​“Mən heç vaxt Azərbaycana qarşı danışmamışam, bu adamlar təxribatçıdır...” - RAMAZAN ABDULATİPOV

Baxış sayı:
6703

Bu günlərdə Dağıstanın online KİV-lərindən birində “Xəzər dialoqu” adlı Moskvada keçirilən beynəlxalq energetika forumu barədə belə desək, təxribatçı və qızışdırıcı material dərc edilmişdi. Orada iddia edilirdi ki, forumda çıxışı zamanı Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov çıxışında Azərbaycanın ünvanına irad bildirib, Bakını Xəzərdəki neft-qaz layihələrini Qərb şirkətlərinə verdiyini, Rusiya şirkətlərinin bu layihələrdə demək olar təmsil edilmədiyini deyib.
Habelə iddia edilirdi ki, konfransda iştirak edən Azərbaycan nümayəndəsinin qarşısına Azərbaycan bayrağı qoymaq “yaddan çıxıb”. Nəticədə o etiraz olaraq tədbiri yarımçıq tərk edib.
Muxalifet.az bildirir ki, virtualaz.org bu məlumatla bağlı Ramazan Abdulatipova müraciət edib. Putinin xüsusi nümayəndəsinin ofisindən sözügedən saytın redaksiyasına göndərilən yazılı bəyanatda bildirilir ki, həmin online nəşrin yazdıqları yalandır və təxribat xarakterlidir, iki ölkənin arasını vurmağa xidmət edir.
“MQİMO-da akademik A.Torkunovun rəhbərliyi ilə keçirilən və Xəzər regionu ölkələrinin diplomatik missiyalarının da iştirak etdiyi forum barədə KİV-lərdə bəzi əsassız məlumatlar dərc edilib. Belə ki, internet-medianın bəzi nümayəndələri öz materiallarında xüsusi nümayəndənin (R.Abdulatipovun) Azərbaycan barədə dediklərini təhrif ediblər. Bununla bağlı bəyan edirik ki, Ramazan Adulatipovun çıxışının məqsədli şəkildə təhrif edilməsi ortadadır. O, çıxışında Xəzəryanı tərəfdaş ölkələrin ünvanına heç bir irad səsləndirməyib və səsləndirə də bilməzdi. Ramazan Abdulatipovun siyasi və diplomatik etiket normalarına əməl etməsinı, azərbaycan xalqı ilə dostluğa sadiq olmasını heç kimə təzədən başa salmağa ehtiyac yoxdur və bu barədə narahat olmağa dəyməz”-bəyanatda deyilir.
Abdulatipovun ofisindən onu da bildiriblər ki, həmin materialda anonim mənbənin informasiyasına əsaslanıblar və “lazım olan” sözləri kontekstdən çıxarıblar. Əslində isə forumda R.Abdulatipovun çıxışında birinci plana Xəzər regionu ölkələri arasında əldə edilmiş razılaşmaların-Xəzərin statusuna dair dövlət başçıları tərəfindən Aktauda imzalanan tarixi sənədin yerinə yetirilməsi məsələsi çıxarılıb. Bununla əlaqədar olaraq qeyd edilib ki, Xəzərin statusu barədə konvensiyanın sahilyanı ölkələrin parlamentləri tərəfindən ratifikasiyasını sürətləndirmək , bunun ardınca yerli qanunvericiliyə həmin konvensiyadan irəli gələn bir sıra düzəlişlər etmək məqsədəuyğundur.
“Rusiya tərəfinin mövqeyinə görə belə yanaşma Xəzərin statusuna dair konvensiyanın tamhəcmli reallaşmasına imkan yaradacaq”-bəyanatda deyilir.
Habelə forumda Abdulatipov qeyd edib ki, Konvensiyanın imzalanması dost ölkələrin prezidentlərinin şəxsi iradəsi sayəsində baş tutub. “Bu münasibətlə Rusiya ilə Azərbaycan arasında münasibətlərə xüsusi diqqət yetirilib. Ramazan Abdulatipov qeyd edib ki, Azərbaycan Rusiyanın mühüm tərəfdaşlarından biridir. O da qeyd olunub ki, Rusiya və Azərbaycan prezidentləri arasında olduqca yaxın, xoş münasibətlər ümumən Xəzər regionunda uğurlu əməkdaşlığa da təsir edir”-bəyanatda vurğulanır.
Abdulatipovun adından bildirilir ki, bütün bunları nəzərə alaraq regional elektron KİV-lərdən birində dərc edilmiş materialın öz məzmununa görə həqiqəti təhrif etdiyi və təxribatçı xarakter daşıdığı aydındır.
“Bu adamlar illərdir bizim ölkələrimizi və mehriban münasibətlərimizi nüfuzdan salmaq üçün işləyir. Onlardan biri şər işlərinə görə Rusiyadan, digəri Azərbaycandan qovulublar. Belə adamlara məhəl qoymadan biz xalqlarımız arasında qardaşlıq münasibətlərini və əməkdaşlığı daha da möhkəmləndirəcəyik”-Ramazan Abdulatipov bildirib.