Kriminal jarqonla danışan məktəb direktoruna məxsus MALİKANƏLƏR

Bakının Sabunçu rayonunun 187 saylı orta məktəbinin direktoru, məktəbdə müəllimlərdən haqq yığılması haqda sual verən jurnalisti telefonda hədələyən və bu zaman kriminal jarqonlardan gen-bol istifadə edən Nailə Məmmədovaya məxsus olduğu iddia edilən malikanələrinin fotolarını dərc ediblər.
 
virtualaz.org xəbər verir ki, həmin fotolar bu gün yerli saytlardan birində yer alıb. Mülklərin Maştağa qəsəbəsində, elə başçılıq etdiyi məktəbin yaxınlığında yerləşdiyi bildirilir və fotolara əsasən məmur-oliqarxların malikanələrindən geri qalmır. Bildirilir ki, həmin mülkün direktora məxsus olduğunu sakinlər təsdiq edirlər.
Azərbaycanda təhsil işçiləri bir qayda olaraq aztəminatlı sosial təbəqəyə aid edilir, çünki son illərə qədər müəllimlərin, o cümlədən məktəb direktorlarının maaşları yüksək deyildi. Bu maaşla malikanə bir yana qalsın, adi ev tikmək qeyri-mümkün idi.
Bu baxımdan virtualaz.org fotoları yayılan mülklərin həqiqətən direktora aid olub-olmadığını, əgər aiddirsə hansı pullarla tikildiyini soruşmaq üçün 187 saylı məktəbə zəng vurub. Özünü direktor müavini kimi təqdim edən şəxs villa ilə bağlı sualı sonadək dinləmədən dəstəyi asıb.
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən isə bildiriblər ki, hazırda direktorun səs yazısı ilə bağlı araşdırma aparılır:“Xəbərdən dərhal sonra araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi yaxın günlərdə bəlli olacaq, yəqin ki, sentyabrın 5-dən sonra bu barədə məlumat veriləcək”.
Direktor ona məktəbdə pul yığıldığı, buna etiraz edənlərin təhqir olunduğu haqda suala belə cavab vermişdi: “Get işinlə məşğul ol. Sənin başın deyəsən bədəninə ağırlıq edir. Get işinlə məşğul ol, ay qız eyy!! Get əvvəl öyrən, gör sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib başına oyun açaram. Çox ayıb olsun. Sənin "Axar.az"ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun... Tərbiyəsiz!”