​Britaniya analitik mərkəzi Azərbaycanda firavanlıq səviyyəsini qiymətləndirdi

Baxış sayı:
6931

Britaniyanın “Legatum Institute” analitik mərkəzi tərəfindən hazırlanmış “Tərəqqi indeksi - 2018” (Prosperity Index - 2018) siyahısında Azərbaycan 99-cu yeri tutub. 
Muxalifet.az media.az-a istinadən xəbər verir ki, ölkəmiz ötən illə müqayisədə beş pillə, 2006-cı illə müqayisədə səkkiz pillə irəliləyib.
Reytinqdə hər bir ölkənin doqquz kateqoriya üzrə nailiyyətləri qiymətləndirilib: iqtisadiyyat, idarəetmə, təhsil, tibb, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital, ekologiya və sahibkarlıq.
Azərbaycanın bu siyahıda ən yaxşı göstəriciləri təhsil (52-ci yer) və təhlükəsizlik (59-cu yer), ən pis göstəricisi isə ekoloji sahə (139-cu yer) ilə bağlı olub. 
Əhəmiyyətli irəliləyiş işgüzar mühit üzrə göstəricidə (69-cu yer) olub ki, ötən illə müqayisədə bu kriteriya üzrə Azərbaycan 17 pillə irəliləyib. 
Tibb sahəsində ölkəmiz 69-cu, iqtisadi inkişaf üzrə isə 83-cü yerdə qərarlaşıb. 
Azərbaycan şəxsi təhlükəsizlik (112-ci yer), effektiv idarəetmə (119-cu yer), sosial kapital (137-cu yer) və ekoloji (139-cu yer) göstəricilər üzrə ilk yüzlükdən aşağı olub. 
Qeyd edək ki, firavanlıq siyahısına bu il 148 ölkə və bir ərazi daxil edilib. Ən firavan ölkə adını Norveç qazanıb. İlk onluğa Yeni Zelandiya, Finlandiya, İsveçrə, Danimarka, İsveç, Böyük Britaniya, Kanada, Hollandiya və İrlandiya daxil olub. Siyahının sonuncu yerlərini isə Yəmən, CAR və Əfqanıstan tutub. 
Postsovet məkanı ölkələrinə, Azərbaycanın qonşusu olan Türkiyə və İrana gəlincə, onlar arasında ən yaxşı göstərici Estoniyaya (26-cı yer) məxsusdur. Litva 36-cı, Latviya 40-cı, Qazaxıstan 73-cü, Qırğızıstan 78-ci, Gürcüstan 80-ci, Belarus 89-cu, Türkiyə 93-cü, Rusiya 96-cı, Moldova 98-ci, Azərbaycan 99-cu, Tacikistan 101-ci, İran 108-ci, Ukrayna 111-ci olub.