Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb... - "ADIMA 23.5 MİLYON YAZIBLAR, ÖDƏMƏK FİKRİM YOXDUR..."

Baxış sayı:
10234

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşmişdi.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələrilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı”ASC, Vergilər Nazirliyi və “Aqrokredit” bank tanınıb.

Zaqatalada, köhnə kərpic zavodunun yerində...

Prosesdə əvvəlcə təqsirləndirilən şəxslərdən Nəvai Şirinov dindirilib. O, ifadəsində deyib ki, Dünyamin Xəlilovu 2005-ci ildən deputatlığa namizəd olan vaxtlardan tanıyırdı. Onunla Zaqatala şəhərində tanış olmuşdu.

Şirinovun dediyinə görə, 2007-ci ildə D.Xəlilov onu yanına çağıraraq “Alfa Construction” MMC təsis edildiyini, həmin cəmiyyətin sifarişi ilə Beynəlxalq Bankdan götürüləcək kredit vəsaiti hesabına Zaqatalada köhnə kərpic zavodunun yerində yeni yaşayış binaları tikiləcəyini bildirib, adıçəkilən şirkətə direktor təyin etmək istədiyini deyib.

 “Bu vəzifəyə məni Dünyamin Xəlilov gətirib. Direktor işlədiyim dövrdə 300-600 manat əməkhaqqı almışam. Biz tikinti ilə məşğul olmuşuq. Sonradan mən “Kənan İnşaat” şirkəti ilə işləməyə başladım, Beynəlxalq Bankdan adıma kredit götürülüb.Bütün kredit müqavilələrinə Dünyamin Xəlilovun göstərişi ilə gedib imza atmışam”-təqsirləndirilən şəxs özünü belə müdafiə etməyə çalışıb.

 

Həmin layihəyə əsasən 2008-ci ilin  yazından etibarən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 saylı ünvanda “Kənan İnşaat” MMC  tikinti işlərinə başlayıb. Layihə üzrə həmin ərazidə 18 ədəd 7 mərtəbəli 216 mənzilli yaşayış kompleksinin tikilməsi nəzərdə tutulub.

“Adıma 23.5 milyon manat yazıblar, heç ödəmək fikrim də yoxdur...”

N.Şirinov deyib ki, 2010-cu ilə qədər Beynəlxalq Bankın Zaqatala filalından kredit götürüb: "Nə qədər kredit götürüldüyünü dəqiq xatırlamıram. Əvvəl 300 min, sonra 450-800 min manat kredit götürülüb. Kredit müqaviləsi hazır formada gəlirdi, mən də imzalayırdım. 2010-cu ildən sonra isə Bakıya gəldim".

Tərəflərin suallarını cavablandıran N.Şirinov bildirib ki, onun əsas işi şirkətə aid olan bütün sənədlərə imza etməkdən, Zaqatala rayonunda tikinti ilə bağlı müəyyən işlərin həll edilməsindən və tikintiyə vaxmağa gəlməli olan şəxsləri qarşılayıb yola salmaqdan ibarət olub: “Beynəlxalq bankdan adıma 23 milyon 53 min manat kredit götürülüb. Məbləğlərin şişirdiləməsi ilə razı deyiləm. İtihamda qeyd edilib ki, 2 milyondan çox şişirdilmə olub, həmin pulları mənimsəmədə təqsirləndirilirəm. Hazırda pulları ödəmək barədə də fikrim yoxdur".

Hakim təqsirləndiriləni danlayır

Hakimin “sənədlərə Bakıda gəlib qol çəkirdin” sualına N.Şirinov “yox, sənədləri avtobusla rayona göndərirdilər” cavabı verib.

Hakim:

-Bu boyda pul köçürmələridir. Bu, doğum haqqında şəhadətnamə deyil. Sənədlərdə sənin imzan var. Burada sadəlöhvcəsinə danışırsan. Böyük bir kompleks tikilib. , podaratçı sənsən. Sən isə deyirsən ki, sənədləri avtobusla göndəriblər.

N.Şirinov:

-Mən olmasam da başqası qol çəkəcəkdi. Bakıdan gəlib yoxlayırdılar, baxırdılar.

N.Şirinovun dediklərindən belə məlum olub ki, onu Vergilər Nazirliyinin istintaq idarəsinə çağırıblar: “Üç dəfə çağırdılar. Axırda aktı imzaladım”.

Hakimin “Beynəlxalq bankdan kredit götürmək təşəbbüsü kimin ideyası idi” sualına N.Şirinov bütün layihələrə Dünyamin Xəlilovun şəxsən özü rəhbərlik etdiyini, onun məlumatı olmadan heç bir iş görmədiyini, onun göstərişi ilə sənədlərə imza atdığını deyib.

“Cahangir Hacıyevə zəng vurub iş istədim...”

Prosesdə təqsirləndirilən Camal Həsənov də ifadə verib. O, ifadəsində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və İqtisadiyyat Universitetini bitirdiyini, uzun müddət ərəb ölkələrində işlədiyini, xarici iqtisadi əlaqələrlə məşğul olduğunu göstərib. Həsənovun dediklərindən: “2004-cü ildə işsiz idim. Cahangir Hacıyevi 1990-cı illərdən tanıyıram. Zəng vurub iş istədim. Həmin vaxtlarda “General Construction” MMC-nin rəhbəri Dünyamin Xəlilov idi.  O, millət vəkili seçildikdən sonra 2006-cı ilin  mart ayında direktor təyin olunmuşam. Yerli və xarici firmalarla danışıqlarda iştirak edirdim. Əsas vəzifəm mal-materialların alınması, gömrük məsələləri, işçilərin fəaliyyətinə nəzarətdən ibarət olub. Maliyyə və kadr məsələlərinə qarışmamışam”.

8 milyondan artıq pulu mənimsəmədə ittiham olunan C.Həsənov özünü təqsirli bilməyib: “Pulların hansı istiqamətə xərclənməsini bulməmişəm, bütün bu məsələlərdən tamamən kənardayam. Özümü təqsirli bilmirəm. Mənim əlim pula dəyməyib, pul mənimsəməmişəm. Formal olaraq direktor olmuşam”.

Dünyamin Xəlilov deyib ki, təhlükəli heç nə yoxdur, imzala getsin

Daha sonra təqsirləndirilən Səlahəddin Qədirov dindirilib. İfadəsində ixtisaca mühəndis olduğunu, bir müddət Moskvada işlədiyini, 2003-cü ildə keçmiş iş yoldaşı Nazim İbrahimovun məsləhəti ilə “General Construction” MMC-yə işə düzəlmək üçün Dünyamin Xəlilovla görüşdüyünü bildirib: “Öz işimdən ayrılıb burada işləməyə başladım. Əvvəl məsləhətçi, sonra menecer, daha sonra isə tikinti departamentinin direktoru təyin olundum”.

 

2004-cü ilin may ayından etibarən  D.Xəlilovun göstərişi ilə “Aygün İnşaat” MMC-nin direktoru təyin edilib. Adıçəkilən müəssisə ilə bağlı bir direktor kimi fəaliyyəti olmadığını, möhürün və ştampın onda olmadığını deyib: “Dünyamin Xəlilov məni yanına çağırıb dedi ki, dövlət sifarişi ilə başqa bir şirkətə müdir təyin edilirəm. Məmin xəbərim olmadan müqavilə təqdim etdilər. Həmin vaxt şirkətin hüquqşünası Əli Axundov da Dünyamin Xəlilovun yanında idi. Dedi ki, təhlükəli heç nə yoxdur. Sənədləri oxumadan imzalamışam”.

S.Qədirov deyir ki, 2005-ci ildə ingilis dilində imzaladığı sənəddən 2015-ci ildə istintaq zamanı xəbər tutub: “Müqavilə ingiliscə idi. Mən ingilis dilini bilmirəm. Amma qol çəkmişəm. Dünyamin Xəlilov o vaxt deyirdi ki, narahat olmayın. 2015-ci ildə vergi istintaqı zamanı Dünyamin Xəlilovun yanına gedib soruşanda yenə də arxayın saldı”.

 

27 milyon 800 min avro dəyərində pulun mənimsənilməsində ittiham olunan S.Qədirov 2007-ci ildə şirkətin işi ilə əlaqədar Zaqataladan  qayıdarkən qəzaya uğradığını deyib. Bildirib ki,  il yarım xəstə yatıb. O zamandan bəri hələ xəstədir.

“İki dəfə ürəyimdən əməliyyat olunmuşam. Ağır vəziyyətdə idim. Sənədləri evə gətirirdilər, qol çəkirdiçm. 2015-ci ildə o sənədləri əldə etdim. Dünyamin Xəlilov dedi ki, Dubay layihələrinə yönəlib, mənimsənilməyib. Mən ittihamla özümü təqsirli bilmirəm. Nə banka getmişəm, nə xaricdə olmuşam. Hazır sənədlərə qol çəkmişəm, şirkət mənə məxsus olmayıb. Vəsaitlərin hara xərcləndiyini bilmirəm”-Qədirov bildirib.

Bütün bu ifadələrdən, dindirmələrdən sonra iş gününün sonuna doğru prosesdə fasilə elan olunub.