəkə üzrə tələbat tam şəkildə ödənilir.
Mədəniyyət Mərkəzi şəbəkəsində “adı olub, özü olmayan” faktı da tam böhtan xarakterlidir. Bütün işçilər əmək haqqlarını tam şəkildə özləri alırlar. Varxan kənd Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Ağalarova Mərhəmət Mirələkbər qızı haqqında qeyd olunan faktlar da həqiqəti əks etdirmir. Ağalarova Mərhəmət Sumqayıt şəhərində deyil, Saatlı rayonunda yaşayır və 2018-ci ilin dekabr ayının 17-dən etibarən qeyd olunan vəzifədə əmək fəaliyyəti göstərir. Əmək haqqı kartı daima özündə olur və əmək haqqını tam şəkildə özü istifadə edir.
Facebook sosial şəbəkəsində Saatlı rayon Mədəniyyət Mərkəzi səhifəsi rəsmi olaraq 2015-ci ildən fəaliyyətdədir və səhifəyə daim yenilənən, fəaliyyətimizi əks etdirən videomateriallar, fotoşəkillər yükləyirik. Ağalarova Mərhəmət gənc müğənni olaraq bütün tədbirlərimizdə aktiv iştirak edir. Koronavirus pandemiyası dövründə məhz onun iştirakı ilə dəfələrlə videoçarxlar hazırlanmış, canlı yayımlar təşkil edilmişdir. Yazdıqlarımın təsdiqini Facebook sosial şəbəkəsində araşdırma apararaq dəqiqləşdirə bilərsiniz. 
Saatlı rayon Mədəniyyət Mərkəzi şəbəkəsində “ölü canlar” yoxdur və bütün işçilər gündəlik olaraq iş yerlərində olurlar. Qaracalar kənd klubunun mədəni təşkilatçısı İlhamə Quliyeva deyil, Mütəllimova Günay İlhami qızıdır. Mütəllimova Günay Şamaxı mədəni-maarif texnikumunun məzunudur və ixtisası üzrə əmək fəaliyyəti göstərir. Dərnəklərlə əlaqədar qeyd olunan faktlar da tam əsassızdır və böhtan xarakterlidir. Koronavirus pandemiyası ilə əlaqədar digər sahələr kimi bizim də fəaliyyətimizdə müəyyən məhdudiyyətlər vardır. 
Arif Dadaşov adlı şəxs 01 iyul 2020-ci il tarixində Gündəmxəbər.az informasiya portalına da bənzər qərəzli yazı ilə müraciət etmişdi və yazı dərc olunmuşdu. Bir neçə gün sonra Arif Dadaşov ikinci qərəzli və yalan dolu saxta faktlarla Gündəmxəbər.az informasiya portalına müraciət etmişdi. Qeyd olunan faktlar Gündəmxəbər.az informasiya portalı tərəfindən araşdırılmış və qərəzli olduğu sübuta yetirilmişdir. Gündəmxəbər.az informasiya portalı apardığı araşdırma barədə 17 iyul 2020-ci il tarixində ətraflı təkzib dərc etmişdir. Arif Dadaşov adlı şəxs müxtəlif informasiya portallarına həqiqəti ifadə etməyən məlumatları göndərməklə əslində təxribatla məşğul olur və vəzifəli şəxslər barədə ictimai fikri çaşdırmaq niyyəti güdür.
Nəzərə almağınızı xahiş edirəm".
Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı geniş araşdırma aparmağa çalışacağıq.