Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI / ll Hissə

Baxış sayı:
1063

Əvvəli bu linkdə: Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI

Öz  ailə namusunun, yəni, anasının,  bacısının,  qadınının və s. başqasının hurisi  (oxu, siğəsi, məşuqəsi,  aşnası)  kimi  istifadə  olunmasına hansı  kişi,  hansı  əxlaqla,  hansı  qeyrətlə  razı  ola  bilər?! Cənnətdə  insan  əxlaqı  işləməyəcəksə, insani  baxımdan  əxlaqsızlıqmı  olacaq?! 
Kişilər,  öz  hurilərinin,  qadınlarsa  öz  qılmanlarının  kimliyini  tanıya  biləcəklərmi? Tanıya  biləcəklərsə, onda  öz  sağlıqlarında  yaşadıqları yaxşı,  pis  münasibətlər  də  oraya  daşınacaqmı? Yox,  tanıya  bilməyəcəklərsə, onda  eynən  ərəblər  kimi  öz  doğmaları  ilə  seks  yapma  ehtimalı yaranır...  Bunu  necə  qəbul  etmək  olar,  belə  hallarda,  yəqin  ki,  əxlaqlı  kişi  və qadınların cənnətdən imtina  halları da olacaq... Bəs onda  cənnəti  istəməyən (Quranda, cənnətə  məcburi  göndərilmə  halları  nəzərdə  tutulmayıb),  cəhənnəmə  isə  düşməyənlər çöldəmi,  qayğısızmı  qalacaq?! Bu  ki,  ədalətsizlik  olardı,  çünki,  bunlar  ömrünün  bir  hissəsini  dinə  həsr  edən  möminlərdir, axı.
Yaxud, Allahın  özünün  yaratdığı,  bir-birilə  seks  yapan eyni  (eşit) cinslilərin o  dünyadakı taleyi necə olacaq? Onların  belə  yaranması Qurana görə sözsüz  ki,  Allahın  istəyi  ilə  olub, onlar  cənnətəmi,  yoxsa  cəhənnəmə düşəcəklər? Cənnətə kimsə  etiraz  etməz,  ancaq  cəhənnəmə  düşsələr... Niyə?  Bu  eşcinslilərin müsəlman  möminləri  də  var. Onlar  necə  olacaqlar,  onlarla  da  kafir  eşcinslilər  kimi,  yoxsa  fərqli  davranılacaq,  fərqli  davranılacaqsa, necə? Məncə,  Allah,  böyük əksəriyyətin əxlaqsız saydığı bu eşcinsliləri niyə belə keyfiyyətdə - hamı kimi yaratmadığına, orta cinsdə-anormal  yaratdığına izahat verməlidir. Quranda bu məsələ var (Quran,Əraf,81,Qəmər,36),  ancaq buna izahat yoxdur, onlar  ki,  özləri özlərini  belə  yaratmamışlar. Onları  da Allah  yaradıb.  Yox  əgər, bunları  Allah belə yaratmayıbsa,  deməli,  insan  özü  özünü istədiyi kimi yarada  bilir, deməli insan  özü  Allah  iradəsindən  kənar  yaradıcı  qüvvədir, deyilmi? (Bu,  nəsə  çəp  sual  oldu,  ona  görə  də  hesab  deyil,  yəni küfr  sayıldığından  protokoldan  çıxarılır...)
Bilimə  görə,  bu  cür  olmaları  onların (eşcinslilərin) dölünün necə  mayalanmasından, erkək və dişi hormonların döldə  iştirak  nisbətindən irəli  gəlir. Deməli, bu  cür  davranışları  da  onların  təbii  ehtiyaclarından  doğur,  deyilmi?  Belə  olan  halda,  onları  eşcinsiliyə  görə  necə  qınamaq,  təqsirləndirmək,  aşağılamaq,  məsuliyyətə  cəlb  etmək  olar...  Axı,  onların  bu  cür  formalaşması  öz  iradələrindən  asılı  deyil,  onları  törədən  olayların,   faktların  necə  oluşmasından  asılıdır?  Məncə,  onlar  ya öz  istəklərilə  müalicə  olunub,  böyük  əksəriyyətin  durumuna  gətirilməli,  ya  da  doğal  haqları  olduğu  keyfiyyətdə  tanınmalıdır. Çünki  başqa  cür  ədalətsizlik  olardı.
Ümumiyyətlə,  Qiyamətdən  sonra  Quranda  iki  obyekt  göstərilir,  möminlərçün  cənnət  və kafirlərçün cəhənnəm,  üçüncüsü  göstərilmir...  Baxıram,  bu  işlərdə  çox boşluq, qarışıqlıq var... Odur ki,  bu  məsələlərdə  boşluqları,  anlaşılmazlıqları  aradan  qaldırmaq  üçün  Qurana  əlavələr  edilməsi  zərurəti  yaranır (əlavəsə,  etmək  olmaz,  çünki,  müqəddəs  sayılan  kitablarda  yazılan  bir  ehkamdır,  dəyişilməz),  yoxsa,  ümmətin  tən  yarısı  çöldə,  qayğısız,  anlaşılmaz  halda  qala bilər. Nə  qədər  gec  deyil,  bu  məsələlər  həll  edilməlidir,  yoxsa  Qiyamət  gecikə, bu  isə  daha  pis – qrafik  pozula  bilər. Buna   isə  yol  vermək  olmaz. Çünki hər  şey  öncədən  alına  yazıldığı  vaxtda  baş  verməli  və  hamı  nəzarət  altında  olmalıdır.
Nəsimi  filmində Teymurləng Nəsimiyə dediyi  kimi – “Allah  xofundan  qorxmayan,  qorxusuz  insan (oxu, nəzarətdən  qıraqda  qalan)  qudurmuş  itdir”.

Daha  bir  vacib  məsələ. O dünyada  (cənnət  və  cəhənnəmdə)  idarəçilik  hansı  formada (diktaturamı,  demokratiyamı),  hansı  rejimdə  (ümumimi,  ciddimi,  xüsusimi,  qapalımı, liberalmı)  olacaq,  bilinmir. Çünki  Quranda  bu  məsələ  də  yoxdur. Amma bircə  bunu  soran  yoxdur  ki,  axı,  insan  axirətdə  ruh  şəklində  olacaqsa,  onda bu  vəd  olunanlardan  necə  yararlana  biləcək? Bunların ki,  ləzzət  almağa  bədəni,  siniri, duyğusu,  hissiyyatı,  ağlı  olmayacaq...
Yox, əgər hamı  bizi  kimi  canlı  olacaqsa,  onda cənnətdəki  saysız-hesabsız (bəlkə,  qiyamətədək  trilyonlar qədər oldu)  adamın biş-düşünü,  yeyib-içməyini,  seks  xidmətlərini,  cəhənnəmdəkilərin  cəzalandırılmasını  çatdırmaq  üçün  daha  bir  dünyalıq  xidmətçi, cəza  texnikası, təchizatçı, nəzarətçi  lazım  olacaq... Bu  xidmət  kontingenti  hansılardan  komplekləşdiriləcək,  möminlərdənmi,  yoxsa  kafırlərdənmi... Bunların  hansıları,  harada  olacaq, xidmətçilər mükafatlarını  necə  alacaq,  yaxud, cəzalarını  necə  çəkəcəklər? Soruram,  axirətdə iki  dünyalıq  trilyonlarla (bəlkə, ondan  da çox)  adam  niyə  əbədi  olaraq  saxlanılacaq? Hər yaxşı  əmələ  həddi  olan  bir  mükafat  verildiyi  kimi,  pis  əmələ  görə  də  verilən  cəzanın  bir  həddi  niyə  olmalı  deyil? Bunun  mənası  nədir,  mənasızlıqmı?!...  
Bu  dünyada,  yəni Yer planetində insana heç  nəyi  havayı  verməyən, yaşamını, yalnız  öz  ümüdinə buraxan, imtahan  adıyla qədərsiz  çətinliklərə, zülmlərə,  ölümə  calayan  Allah,  xeyr  ola,  axirətdə  bu  qədər  günahlı,  günahsız  adamı  əbədi  olaraq,  müftə  bəsləsin?  Belə  çıxır  ki, Qiyamətdən sonra  Allahın  işi,  gücü  əbədi  olaraq,  ancaq  cənnətdəkilərin keyf,   cəhənnəmdəkilərinsə  cəza  qayğılarını  çəkmək  olacaq,  deyilmi?  Axı,  burada  məqsəd  nədir, məntiq  hanı?   Ya  da  Allah,  özünün bilərəkdən səhvə, yaxud  düzə  caladığı  insanlara bu  lüzumsuz,   gərəksiz  qayğıları əbədi olaraq çəkirsə,  burada da bir məntiq olmalıdır... Ancaq,  yox,  məqsəd  var. Məqsəd,  din dələduzlarının fani  saydıqları bu  dünyada  insanları  Allah  adından öz  faydalarına  itaətə  gətirmək,  ciblərini  soymaqla parazitcəsinə, keyflə yaşamaqdır, vəssəlam, başqa  heç  nə.  Necə  ki,  xristianlıq adından Vatikan deyir: “pokayaniye  i  iskupleniye”(Yevronyüs  rusca,  21.02.2019). Yəni qeyd  olunmayan (?!) günahlarının bağışlanmasını  peşimançılıqla  xahiş  et  və  günahlarını  satın  al. Başqa  sözlə,  kilisəyə  pul  ödə  ki,  olmayan  günahların  bağışlansın (Allaha  rüşvət),  yoxsa, cəhənnəm  dərgaında əbədi  əzab  çəkəcəksən...  Burada,  salavat  yerinə  bir  sual  çıxır: - Görəsən,  din  adıyla  ianə,  nəzir  verənlərdən də  avam  və  insanlıq  düşmanı  olan   adam  varmı?...
Məsələn,  Türkiyə  Diyanet  Vəqfinin   hesabında yığılan 8.4 milyard  dollar ianə  kimə,  nəyə  və  nə  üçün  xərclənir  və  ya  niyə  millətin  möhtaclarına,  ehtiyacına,  bilim oxumasına xərclənmir, soran  varmı?   Yoxdur,  cahillikdə  sorğu  yasaq.  Özlərinə  sərf  eləyənlər  deyib:  sol  əlin  çırpışdırdığını,  sağ  əl  bilməməlidir. Yoxsa,  bütün  aləm  bilər,  Allahın  yerdəki  nümayəndələri  sorğulanar  və  nəticədə  yenə  Qiyamət  gününün   gəlməsinin  qeyri-müəyyən  qrafiki  pozular, qəti   olmaz!
Bizimkindən  heç  bir  soraq  yoxdur. Çünki  yurdda  bir  qəbristanlıq  sükutunu  “Necə  görmüşdüsə  Nuh,  öyləcədir” (Böyük  kişi  şair,  M.Ə.Sabir). Sadəcə, hələ  keçən  əsrin  70-80-ci  illərindən Bakıda  bağ evi, Cildə  38  pəncərəlik  ikimərtəbəli   balaca  bir  ev,  Montində  balaca  bir  saray,  son  vaxtların  ara  sözlərinə  görə,  kafirlər  ölkəsi  Çexiyada  (Lerik  çexləri  yox)   milyonluq  namaz  otağı,  İspaniyada  şərab  kampanionu,  məscidlərdəki,  müqəddəs  elan  olunmuş  obyektlərdəki,  yeni  qayrılan  imamzadələr  və  pirlərdəki  nəzir  qutuları,  yas  mərasimi  sarayları  və  evləri,  hə  bir  də  bir  neçə  alver,  yəni, biznes  sahələrinin  manapoliyası  və  sair  bu  kimi  xırda  şeylər...  Yenə  də  şəffaflıq  olmayan  yerlərdəki   ara  sözlərə  görə,  təkcə  Bibiheybət  məscidinin  xalis  yığımı 2013-cü  ilin  birinci  devalvasiyasınadək aylıq  400  min  manat  olub...

(Ardı var)
Məmmədxan ƏZİZXANLI