​ “Bizə desəydilər, kasıb vaxtımızda dilənib Tarif Şurasına verərdik ki, qiymətləri qaldırmazdılar” – Hafiz Hacıyev

Baxış sayı:
7741

Tarif Şurasının nəqliyyatda qiymətləri qaldırması cəmiyyətdə narazılıqla qarşılandı. İnsanların sosial durumlarının elə də yüksək olmadığı bir vaxtda metro və marşrut avtobuslarında gediş haqlarının qaldırılması təbii ki, arzuolunan deyil. 
 Bəs nəqliyyatda gediş haqlarının  birdən-birə 50 faiz artırılması nəyə xidmət edir?
 Moderator.az-ın sualını cavablandıran Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, belə bir həssas məqamda gediş haqlarının qaldırılması mənfi haldır:
  “Bunlar başa düşülən bir şey deyil. Dövlət və hökümət üzvləri çalışmalıdır ki, bütün sahələrdə millətin cibinə uyğun addım atsınlar. Çox təəssüf ki, bunlar elə bil millətə acıq vermək üçün, millətin hissinə toxunmaq üçün bu cür addımları atırlar. Mən bunu normal hesab etmirəm. Burada psixoloji və ideoloji baxımdan fəsadlar ola bilər. Məsələn, deyəcəklər ki, neft ölkəsində qiymətlər yenə qaldırıldı. Bu düzgün addım deyil. Bunlar acından ölmürlər ki, bu sahədə çalışanların milyardları var, ondan bir milyon da bu sahəyə qoysunlar. İstəməzdim bu qədər qarşıdurmaya gedilsin, istəməzdim ki, dövlətimə və ölkə başçısına qarşı kin-küdrət yaratsınlar. Mən dövlətimi və dövlət başçımı sevən bir insanam və düşünürəm ki, bu addımların hamısı dövlət başçısı ilə xalq arasında dedi-qoduya səbəb olan bir addımdır. Görürsünüz ki, günü-gündən dükan-bazarlarda qiymətlər qalxır. Mal əti bahalaşıb, qarpızın kloqramı 60 qəpikdir. Bu gün metroda və marşurut avtobuslarında qiymətləri qaldırırlar. Axı bütün təbəqələri nəzərə almaq lazımdır. Qiymətləri 10 qəpik qaldırmaqla nəyəsə nail olacaqlarmı? Xeyr. Bu məmurlar xaricdə az villalar alsınlar, az milləti talan etsinlər, az maşın kolleksiyaları yaratsınlar, bəsdi övladları dollar vannalarında fotolar çəkdirib millətin hissiyatına toxundular. Mən düşünürəm ki, dövlət başçısı bu məsələləri bilsə, sərt tədbir görəcək. Bir prokurorun rüşvət alması xəbəri prezidentdə məruzə edilən kimi onu həbs etdirdi.  Biz prezidentə kömək edək, onun atacağı addımlara dəstək olaq. Amma baxın Tarif Şurası bunları edirmi?! Belə bir həssas dövrdə qiymətlərin artırılmasına nə ehtiyac var idi?! Düşünürəm ki, bu, millətə qarşı saymamazlıqdı, millətin hissiyatıyla oynamaqdı. Bunu bizə desəydilər, kasıb vaxtımızda gedib ondan-bundan dilənib pul yığıb Tarif Şurasına verərdik ki, belə yersiz addımlar atmasınlar”