ZƏHƏRLİ TOXUM - Eldəniz Quliyev yazır
Bu toxumu kimlər səpdi, İlahi? Bu sayaq cırlıq, bu qədər düşüklük, bunca şərəfsizlik nədən baş qaldırdı?.. Biri dəyyusluğu, biri işverənliyi ilə fəxr edir, digəri harınlığı, qudurğanlığı ilə öyünür!..
Aman, kimlər elədi bunu, nədən, nə səbəbə elədilər?.. Məgər anlamırdılarmı, bu toxum zəhərlidir və nəhayətdə cücərib-boy atıb möhtəşəm bir millətin qan nizamına hopacaq, ləyaqətinə, qüruruna, heysiyyətinə qənim kəsiləcək?! Necə qıydılar axı bu millətə?..
***
...Budur, birisi beş-on manatın xətrinə günahsız insanın üzünə durur və dərk eləmir ki, işverənliklə başqa "verənlik" eyni şeydi... "Siyasi pişiklənmə" musiqisiylə oriental rəqs eləyən digər bir yekəbaş isə vətənini, xalqını öz varlığından artıq sevən ləyaqətli insanları hədəf alır, - şər-şəbədələr qoşur, həya-abır bilmədən, təmiz insanlara çamur atır, həbs etdirir və: "- Bizim hakimiyyətin analoqu yoxdu, dünya bizə paxıllıq edir, müxalifət nankordu, satqındı, erməni dəyirmanına su tökür, əhali naşükürdü, şadlığına şitlik edir və s.və i. a...”- deyir.
Deyir və bircə çimdik də vicdan əzabı çəkmədən, özü kimi yaltaq və nadürüstlərə qoşulur... Sonra da, p...xun yemiş xoruz kimi yastl-yastı yeriyib avtobusa minir - "HEÇ HARA" marşrutu ilə işləyən "avtobus müxalifəti" avtobusuna!..
İri buynuzları ilə fəxr edən, - üzr istəyirəm - oğraşlığından ləzzət alan vəzifəli dəyyuslardan biri də qayıdıb: "- Bu millətin anasını ağlatmaq, gözünün odunu almaq, bir qarın çörəyə möhtac qoymaq, çullayıb minmək, lazımdı ki...qudurmasınlar!" - deyir.
Oğru, cinayətkar, korrupsioner və siçan-mişovul kimi Dövlətin bünövrəsini gəmirən digər bicbala bir məmur isə: "- Biz, mütləq İşıq gələn bütün dəlmə-deşiklərə pambıq tıxamalıylq. Xox gəlib xof yaratmalıyıq. Təkəm-seyrək ayıq və ağıllı adamların qulağından tutub ya türmələrə, ya da dəlixanalara atmalıyıq! Bu vasitələr kömək etməsə, Hindistandan doxsan doqquz vaqon fil qulağı alıb gətirməli və o qulaqardan rahat yataq dəstləri düzəltdirməliyik ki, millətin gözüaçıq kəsimi şellənib yatsın, kefimizə-zadımıza soğan doğramasın!" - deyir.
Dərrakəsi və intellekti ən çoxu, yarımca naxır dananı saymağa çatan (bəlkə də, heç ona da çatmayan!) özgə birləri, əks mövqe sərgiləyən azad fikir sahiblərini öz haram yaşayışlarına ciddi təhlükə kimi görür və nəyin bahasına olursa-olsun, onları sındırmaq, qorxutmaq - zərərsizləşdirmək istəyirlər... Zərərləşdirirlər də!..
Bütün bu "marallar" hələ iqtidarın ikinci eşalonu sayılır; yəni "araz aşığımnan, kür topuğumnandı" deyənlərdi. Sədd heyif ki, bunların arasında, özlərini müxalifət adlandıranlar, - yəni gündəmdə qalmaq üçün gündəyməzə üstünlük verənlər də az deyillər...
İndi özünüz qiymətləndirin: iqtidarın ikinci eşalonu bu gündədirsə, onda görün, bədbəxtlərin birinci eşalonu nə haldadır?..
Anan ölsün, Azərbaycan!
... Bu zəhərli toxumu kim səpdi, nə vaxt səpdi, niyə səpdi, İlahi?!
Bu toxumdan cücərənlər nədən bunca daşürəkli, amansız, bunca vicdansız, düşük, saxtakar, nadürüst oldular?..
***
Yazıdakı kobud ifadələrə görə üzr istəyirəm, sadəcə, bəzi məsələlərdə etikanı gözləmək, həqiqətən cətin olur...
Bəli, indi onlar at oynadırlar, "bro-bro" deyirlər, cəzasızlıq şəraitində kefdə-damaqdadırlar... Amma bu, HƏLƏ belədir, nə vaxtsa çərxi-fələyin tərsinə dövran elədiyi bir gün də gələcək və onda bu adamlar timsah göz yaşları axıdacaqlar, yalvarıb-yaxaracaq: "-Bizi bağışlayın” - deyəcəklər, - “nadan olmuşuq, qanmaz olmuşuq, danabaş olmuşuq”, - deyəcəklər...
Tutaq ki, bizim də humanizm damarımız tutacaq və rəhmə gəlib belələrini əfv edəcəyik, - noolsun?..
Bundan sonra onları bağışlamağın bir əhəmiyyəti-filanı varmı?... Bir də, biz nəkarəyik ki, kimlərisə bağışlayaq, ya bağışlamayaq?..
Şəxsən mən öz adımdan, belə nanəciblərə üz tutub deyirəm:
-Ay dili qafillər, ay bədbəxt uşağı, ay qurumsaqlar! Bu dünya cəmi-cümlətani beş günlükdür, beşi də iş gününə düşür; ayılın qəflət yuxusundan, insan olun, - hər kəsin, hər adamın ali məqsədi İNSAN olmaq deyilmi?!.. Anlayın, dərk edin, qanın, insan kimi düşünün və nəhayət öz-özünüzə sual verin ki, "Görəsən, etdiyimiz bütün bu pisliklərə, oğurluqlara, bəd əməllərə, xirtdəyəcən batdığımız günah və suçlara görə, Uca Yaradan bizi bağışlayacaqmı?.."
Eldəniz QULİYEV