​"Facebook"da status yazan şəxs polisə çağırıldı - Rəsmi

Baxış sayı:
6878

“Facebook” sosial şəbəkəsi istifadəçilərindən biri öz səhifəsində heç bir rəsmi qurumla dəqiqləşdirmədən məlumat paylaşıb ki, guya Natiq Hüseynov adlı Şirvan şəhər sakini heç bir səbəb olmadan polislər tərəfindən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb.
Bu barədə Muxalifet.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
DİN-in məlumatında deyilir ki, mayın 26-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları xidməti ərazidə olarkən bir neçə nəfərin mübahisə etdiklərini görüb, məsələni aydınlaşdırmaq üçün onlara yaxınlaşıblar.
Onlar ictimai qaydalara riayət etməyə dəvət edilərkən, orada olan şəhər sakini Natiq Hüseynov polis əməkdaşının xidməti vəzifə borcunu yerinə yetirməsinə mane olaraq məsələni artıq özünün həll etdiyini və polisə ehtiyac qalmadığını bildirərək qeyri-etik ifadələr işlədib.
Polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o nalıayiq ifadələr işlətməkdə davam edib.
Yalnız bundan sonra N.Hüseynov Şirvan Şəhər Polis Şöbəsinə gətirilib və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.