Mehman Əliyev haqda daha bir gerçək: Yaxşılığa yamanlıq etməyin…

Şahin Hacıyev, Turan Agentliyinin redaktoru
 
Bu, kimə lazımdır? Prezidenti belə pis vəziyyətə salan kimdir? Mehman Əliyevin həbsindən sonra bunlar mənə ən çox verilən suallardır.
 
Son həftələrin hadisələri istər-istəməz insanı normal durumdan çıxarır və onu hansısa virtual sistemə götürür ki, burada da insan şüuru suallara cavab axtarır və çox zaman onları tapa bilmir.
Mən Mehmanı 1989-cu ildən tanıyıram. MDU-nun məzunu kimi ilk dəfə olaraq “Molodyoj Azerbaydjana” qəzetinə gəlmişdi və dərhal kollektivə qaynayıb-qarışmşdı. O zaman LKGİ MK-nın orqanı olan “Molodyoj Azerbaydjana” qəzeti Qarabağın müdafiəsinə qalxan Azərbaycan ictimaiyyətinin aparıcı qüvvəsinə çevrilmişdi.
Azərbaycan KP MK-nın siyasi durğunluğu və Moskvanın qərarını gözləyərək Qarabağ haqda heç nə yazmamaq barədə MK-dan birbaşa qadağaların fonunda qəzetin redaktoru Nəcəf Nəcəfov milli maraqların müdafiəsilə bağlı missiyanı öz üzərinə götürdü.
Bu mövzuda ilk məqalələrdən birinin müəllifi Mehman idi. Hələ MDU-nun tələbəsi olduğu vaxtlarda o, redaksiyaya məqalə göndərərək Qarabağ separatçılarını münaqişəni qızışdırmaqda, ermənilərlə azərbaycanlılar arasında düşmənçilik salmaqda ittiham etmişdi, məqalədə onları “yaramazlar” adlandırmışdı.
Yaxşı yadımdadır, bundan sonra “tufan qopdu”. Ermənilər Moskvaya şikayət etdilər. Oradan mərkəzi nəşrlərdən birinin müxbiri gəldi və redaktora uzun-uzadı başa saldı ki, etika pozulub, bütün xalq ittiham edilib və bu, Azərbaycana şərəf gətirmir.
Məsələyə ÜLKGİ MK və Azərbaycan KP MK qarışdı və redaktordan təkzib verilməsini, gələcəkdə Qarabağ separatçılarının ünvanına mənfi rəylərin yol verilməməsini tələb edirdi.
(Bir az irəli gedərək qeyd edim ki, o zamankı komsomol və Kommunist Partiyasının rəhbərliyi hazırda Vergilər Nazirliyi və Prezident Administrasiyası rəhbərliyində təmsil olunur).
Bu cür sərt təzyiqlərə baxmayaraq, “Molodyojka”nın redaktoru Nəcəf Nəcəfov Mehmanı “ələ vermədi” (yeri gəlmişkən, MDU rəhbərliyi isə Mehmanı cəzalandırdı). Və Azərbaycan LKGİ MK-nın qəti müqavimətinə baxmayaraq, Mehmanı redaksiyada işə götürdülər.
Bəlkə də “Molodyojka” məktəbi Nəcəflə bərabər bu asan olmayan yolu gedən və azad jurnalistikanın ilk bəhrəsini dadan insanların həyatının ən maraqlı dövrü olub. Həmin bəxtəvərlərin arasında Mehmandan başqa bu sətirlərin müəllifi də var idi.
Sonrakı illər həmfikirlərdən ibarət qrup hər zaman bir yerdə olmağa çalışırdı. Belə ki, tale bizi “Xəzər” jurnalına gətirdi. Jurnal mərhum Aydın Məmmədovun rəhbərlik etdiyi Tərcümə Mərkəzi tərəfindən nəşr olunurdu.
1990-cı ilin yanvar hadisələrindən sonra informasiya blokadası məsələsi kəskin şəkil aldı. Biz öz tərəfimizdən bunun necə mühüm amil olduğunu hiss edirdik. Məhz o zaman Mehman dünya KİV-ni Azərbaycan haqda vəziyyət, ilk növbədə Qarabağ münaqişəsi haqda məlumatlandırmaq üçün müstəqil informasiya agentliyinin yaradılması ideyasını irəli sürdü. Və beləliklə, 1990-cı ilin mayında ilk dəfə olaraq qəzetlərə və dünya KİV-ə Turan agentliyinin ilk xəbərləri göndərildi.
Bu 27 ildə agentliyin xidmətləri haqda danışmayacam. Ancaq onu qeyd etmək istəyirəm ki, istənilən ciddi KİV, dünya araşdırma mərkəzləri, hüquq-müdafiə təşkilatları, həmçinin Avropa Şurası, ATƏT, Avropa İttifaqı, BMT və digər strukturlar öz hesabat və sənədlərində Turan-a istinad edirlər.
Agentlikdə həm əvvəllər, həm də indi çalışanlardan heç kim deyə bilməz ki, Mehman maliyyə məsələlərində düzgün olmayıb, kiməsə “atıb” və ya aldadıb.
27 il ərzində agentlik nəinki üslub və standartlar yaradıb, həm də böyük və ciddi jurnalistika məktəbinə çevrilib.
Ad çəkməyəcəm, ancaq həmkarlar, jurnalistlər (həm də təkcə onlar yox) yaxşı bilirlər ki, vaxtilə Turan-da çalışanların çoxu hazırda bir çox yerli və hətta xarici KİV-də çalışır və rəhbərlik edir. Agentliyin nə qədər yetirməsi ölkənin dövlət qurumlarında, xaricdə və biznes sahəsində fəaliyyət göstərir.
Bunların hamısında Mehmanın və bizim keçdiyimiz Nəcəf Nəcəfov məktəbinin böyük xidmətləri var.
Və bu gün Mehmanın işini aparan müstəntiqin səmimi, eyni zamanda təəccüblə “Nəcəf Nəcəfov kimdir, nə edib ki, siz onun adına Fond yaratmısınız” sualı məndə acı istehza doğurur.
Bu adam kimdir?
Tez-tez verilən suallardan biri də budur: Mehman Əliyev necə adamdır?
Bu suala iki sözlə cavab vermək çətindir. Təxminən otuz ilə yaxın bir yerdə çalışmış insan kimi deyə bilərəm ki, onunla heç də həmişə və hər şeydə razılaşmamışan. Bundan əlavə, agentliyin iş taktikası və strategiyası, kadr siyasəti və hadisələrin işıqlandırılması məsələlərində bizim aramızda ciddi fikir ayrılıqları da olub. Ancaq bütün bunlar işgüzar xarakter daşıyıb.
Agentlik bütün hallarda Mehmanın böyük səyləri sayəsində fəaliyyət göstərib. O, dəfələrlə yuxarıların sərfəli təkliflərini qəbul etməyib və güman edirdi ki, bu, öz simasını itirmək demək olacaq və obyektiv informasiyanın ötürülməsinin mahiyyətinə zidd olacaq. Bununla belə, ağlabatan təklifləri rədd etmirdi, işgüzar dialoq aparırdı.
Azərbaycan KP MK-nın siyasi durğunluğu və Moskvanın qərarını gözləyərək Qarabağ haqda heç nə yazmamaq barədə MK-dan birbaşa qadağaların fonunda qəzetin redaktoru Nəcəf Nəcəfov milli maraqların müdafiəsilə bağlı missiyanı öz üzərinə götürdü..
Bir qədər qapalı, hər şeyi planlamağı və öncədən hazırlamağı bacaran və sevən. İslahedilməz optimist və yeni ideyalarn müəllifi. Məhz buna görə də bu sətirlərin müəllifi ona bir dəfə demişdi:
– Yaxşısı budur, sən elmi-fantastik hekayələr yaz, analitika yox.
– Proses gedir, islahatlar qaçılmazdır, müsbət dəyişikliklər mütləq olacaq, – bu, həbs edilənə qədər onun ən çox işlətdiyi ifadə idi.
İnformasiya siyasəti dövlətin təhlükəsizlik sahələrindən biridir, xüsusilə də bizim günlərdə. Odur ki, istənilən ciddi KİV maraq predmetidir. Məxfi məlumat, dövlət orqanlarından sızmalar, kompromat və dezinformasiya böyük əhəmiyyət kəsb edir.
Turan hər zaman bu cür hallardan kənarda qalmağa və öz adından istifadə olunmasına yol verilməməsinə çalışıb. Ancaq bəzən həyat özü jurnalistin qarşısında ciddi seçim qoyur, ondan vətəndaş mövqeyi göstərməyi tələb edir. Turan-ın rəhbəri də bundan qaçmayıb.
Bir hadisə danışacam ki, bunu istənilən digər vəziyyətdə söyləməzdim. Ancaq bu gün Mehman həbsdədir, informasiya mənbəyi isə yoxdur…
90-ı illərin ortalarında Heydər Əliyev xarici səfərə hazırlaşırdı. Səfər ərəfəsində agentliyə bir nəfər gəldi, Mehmanı tanıyırdı. Bildirdi ki, səfərdən qayıdarkən Əliyevin təyyarəsinin daşınan zenit raketi ilə vurulması üçün plan hazırlanır. Bu xəbəri çatdıran şəxs qorxu içində idi, bütün məsuliyyəti və mümkün nəticələri dərk edərək necə hərəkət etmək lazım gəldiyini bilmirdi.
Mehman əmin idi ki, terror aktı ölkədə xaos yaradacaq və bunun qarşısı alınmalıdır. O, nazirlərdən biri ilə əlaqə saxlayaraq terror aktının hazırlandığını bildirdi.
“Mən Heydər Əliyeviçə deyə bilərəm ki, mənə bu məlumatı kim verdi?”, – nazir soruşmuşdu.
“Deyə bilərsiniz”, – Mehman cavab vermişdi.
Sonralar növbəti səfərlərin birində təyyarədə nazir Mehmanı Heydər Əliyevin yanına gətirdi. H.Əliyev onun əlini sıxaraq “Mehman Əliyev sənsən? Çox sag ol” demişdi.
Bu dialoqda vasitəçi olan şəxs sağdır və hazırda vəzifə sahibidir.
Sonralar H.Əliyev dəfələrlə bu mövzuda danışarkən həqiqi informasiya mənbəyinin adını açıqlamırdı və bildirirdi ki, ona qarşı sui-qəsdin hazırlanması barədə məlumatı Türkiyənin baş naziri Süleyman Dəmirəl Türkiyə kəşfiyyatına istinadən verib.
Bəlkə də yaşlı nəslin jurnalistləri xatırlayar 90-cı illərin ortalarında baş vermiş hadisəni. Prezidentin təyyarəsi Avropadan gələrkən gözlənilmədən “Qala” hərbi aerodromuna endi. Jurnalistlər və hökumət üzvləri isə onu “Binə”də gözləyirdilər.
Sonradan hüquq-mühafizə orqanları Abşeron qəsəbələrindən birindəki mövqedən prezident təyyarəsinin məhv edilməsini planlaşdıran qrupu həbs edərək mühakimə etdi.
O zaman Heydər Əliyev MDB ölkələrinin sammitinə getməkdən imtina edərək Rusiyadan baş tutmayan sui-qəsdin təşkilatçısının verilməsini tələb etdi. Yeri gəlmişkən, H.Əliyev Moskvaya getməklə bağlı etirazının rəsmi kanallarla yox, məhz Turan agentliyinin vasitəsilə çatdırılmasını xahiş etmişdi.
Kimsə bu əhvalatı uydurma və ya Mehmanın aqibətinin yüngülləşdirilməsinə cəhd kimi qarşılaya bilər. Ancaq onu həbs edənlər sadə bir şeyi anlamalıdırlar ki, əgər Mehmanın vətəndaş mövqeyi və cəsarəti olmasaydı, bu gün ölkədə başqa hakimiyyət ola bilərdi və bir çoxlarının taleyinin necə olacağı da məlum deyildi.
Epiloq əvəzi
“Qadın ətri” sevdiyim filmlərdən biridir. Baş qəhrəman polkovnik Sleydin monoloqu onun kulminasiyasıdır.
“Doğru yol ən çətin yoldur. Düzgün və namuslu insan bu yolla gedir, ancaq yolayrıcında olanda yolundan dönüb, müqavimət görmədən asan yolla getmək ehtimalı böyükdür. Çox vaxt bu dönüşə kiməsə xəyanət etmək, vicdan və prinsiplərdən imtina etmək zərurəti səbəb olur.
Doğru, düzgün yolu seçənləri məhv etməyin. Bu, ləyaqətin, ruhun və xarakterin bütövlüyünün əlamətidir. Onu qoruyun və nə zamansa bununla qürur duyacaqsınız. Mən sizə söz verirəm”, – polkovnik öz yoldaşlarını ələ verməyən tələbəni cəzalandırmağa hazırlaşan kollec rəhbərliyinə müraciətlə deyir.
Bu gün Mehmanın taleyini həll edənlər ola bilsin ki, onun peşman olduğunu, nədənsə imtina etməsini istəyirlər. Ancaq Mehman öz prinsiplərindən imtina etməyəcək, ona görə yox ki, müxalifətçidir, ona görə ki, onun prinsipləri öz ölkəsinə, dövlətinə və işinə olan sevgisidir.
O, hər zaman islahedilməz optimist kimi qalacaq və öz ölkəsində ancaq müsbət dəyişiklikləri görmək istəyilə nə zamansa mütləq öz işini davam etdirəcək
Bu dəyişikliklərin nə zaman baş verəcəyi sizdən də asılıdır, cənablar. İstərdim ki, nə zamansa siz qəbul etdiyiniz qərarla qürur duyasınız. Çalışın, yaxşılığı itirməyin…
Mənbə: Turan İA