“Ermənilərin gəlişinin qarşısını ala bilmiriksə, heç olmasa prosesi millətimizin xeyrinə yönəldək” - PARTİYA SƏDRİ

Baxış sayı:
6136

“Erməni aktrisa Zara Mqoyanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun mətbuata verdiyi bu açıqlama sosial şəbəklərdə düzgün anlaşılmayıb. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Sərdar Cəlaloğlunu təhqir etməkdən belə çəkinməyiblər. Halbuki, dərc edilən mətndə də Sərdar Cəlaloğlunun adi vətəndaşdan fərqli olaraq siyasi düşüncələri ortadadır ki, burada irad tutulası, təhqirə, söyüşə səbəb olacaq heç bir məqam yoxdur. Hətta ADP sədrinin sözlərinə görə, verdiyi müsahibə tam şəkildə mətbuatda yayımlanmayıb: “Mən o müsahibədə demişəm ki, tacirin milləti, vətəni olmur, onlar qazanc üçün nə desən edərlər. Onsuz da bu erməni qızını gətiriblər. Heç olmasa bundan xalqımızın, dövlətimizin reytinqi üçün düzgün istifadə edək”.

Əslində, hamı kimi sosial şəbəkə istifadəçisi olan vətəndaşlar da erməni müğənnisi Zaranın gəlişinə əsəbləşə, etirazını bildirə bilər. Amma bunu təhqirlə, söyüşlə ifadə etmək bütün hallarda yolverilməzdir. Unutmayaq ki, sosial şəbəkə istifadəçilərindən fərqli olaraq Sərdar bəyin yanaşması bir siyasi partiya sədrinə məxsus yanaşmadır və burada Qarabağ məsələsinin həll edilməsinə yönəlik düzgün siyasi baxış sərgilənib. Bu, ADP sədrinin sözügedən müsahibəsində də aydın görünür:

“Ermənilərin Azərbaycana gəlişi ilə bağlı aparılan əks-təbliğat siyasi baxımdan bizim öz əleyhimizə işləyir. Biz erməni xalqı ilə düşmən deyilik ki?! Biz erməni hakimiyyətinin Rusiyanın vasitəsi ilə Azərbaycanın torpaqlarının işğal etməsi siyasətinin əleyhinəyik. Bu siyasət də hərb meydanında həll olur. Nə mahnı festivallarında, nə idman yarışlarında Dağlıq Qarabağın taleyi həll olmur. Bakıya erməni idmançı gəldi, hay-küy qaldırmaqla həll olmaz ki... Biz sadəcə bilməliyik ki, problemin həlli nədir və hansı müstəvidə həll etmək lazımdır. Bəzi adamlar siyasi cəhətdən hadisənin mahiyyətini bilmədən vətənpərvərlik mövqeyindən yanaşırlar və atdıqları addımlar da siyasi cəhətdən Azərbaycanın əleyhinə olur. Biz bütün dünyaya tanıtmalıyıq ki, Azərbaycanda erməni düşmənçiliyi yoxdur. Bu düşmənçiliyi ermənilər Azərbaycan xalqına qarşı aparır, Azərbaycan Qarabağ ermənilərini də öz vətəndaşları kimi bərabər hüquqda görə bilər. Bunun da nümunəsi müharibə vəziyyətində olduğumuza baxmayaraq, Ermənistanın idmançılarının, sənətçilərinin Azərbaycana gəlib-getməsinə yaradılan şəraitdi. Guya, Zaranın Bakıya gəlişi o deməkdir ki, Qarabağı veririk Ermənistana? Zaranın gəlişinə bizim tolerant yanaşmağımız onu göstərir ki, biz ermənilərə düşmən deyilik və Azərbaycan vətəndaşı olan ermənilər də azərbaycanlılarla eyni hüquqla Azərbaycanda yaşaya bilər”.

“İnsanların ehtirasları bu cürə etirazlarla söndürülür”

Sosial şəbəkə istifadəçilərinin erməni müğənnisi Zaranın gəlişinə yanaşması ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu "Hürriyyət"ə bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ictimaiyyətin özündə aydın bir fikir formalaşdırılmayıb: “Bu gün bir erməninin Azərbaycana gəlməsinə etiraz, erməniləri söymək və yaxud ermənilər haqqında mənfi fikir demək sanki Qarabağın azad edilməsi ilə bərabərləşdirirlib və insanların da ehtirasları bu cürə etirazlarla söndürülür. Beləliklə, vətəndaşlarda belə bir təssürat yaranır ki, biz Azərbaycana gələn ermənilərə etiraz ediriksə, sanki Dağlıq Qarabağın azad edilməsi prosesində iştirak edirik. Əslində, bu, ictimiayyətin diqqətini Dağlıq Qarabağın azad edilməsindən yayındırıb, əhəmiyyətsiz məsələlərə cəlb etmək məqsədi güdür. Çox maraqlıdır ki, ölkə mətbuatında ardıcıl olaraq ermənilərin Dağlıq Qarabağda məskunlaşması, orada evlər tikməsi, yollar çəkməsi, hətta Ağdamda və Qubadlıda müəyyən işlər görməsi haqqında məlumat verilir. Buradan istər-istəməz ortaya suallar çıxır. Birincisi, bu məlumatlar necə gəlib Azərbaycana çıxır? İkincisi, bu məlumatlar nə üçün Azərbaycan mətbuatında dərc edilir? Bizim düşmənimizin bizə qarşı olan bütün hərəkətləri Azərbaycan mətbuatında təbliğ olunur və buna da heç bir reaksiya yoxdur”.

“Biz buna etiraz etməklə, əksinə, Dağlıq Qarabağ ermənilərinin dəyirmanına su tökrürük”

“Konkret son hadisə ilə bağlı mənə sual vermişdilər ki, Zaranın, ümumiyyətlə, ermənilərin Azərbaycana gəlişinə münasibətiniz necədir? Mən izah etmişdim ki, bu adamlar tacirdir, pul qazanırlar... Politologiyada belə bir söz var: “Deyərlər ki, tacirin milləti və vətəni olmaz”. O konserti təşkil edən adam əgər doğurdan da Azərbaycan dövlətinin, millətinin nümayəndəsidirsə, həmin ərəfədə bizim iki şəhidimiz oldu, şəhid verdiyimiz bir vaxtda belə bir konserti təşkil etməzdi. Azərbaycanda sosial-iqtisadi vəziyyət kifayət qədər ağırdır. Məlumdur ki, elə konsertlərə yalnız yüksək təminatlı ailələrin uşaqları gedir. O müsahibədə demişəm ki, Azərbaycan iqtidarının əksəriyyətinin ailəsi qarışıqdır, ya anası, ya da arvadı ermənidir. Ona görə də müəyyən bir kəsim var ki, belə konsertlərə gedir. Biz hadisənin qabağını ala bilmirik. Bu, birinci dəfə deyil. Erməni idmançıların da, başqa artistlərində də gəlişinə etiraz olub, amma gəlib-gediblər. O müsahibədə mən deyirəm ki, əgər biz heç olmasa bu ermənilərin gəlişinin qarşısını ala bilmiriksə, ən azı o adamlar ki, xəyanət edib erməniləri bura gətirir, o prosesi millətimizin xeyrinə yönəldək, bunu dünyaya göstərək ki, baxın, görürsünüz biz tolerant xalqıq, erməni gəlib burada konsert verir. Dağlıq Qarabağda ermənilərin azərbyacanlılarla bir yerdə yaşamasına heç bir problem yoxdur. Bilirsiniz ki, Dağlıq Qarabağ ermənilərinin əsas arqumentləri ondan ibarətdir ki, guya, bizim aramızda bir düşmənçilik var, bunlar azərbaycanlılarla bir dövlətdə yaşaya bilməzlər. Ona görə də deyirlər ki, biz ancaq Ermənistanla birləşməliyik. Bizim iradəmizdən asılı olmayaraq bir ermənini bura gətirblər, biz buna etiraz etməklə, əksinə, Dağlıq Qarabağ ermənilərinin dəyirmanına su tökürük. Onsuz da indi bunun qarşısını ala bilməmişik, hadisə baş verib. Ağıllı addım odur ki, bundan öz dövlətimizin, xalqımızın xeyrinə istifadə etsin. Yəni ermənilərin “azərbaycanlılar bizə düşməndir, onlar heç vaxt bizimlə bir yerdə yaşamaq istəmir” arqumentinə qarşı subut edək ki, xeyr, bizim ermənilərə qarşı xüsusi düşmənçiliyimiz yoxdur. Biz sadəcə olaraq öz ərazilərimizi işğal edən siyasi gücə qarşı düşmənik”,- dedi ADP sədri.

“Qarabağı azad etmək üçün gedib orada vuruşmalıyıq”

S.Cəlaloğlu təəssüflə qeyd etdi ki, son vaxtlar Azərbaycanda virtual aləmdə siyasətin nə olduğunu bilməyən, hadisələrin mahiyyətini dərk etməyən insanlar var: “Bu adamların bir işi var. İnternetdə özlərinin ağlı kəsdi-kəsmədi, hansısa fikrin sahibini küçə söyüşləri ilə təhqir etməyə başlayırlar. İndi də mənim müsahibəmlə bağlı məni söyməyə başlayıblar. O müsahibəni oxuyun. Görün, mən nə demişəm. Demişəm ki, Zaraya etiraz etməklə Qarabağı azad edə bilmərik. Qarabağı azad etmək üçün gedib orada vuruşmalıyıq. Mənim bu fikrimə söyüşlə yanaşırlar. Yaxşı, gəlin, ermənilər Dağlıq Qarabağı tutsun, orada öz bildiyini etsin. Biz də burada hansısa bir erməni artist gələndə ona etiraz edək, deyək ki, biz Qarabağı azad edirik. Sən bura gələn erməniyə etiraz etməklə, Qarabağı azad edə bilərsən?”

“Bu konserti təşkil edənlər hökumətin razılığı olmadan təşkil edə bilər?”

“Hökumət düşünülmüş şəkildə belə bir təbliğat aparır ki, vətəndaşların Qarabağın azad edilməsi ilə bağlı istəkləri Azərbaycana gələn ermənilərlə bağlı etirazlar şəkilində ifadə olunsun və bununla da heç kəs hökumətə deməsin ki, niyə Qarabağı azad etmirsən? Niyə Qarabağın azad olunması ilə bağlı konkret addım atmırsan? Baxın, bu konserti təşkil edənlər kim olur-olsun, hökumətin razılığı olmadan təşkil edə bilər? Xarici İşlər Nazirliyi ona viza verməsə, Daxili İşlər Nazirliyi onun təhlükəsizliyini təmin etməsə, o adamlar Azərbaycana gələ bilər? Deməli, bu konsertin hətta təşkilatçısını belə qırağa qoyuram, bu erməninin Azərbaycana gəlməsində Azərbaycan hökumətinin razılığı var. Məni söyənə deyirəm ki, ay dünyadan bixəbər insan, sən başını qaldır bax, gör Zaranı hansısa menecer niyə gətirib? Niyə Daxili İşlər Nazirliyi, prokurorluq mane olmur? Niyə Xarici İşlər Nazirliyi buna viza verir? Sən bunu düşünürsən? Düşünsən görərsən ki, bu, dövlət siyasətidir. Mən də deyirəm ki, bu siyasəti niyə aparır? Hökumət istəyir ki, Qarabağın azadlığı haqqında vətəndaşların narazılığı ermənilərin Azərbyacana gəlişinə etiraz kimi ifadə olunsun. Çox məkrli bir siyasətdir. Çox təəssüf ki, adamlarımızın siyasi şüuru kifayət qədər yüksək olmadığına və kifayət qədər vətənpərvər olduqlarına görə, hətta onların xeyrinə dediyin sözə görə səni söyürlər. O müsahibəni oxusanız görərsiniz. Mən demişəm ki, bu adam gəlibsə, biz bunu Azərbaycan dövlətinin və xalqımızın reytinqinə xidmət elətdirək. Gəlib, konsert verib, pulunu da qazanıb, çıxıb gedib. İndi biz heç olmasa ermənilərə deyə bilərik ki, baxın, baxmayaraq ki, müharibə şəratindəyik, sənin artistin gəlib Bakıda konsert verib, gedir”,- deyə ADP sədri əlavə etdi.

“Niyə Daxili İşlər Nazirliyi bu erməninin Azərbaycana gəlməsinə imkan verib?”

Cəlaloğlu vurğuladı ki, bu gün sosial şəbəkədə söyüş söyənlər bilsin ki, söyüş söymək həmin adamın özünün kim olduğunu göstərir: “İkincisi, mən bunu deyirəm, sən mənim fikrimə başqa bir arqument yaz. Sən mənim fikrimdən bir cümləni götürüb ona münasibət bildirirsən, amma mənim orada siyasi partiya rəhbəri kimi kifayət qədər ciddi fikirlərim var. Dediyim fikirlərin heç birinə diqqət yetirilməyib. Çünki bunlara populist çıxışlar lazımdır. Məsələn, bir adam çıxıb desin ki, “yox, biz Zaranı məhv etməliyik”. Bəzi deputatlar da deyir ki, onun gəlməsi düz deyil. Yaxşı, düz deyil. Nəyə görə parlamentdə Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə sorğu göndərmirlər ki, niyə Daxili İşlər Nazirliyi bu erməninin Azərbaycana gəlməsinə imkan verib? Niyə sərhəd qoşunlarından hesabat tələb etmirlər ki, bu adam Azərbaycan sərhəddindən necə keçib, gəlib? Niyə Xarici İşlər Nazirliyindən hesabat tələb etmirlər ki, niyə buna viza verib? Bunlar qıraqda qalıb. Hökumətin bir neçə institutu bu qızın bura gəlməsində iştirak edib, məni söyürlər. Mən sadəcə olaraq bunun bizim əleyhimizə işləməməsi üçün demişəm ki, bunu etirazla qarşılmağın mənası yoxdur. Onsuz da bu adam gəlib. Sadəcə olaraq biz bundan sonra ağıllı olaq və dünyaya təqdim edək ki, görürsünüz biz ermənilərə qarşı tolerantıq, biz erməniyə düşmən deyilik. Biz sadəcə olaraq Qarabağı işğal edən erməniyə düşmənik, ermənilərin hamısına düşmən deyilik”.

(Ardı var)

Şamo EMİN