Milli Məclisdən kanadalı deputatların Qarabağa qanunsuz səfərinə ETİRAZ

 Milli Məclisin Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri Fuad Muradov erməni kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bəyanat verib.
 
Bəyanatda F.Muradov bildirir ki, bəzi erməni kütləvi informasiya vasitələrində Kanada parlamentinin üzvlərinin də daxil olduğu nümayəndə heyətinin Ermənistanda səfərdə olması və Dağlıq Qarabağa gedəcəkləri ilə bağlı məlumat yayılıb:

“Məcid-əl-Şəfi adlı bir nəfər özünü Kanada nümayəndə heyətinin rəhbəri kimi təqdim edib və bir qrup şəxslə Ermənistanda səfərdədir. O, özü Kanada parlamentinin üzvü olmasa da mətbuatda “Kanada Parlamentinin nümayəndə heyətinin rəhbəri” kimi təqdim olunub. Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupu olaraq öz həmkarlarımıza müraciət edərək bildiririk ki, sözügedən “nümayəndə heyətinin” tərkibində Konservativ partiyanın üzvü Toni Klement adlı deputat da var. Əldə etdiyimiz məlumata görə, həmin “nümayəndə heyəti” işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi planlaşdırır. Biz  Kanada parlamentinə müraciət edərək beynəlxalq hüquq və normalara hörmətlə yanaşmağı, Toni Klement kimi insanlara bu cür səfərlərin qadağan olduğunu izah etməyi, sülh və sabitliyin pozulmasına yönəlmiş qızışdırıcı mövqeyindən əl çəkməsini tələb edirik. İnanırıq ki, Azərbaycan-Kanada əməkdaşlığı naminə, eyni zamanda beynəlxalq qanunlara riayət edərək belə məsuliyyətsiz addımlar atılmayacaq. Bir daha bəyan edirik ki, Azərbaycan regionda sülh və sabitliyin qorunub saxlanmasının tərəfdarıdır”.