​ İlk dünya çempionumuz qəzəbləndi: “Mən o oteldə olmamışam”

Türkiyədə oteldən qovulan idmançıların sırasında nahaq yerə adımın çəkilməsi ilə bağlı yazılı şəkildə aidiyyəti qurumlara müraciət etmişəm. Sonradan mənim etirazım nəzərə alındı və bütün o yayılan məlumatlar təkzib olundu. Adım da dərhal həmin siyahıdan çıxarıldı və haqq-ədalət öz yerini az da olsa tapdı.
 
Bu sözləri dünən Türkiyənin otelində qonaq olan turistlərə qarşı biədəb hərəkətlər etdiklərinə görə oteldən qovulduqları deyilən idmançıların arasında adı çəkilən Etiqad Atakişiyev Teleqraf.com-a açıqlaması zamanı deyib. O bu cür mənfi hadisədə adının çəkildiyinə görə çox hirsləndiyini, onun haqqında yalan məlumat yazan jurnalisti isə məhkəməyə verəcəyini bildirib:
“Mən həmin vaxt Türkiyədə sözügedən oteldə olmamışam. Adımın orda olanların yanında hallanması, məndən soruşmadan haqqımda belə bir məlumat paylaşaraq, adıma ləkə gətirilməsi tamamilə yanlışdır. Əsaslandırmadan, kiminsə dilindən eşidərək belə bir yalan məlumatı paylaşmaq sadəcə qeyri-peşəkarlıqdan irəli gəlir. Bilmirəm, bu, yazanın öz fantaziyasıdır, yoxsa məni gözü götürməyən bir adamın dilindən eşitdiyidir, yoxsa sifarişlə yazılmış qarayaxma kampaniyasıdır? Hər şey ola bilər. Amma mənimlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirmədən, heç bir sübutu olmadan mənim şərəf və ləyaqətimə toxunulub.
Aidiyyəti qurumların məsələ ilə bağlı ölçü götürməsini rica etmişəm”.
İdmançı Etiqad Atakişiyev yaxın günlərdə Türkiyəyə ayaq belə basmadığını bildirib:
“Mən sonuncu dəfə Türkiyədə 2 ay bundan əvvəl olmuşam. Bu, heç sırf istirahət səfəri də olmayıb. Mən o vaxt Türkiyəyə oktyabrda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplantısına getmişəm. Həm məşq etmişəm, həm də beynimin dincəlməsi üçün şərait yaratmışam, istirahət etmişəm. Bunlar niyə görə belə bir yanlış addım atıb, mən bilmirəm?!”
Azərbaycanın qarışıq döyüşlər üzrə ilk dünya çempionu onun haqqında qarayaxma kampaniyası aparacaq adamların olmasına inanmadığını bildirib:
“Pis adam haqqında kim nə danışır ki? Həmişə bütün sahələrdə olduğu kimi idman sahəsində də yalnız yaxşılar haqqında mənfi şeylər yazırlar. Düşünürəm ki, idmanda məni gözü götürməyənlər ola bilər. Amma onu da deyim ki, mən elə bir həyat tərzi yaşamıram ki, həyatda kiminləsə problemim olsun, konfliktim olsun, sonra da həmin şəxs gedib mənim haqqımda belə bir mənfi fikir formalaşdıracaq pis yazı yazsın.
Düşünürəm ki, bu, sadəcə, bu yazını yayan həmin jurnalistin savadsızlığı və işini bilməzliyidir. Bunun başqa adı yoxdur”.
Etiqad bəy bütün fikrini qarşıda onu gözləyən döyüşlərə səfərbər etməsi gərəkdiyi bir vaxtda belə bir xəbərdə adının çəkilməsinə görə çox məyus olduğunu açıqlayıb:
“Mənim həyatım idmanla bağlıdır. Səhərlər zalda oluram, günortalar gəlib istirahət edirəm. Allaha ibadət və idman, başqa da heç bir şey. Mən professional idmançıyam, qarışıq döyüş növləri üzrə ilk azərbaycanlı dünya çempionu olmuşam. Rəsmi məlumatlarda da bu var. Yəni dırnaqarası jurnalistlərin yazdığı dünya çempionlarından yox, həqiqi rəsmi dünya çempionu olmuşam. Mənim zədəm var idi. Diz bağlarımda problem yaranmışdı. Ona görə bir az əziyyət çəkirdim. Amma artıq məşqlərə başlamışam. Üzümüzə gələn ay döyüşüm olacaq. Bu cür yalan və qara fikir formalaşdıran yazıları görəndə çox qəzəblənirəm və fikrim yayınır. Belə olmaz. Bunun qarşısı alınmalıdır”.
Xatırladaq ki, ölkə mediasında Türkiyənin Antalya şəhərinə yollanan bir qrup azərbaycanlı idmançıların dincəlmək istədikləri “Sirene Belek” otelindən qovulması barədə xəbər yayılıb.
Qovulanlar arasında MMA döyüş növü ilə məşğul olan Gündüz Nəbiyev, universal döyüş növü üzrə dünya çempionu Sənan Dünyamalıyev, kikboksçu Orxan Məlikov, qarışıq döyüş növləri üzrə dünya çempionu Etiqad Atakişiyev və güləşçi Turxan Qurbanovun da adı çəkilib. Onların oteldən qovulmasına səbəb kimi isə özlərini ədəbsiz aparmaları göstərilib. Bu ədəbsizliyə hovuz kənarında dincələn turistləri suya tullamaq, otelin barında qadınlara sataşmaq və s. kimi davranışlar daxildir. İki gündə çoxsaylı şikayətə səbəb olduqlarından rəhbərlik azərbaycanlıların istirahətini yarımçıq kəsərək, qrupu qapının ağzında qoyub.
Qeyd edək ki, bu xəbərdə yanlış yerə adı çəkilən Etiqad Atakişiyev həqiqətən də MMA üzrə ilk azərbaycanlı dünya çempionudur. Ona bir neçə il öncə “İdman ustası” adı verilib.