İzzət Bağırov restorandakı davadan danışdı - YENİLƏNİB

Xəbər verildiyi kimi, Bakıdakı şadlıq evlərindən birində müğənni İzzət Bağırova görə mərasim iştirakçıları arasında yaranmış mübahisə kütləvi dava ilə nəticələnib.
 
Axşam.az-a açıqlama verən sənətçi məsələyə aydınlıq gətirib. O bildirib ki, bu hadisə ilə heç bir əlaqəsi yoxdur:
“Dünəndən bu hadisə haqda xəbər yayılıb. Mənim bu dava ilə heç bir əlaqəm yoxdur. Mən oxuyan zaman baş verib. Düzdür, orada mən də olmuşam. Amma heç mənim o davadan xəbərim də olmayıb. Bütün hadisəni də mənim üstümdə qurublar. Hazırda polislər var, məsələni aydınlaşdırmağa çalışırıq. İşə vəkilim də qarışıb. Hər şeyi yoluna qoyub, geniş açıqlama verəcəyik”.
Qeyd edək ki, xəbərdə hadisənin Nizami rayonu, Mikayıl Əliyev küçəsi 9 ünvanında yerləşən "Neolit" restoranında baş verdiyi yazılıb.
Belə ki, paytaxt sakini Novruz Aslanlı övladının ali məktəbə daxil olması münasibətilə şadlıq sarayının kiçik zalında şənlik mərasimi təşkil edib. Mərasim zamanı qonaqlardan biri ilə müğənni İ. Bağırov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qonağın operatordan müğənnini deyil, onları lentə almağı xahiş etməsi olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mərasimi yarımçıq tərk edib. Bu isə təşkilatçının narazılığına səbəb olub.
N.Aslanlı və qohumları ilə İ. Bağırovun cangüdəni, habelə restoranın əməkdaşları arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı N. Aslanlının başına küt alətlə zərbə endirilib. Hadisə zamanı habelə onun oğlu, 16 yaşlı Vüsal Aslanlı da xəsarət alıb.
Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlər N. Aslanlının vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.