“İT GÜNÜ"NDƏ OLMAQ: nəyi pisdir ki...

Baxış sayı:
7589

Heç bir işin qulpundan yapışmayan insanların kənardan ona-buna ağıl verməsi nə zamansa indiki qədər qıcıq doğurmayıb. Çünki internet dövrüdür, Facebook-dan bunu eyni vaxtda minlərlə insan görür, minlərlərlə insan tərəfindən paylaşılır, anlaşılır. Quş dimdiyindən tanındığı kimi, indi insan “statusundan” tanınır. Yəni sosial şəbəkədə yazdığı qeyddən, mesajından.
Bir şeyi də deyim ki, çox pis qıcıq yaradan bu adamlara birtəhər dözmək olur, lakin qıraqdan sakitcə dayanıb haqsızın uğruna tamaşa edənlərə, əl çalanlara isə dözmək olmur. Necə deyirlər, “əl çalırıq, əl çala-çala alçalırıq”.
Belələri bir nəfər, yüz nəfər olsa nə var, çağırar deyərsən ki, ay insan, ay kişi, sənin gördüyün işin adı filan şeydir. Adam da bu “filan” şeyi bir xeyli düşünər, bəlkə də yolunu başqa səmtə salar...
İndi danışacağım əhvalatın təsvir edildiyi əsərin adını yazmayacağam, müəllifini də. Çünki onu hamınız oxumusunuz. Bir nəfər görür ki, şəhərdə getdiyi səmtdə xeyli insan yığışıb nəyəsə gülür. Yaxınlaşır. Görür ki, balaca bir iti böyük bir it qabağına qatıb qovur. Adamlar da buna baxıb gülür, əl çalır. Bu tamaşanı görən adam isə başlayır ağlamağa. O, zəiflərə gülənlərə “acıyır”, ağlaya-ağlaya düşünür ki, məhz adamların belə etməsi üzündən həmin şəhərin əhli it günündə yaşayır. Bu “it günündə olmaq” ifadəsi də ayrı bir söhbətdir.
Biləsuvarda, İmişlidə, Qubada, dilimizdəki “it günündəsən” ifadəsi təzadlı görünməyə bilər. Bizlərdən uzaq olan Bakıda isə kefi kök, günü ağ, görkəmi üslublu və gözəl olan itlər çoxdur. Məsələ həm də təkcə onların gün-güzəranında deyil...
İnsanların  toplum olaraq ağır günlər yaşaması bir yana, böyük şəhərin ən gözəl yerində də uzanıb-qalmış, bürüşüb-durmuş və itdən də pis gündə olan adamlar görmək olar. Sayı da az deyil. Onları görəndə adam fikirləşə bilər ki, itə nə olub ki?! İt... bayaq incə -mincə bir xanımın qucağında daranmış və ətirlənmış keçdi. Yaxud maşının dalında baxa-baxa gedirdi. Eləsi var, quzuya oxşayır, eləsi var, pişiyə. Eləsi var, sanki cüyürdü. Bəzilərinin saçlarının parik olduğunu düşünürsən.
Bütün bunlardan sonra adam kiməsə “it günündəsən” deməyə çətinlik çəkir. Təzadlıdır. Lakin daha təzadlısı odur ki, yenə də deyirsən, deməyə bilmirsən.         İt insanın ən yaxın dostuna çevrildi, ov heyvanı oldu, eləcə də ev heyvanı oldu. Bəzək-düzək istifadəçisinə, gedək-gəzək yoldaşına çevrildi. Amma it mənfi çaları, söyüş yükünü itirmədi. Əsl təzad bunlardır.
Nə qədər təəccüblü olsa da, təsərrüfatını it vasitəsi ilə qoruyan insan oğlu “it”sözünü söyüş kimi istifadə etdiyi halda, qurda hörmət edir, ona dəyər verir. İt qurddan fərqli olaraq bir aşağılıq da ifadə etməkdədir.

Niyə belə olduğunu izah etməyə tək bir dəlilimiz var. Dəlil deyəndə, əslində söhbət gördüyümüz və bildiyimiz bir gercəkdən gedir. İt darana da bilər, şampunlanıb-ətirlənıb qızıl boyunduruq və timsah dərisindən ağızlıq da daşıya bilər. Ailə süfrəsinin ətəyində əyləşib, çini qabda quzu əti də yeyə bilər. Kondisionerli “Mersedes”in arxasında və ya sarışın gözəlçənin qucağında çimərliyə də gedər. Lakin bunların hamsı bu heyvana verilir. Hamısı sonda pay, yal və sığallamaq qismindədir. Onun özünün əldə etdiyi, qapdığı, qazandığı, aldığı deyil. Onun qurddan fərqi də bundadır. Əl və ev heyvanı olmaq üçün əhilləşməyən, qabağına atılan əti yeməyən, başqasının ovuna dişini vurmayan qürurlu həmcinsindən özgəliyi bundadır. İt və ya it günündə olmaq budur! Bu isə həm gülməlidir, həm ağlamalı...
Əlizadə  Nəhmədağaoğlu,
Biləsuvar