Məhkəmə Mehman Əliyevin 48 saatlıq saxlanılmasına dair şikayətini təmin etməyib

Cümə axşamı günü Yasamal Rayon Məhkəməsi Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən əvvəl, 48 saatlıq tutulmasına qarşı şikayətini təmin etməyib.
 
Turan agentliyinin direktorunun vəkili Fariz Namazlı BBC-yə bildirib ki, məhkəmənin bu qərarı barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Onun sözlərinə görə, Mehman Əliyevin ilk dəfə avqustun 24-ü şübhəli qismində tutulması "qanunsuz" olub.
Mehman Əliyev səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə təqsirləndirilir.
O, bu ittihamları rədd edir və onun vəkili ona qarşı cinayət işinin "saxta" olduğunu iddia edir.
Bundan ayrıca, avqustun 30-u keçirilən iclasda, Bakı Apellyasiya Məhkəməsi Mehman Əliyevin barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri barədə şikayətini təmin etməyib.