ZAKİR QARALOV HAQQINDA SENSASİON İDDİALAR - “Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törədən ermənilərin “İnterpol”un axtarışına verilməsinə mane olub”

Baxış sayı:
1290

“Keçmiş baş prokuror vəzifədə olduğu 16 il ərzində Prezidenti və Azərbaycan xalqını aldadıb…”

13 noyabr 2007-ci ildə Qarabağ İstintaq Əməliyyat Qrupunun müstəntiqi Mirəhməd Abbasov baş prokuror Zakir Qaralova təqrir yazaraq bildirib ki, Azərbaycan ərazisində cinayət törədən 56 erməninin axtarışa verilməsi ilə bağlı məlumat saxtadır. M.Abbasov öz fikrini onunla əsaslandırıb ki, “İnterpol” 2006-cı ildə onların axtarışının dayandırılması ilə bağlı Azərbaycana rəsmi bildiriş göndərib. Müstəntiq baş prokuroru məlumatlandırıb ki, 3 may 2006-cı ildə Azərbaycan, Ermənistan və “İnterpol” üçrətəfli görüşü Azərbaycanın iştirakdan imtina etdiyi səbəbilə baş tutmadığı üçün, törətdiyi cinayətin miqyasından asılı olmayaraq, Azərbaycanın tələb etdiyi bütün şəxslərin axtarışına qadağa qoyulub. “O zamandan bu günə qədər millətlərarası məsələlərin qızışdırılmasında, o zamankı DQMR-in ərazisində, eləcə də Ermənistanla sərhəd bölgələrdə azərbaycanlı əhaliyə qarşı törədilən cinayətlərdə əli olan heç bir şəxsin axtarışı “İnterpol” tərəfindən aparılmır”, - deyə M.Abbasov baş prokurorun diqqətinə çatdırıb.

Əldə etdiyimiz məlumata əsasən, Zakir Qaralov bu fakta əhəmiyyət vermədiyindən, Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin aşkara çıxarılıb, onlarlar bağlı beynəlxalq müstəvidə hüquqi proses başlatmaq məqsədilə yaradılan Qarabağ Əməliyyat İnstintaq Qrupunun fəaliyyəti faktiki olaraq iflic olub. Buna baxmayaraq, Zakir Qaralov 16 il müddətində, yəni işdən azad olunan günə qədər hər il Prezidentə və xalqa bu haqda yalan informasiya verərək, guya beynəlxalq müstəvidə hüquqi prosedurların davam etdiyini bildirib.

M.Abbasov bildirir ki, Baş Prokurorluq bu cinayətlər üzrə istintaq müddətinin 15-17 il olduğunu bilə-bilə, “İnterpol”a yalnız 2005-ci ildə axtarış sənədləri göndərib. Bu isə o deməkdir ki, 1988-90-cı illərdə törədilən cinayətlərə görə heç bir şəxs haqqında axtarış elan edilməyəcəyi öncədən hesablanıb. Bununla da çoxsaylı insan ölümləri, o sıradan 1 milyondan çox insanın qaçqın düşməsi, Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməzi, ölkəyə milyardlarla dollar dəyərində maddi-mənəvi ziyan dəyməsi ilə nəticələnən əməllərə görə faktiki olaraq beynəlxalq müstəvidə heç bir şəxsin cinayəti tanınmayıb.

Qeyd edək ki, “Hürriyyət” olaraq, bu iddiaların müəllifi Mirəhməd Abbasovla əlaqə yaratmağa nail olduq. Onunla söhbətimizdə müsahibimiz daha dəhşətli faktları açıqladı. Buyurun, tanış olun!

- Mirəhməd müəllim, ilk öncə sizi daha yaxından tanımaq istərdik…

- Mən Abbasov Mirəhməd İbrahim oğlu, Azərbaycan Respublikası vətəndaşıyam. 25 ildən artıq prokurorluq orqanlarında xidmət etmişəm.

- Əldə etdiyimiz məlumata görə, hələ 2007-ci ildə keçmiş baş prokuror Zakir Qaralova təqrir yazaraq, Azərbaycan Respublikasında cinayət törətmiş 56 erməninin axtarışa verilməsi ilə bağlı məlumatın yalan olduğunu bildirmisiniz...

- Əvvəla, orda 56 nəfər deyil. Ümumilikdə, beynəlxalq axtarışa 73 nəfər 2005-ci il tarixdə, 2007-cı ilin yanvarında isə bir nəfər Karol ləqəbli erməni verilib. Yeri gəlmişkən, həmin 74-cü adamın - Karolun sağ olmadığını bilə-bilə, o, axtarışa verilib. 31 oktyabr 2003-cü il tarixdə cənab prezident fəaliyyətə başladığı gün ilk rəsmi göstərişi "Dövlətin Milli Təhlükəsizlk Konsepsiyası"nın hazırlanması barədə olub. Dövlət başçısı üçün ən vacib cəhət uzağı görməkdir. Həmin konsepsiyadan çıxan tələblərdən biri, xüsusulə əhəmiyyətli yeri Qarabağ hadisələri ilə bağlı idi. Hansı ki, bunun nəticəsində də 18 dekabr 2003-cü il tarixli birgə əmrlə Qarabağ İstintaq Əməliyyat Qrupu yaradılmışdı. İstintaq qrupu Baş Prokurorluğun yanında fəaliyyətə başlasa da, DİN və keçmiş MTN-lə birgə yaradılmışdı. Həmin İstintaq Qrupu Xocalı, Qaradağlı və digər yaşayış yerlərində azərbaycanlılara qarşı törədilmiş soyqırımları, qəsdən adam öldürmə, terror aktları, daimi yaşayış yerlərindən didərgin salınma, deportasiya, əsirlikdə olanlara işgəncə verilməsi və s. ağır cinayətlərin istintaq olunması məqsədilə, cənab prezidentin verdiyi həmin konsepsiyanın əsasında yaradılmışdı. Mən bu konsepsiyanı dönə-dönə oxuyub inandığıma görə, o İstintaq Qrupunda fəaliyyətim zamanı və sonrakı 14 il ərzində Xocalı, Qaradağlı və digər soyqırımları ilə bağlı vətənimizə, millətimizə, dövlətimizə qarşı törədilmiş bu cinayətlərin açılması, bunu törədən şəxslərin məsuliyyətə cəlb olunması üçün mübarizə aparıram. Baxmayaraq ki, prokurorluq əməkdaşı olmuşam, Zakir Qaralovun tabeçiliyində ola-ola 2007-ci ildə əvvəl onun özünə, 24 noyabr 2007-ci il tarixdə Milli Məclisin keçmiş sədri Oqtay Əsədova, 2008-ci il yanvarın 16-da Ali Məhkəmənin sədrinə, 14 fevral 2008-ci il tarixdə Prezidentimizin Milli və Dövlət Təhlükəsizliyi Məsələləri üzrə müşaviri olmuş Vahid Əliyevin, 29 fevralda onun müavinin qəbulunda olmaqla, sənədlər təqdim etmişəm. Bu gün Zakir Qaralov vəzifədən gedib deyə mən ortaya çıxmamışam. Zakir Qaralovun nələr etdiyini bütün xalq bilir. Konsepsiyada isə deyilir ki, "tarixin zərurəti olduğu üçün bu İstintaq Qrupunun yaradılmasına dair prezidentin verdiyi göstərişdə Milli Təhlükəsizlik Konsepsiyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dövlət orqanlarının və vətəndaş cəmiyyətinə beynəlxalq səviyyədə və ölkə daxilində fəaliyyətinə və səylərinin uzalaşdırılması, Azərbaycan Respublikasına qarşı təcavüz və ərazinin bir hissəsinin işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərinin tədqiqi, erməni probleminin hərtərəfli dərindən tədqiqi, həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, münaqişəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin təmini məqsədilə kompleks işlərin görülməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilməsinə dair müddəasına müvafiq olaraq həmin cinayət işi üzrə aparılacaq istintaqın əldə edəcəyi nəticələrdən beynəlxalq səviyyədə Qarabağ probleminin sülh yolu ilə həllinə nail olunması planının həyata keçirilməsində dövlətimizin mövqeyinin milli və dövlət mənafelərimizin təmin olunması istiqamətində istifadə olunacağı xüsusi olaraq qeyd edilmişdir". Bir neçə il bundan əvvəl əksəriyyət Qarabağın qayıtmasına ən azı inanmırdı. Hər bir adam tənqid edə, irad bildirə bilər, amma klassik sual var: bəs nə etməli? Mən indi əldə etdiyimiz nəticəni 2008-ci ildə görürdüm. Mən buna hazırlaşmağı qarşıma məqsəd qoyub, bunun yolunu göstərdim…

- Zakir Qaralova müraciətinizə nə kimi cavab verildi?

- Bu məsələləri qaldırdığıma, yəni rəsmi müraciət etdiyimə görə, İstintaq Qrupundan uzaqlaşdırıldım ki, bunlara mane olmayım, ermənilərin xətrinə dəyən olmasın. Ancaq mən oturmadım və yazıb-hazırlayıb rəsmi surətdə "nə etmək"lə bir yerdə təqdim etdim. 29 fevral 2008-ci ildə 21 səhifədən ibarət təkliflərimi, 17 fevral 2008-ci il tarixdə cənab prezidentə ikinci müraciətimi yolladım. Həmin vaxt Kosovanın müstəqilliyi bir sıra böyük dövlətlər tərəfindən tanınandan sonra, mən Qarabağla Kosova arasında paralellik apardım. Hansı ki, Qarabağ hadisələri ilə Kosova nümunəsi yüzdə yüz eyni idi. Orada bizə çox böyük təhdid yarana bilərdi. Onun qarşısını almaq üçün təkliflərimi də bura saldım, 21 bənddən ibarət təklifi Vahid Əliyevin müavininin qəbulunda olub ona təqdim etdim ki, məni uzaqlaşdırsanız da, bu, ümummilli, dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən məsələdir, gəlin bu məsələnin istintaqını elə istiqamətdə quraq ki, ondan bizə zərər gəlməsin, gələcəkdə bundan istifadə edə bilək. Əksinə, nələr oldu... Milyonlarla xərc çəkilib 26 nəfərdən ibarət İstintaq Qrupu yaradılsa da, fəaliyyət olmadı. İstintaq Qrupunun qarşısında duran məqsəd sadaladığım hadisələrin istintaqını aparmaq idi. 2 il 9 ay ərzində bu İstintaq Qrupu tərəfindən görülmüş işlər budur ki, 2006-ci il 31 yanvarda Petrosyan Karo Vanoyeviç barəsində, qalan 73 nəfər barəsində isə 2005-ci ildə təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb və axtarışa verilib. Axtarışa verilənlərin 56-sı beynəlxalq axtarışa, 18-i isə yerli axtarışa, yəni Azərbaycan Respublikası DİN-ə verilib. 73 nəfər barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə qərarı çıxarılıb axtarışa veriləndə 1988-91-ci illlərdə cəlb edilənlər üçün açılan işlər yoldaşlıq məhkəməsinə göndərilmişdi. Çünki SSRİ mövcud olan vaxt Qarabağda fövqəladə vəziyyət elan olunmuşdu, fövqəladə vəziyyətə nəzarət etmək SSRİ DİN-in daxili qoşunlarına həvalə olunmuşdu. Onlar maşınlarda, evlərdə axtarışlar aparmış, kiminsə maşınından 3 ədəd patron tapılmışdı, kiminsə evindən bir neçə patron tapmışdılar. Onlar barəsində protokol tərtib olunmuş, cinayət işi başlanmışdı və o dövrdə mövcud olan qanunvericiliyin tələblərinə əsasən həmin işlər yoldaşlıq məhkəməsinə göndərilmişdi. Əksəriyyət üzrə yoldaşlıq məhkəməsi işə baxıb onlara töhmət vermişdi və nəticəsini göndərmişdilər.

15-17 ildən sonra, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti bitdikdən sonra xalqı, dövləti aldadıb, bu işlərin tarixini dəyişib, təqsirləndirilən şəxs qismində qərar çıxararaq, həmin şəxslər beynəlxalq axtarışa verilib. Hətta beynəlxalq axtarışa verilən şəxslərdən birinin ümumiyyətlə 14 yaşı da yox idi. Yəni 14 yaşı tamam olmamış şəxs, aydın məsələdir ki, cinayətin subyekti ola, ümumiyyətlə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu siyahı üzrə o vaxt, 2007-2008-ci ildə araşdırmalar aparıb, 4 ədəd cədvəl tərtib etmişdim. Həmin o cədvəllərdən olduğum qəbullarda da verdim, cənab Prezidentə də göndərdiyim sənədlərdə var. O vaxt 1991-ci illərdəki “patron işi” ilə bağlı cinayət məsuliyyətinə qanunsuz cəlb olunmuş 14 nəfərin siyahısını vermişəm. Patron partlayıcı maddə hesab olunmur, lap olunsa belə bizimkilərin 1988-ci ildəki işə 2005-ci ildə gətirib axtarış verməsindən ermənilər çox gözəl istifadə etdilər. Bizim məcəllədən onların da xəbəri var. Bizim bu maddələri açıb “İnterpol”a müraciət etdilər ki, bəli, biz razıyıq, ancaq üçtərəfli görüş - Azərbaycan, Ermənistan, “İnterpol”un görüşünü tələb edirik. Görüş keçirin və bizə sübut etsinlər ki, bunlar cinayətkardır və bunların barəsində axtarış qərarı beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Bizimkilər, yəni Azərbaycanı təmsil edənlərsə, bu görüşdən imtina etdilər.

- Nə üçün bu görüşdən imtina olundu?

- Çünki, tutduqları əməlin nədən ibarət olmasını gözəl bildiklərinə görə, Ermənistan bizi bütün dünyada biabır edəcəkdi. Bunun nəticəsində 3 may 2006-cı ildə “İnterpol” rəsmi şəkildə Azərbaycana qadağa qoydu. Yəni erməni millətindən olan şəxslərin törətdiyi cinayətin xarakterindən asılı olmayaraq, onların Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməsinə qadağa qoyuldu. 1 may 2020-ci il tarixdə Zakir Qaralov vəzifəsindən gedəndən, yeni baş prokuror gələndən sonra bir neçə erməni barəsində prokurorluğun istintaq idarəsinin apardığı cinayət işləri üzrə tələb olunan səviyyədə sənədlər tərtib olunaraq “İnterpol”a təqdim olundu və bir neçə iş üzrə ermənilərin beynəlxalq axtarışa verilməsi işinə başlanıldı. Ancaq bu İstintaq Qrupu üzrə işlərin aparılması qəti sürətdə 16 il ərzində dayandırıldı. 14 nəfərdən 7 nəfərinin doğum illəri isə heç məlum deyil.

- Sizcə, rəsmi şəxslərin bu cür davranışının, yəni ermənilərin “İnterpol”un axtarışına verilməsində maraqlı olmamalarının səbəbləri nə idi?

-Mən qarşıma məqsəd qoymuşdumsa ki, Azərbaycan vətəndaşı olaraq bu işdə dövlətimə, vətənimə nədəsə yardım etməliyəm, deməli, bunların da qarşısına qoyulan məqsəd tamamilə bunun əksidir. Qarabağda şəhid olanlar millətimizin övladlarıdır, Allah onların hamısına qəni-qəni rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz hamımız onlara ömür boyu borcluyuq və onların qarşısında baş əyirik. 14 ildir ki, mən bu işlə məşğulam. Kim mane ola bilərdi ki, törədilmiş soyqırım, cinayət işləri üzrə istintaq aparılmasın? Əgər mən 25 gün ərzində 206 nəfər soyqırım törətmiş erməni barəsində təqsirləndirilən qismində cəlb edilən şəxs kimi ittiham aktı çıxarmışamsa, onların haqqında axtarışı təmin edə bilmişəmsə, 2003-cü ildən 2020-ci ilə qədər – 16 il ərzində başqa hansı işlər görülüb?! Hansı ki, cəmi 304 nəfər barəsində o qərarlar çıxarılıb, həmin 206 nəfər oradan çıxarılanda, qalır 98 nəfər. Bu 98 nəfərin 74-ü budur, yerdə 24 nəfər qalır. Odur ki, 13 noyabr 2007-ci il tarixdə mən rəsmən baş prokurora müraciət etdim ki, bu, bizim dövlətimizə xəyanətdir...

- Sizcə, o xəyanətin arxasında konkret olaraq kim, hansı qüvvə dayanıb?

- Onda mən elə bilirdim ki, bunları törədən İstintaq Qrupunun rəhbəri, Rusiyanın bizə “yadigarı”, “hədiyyəsi” olan İlham Məmmədovdur. Hansı ki, orada oxuyub, orada evlənib, evi-eşiyi oradadır və s. Qeyd etdiyim kimi, 13 noyabr 2007-ci ildə mən, qanunvericiliyin tələblərinə əsasən, ilk növbədə baş prokurorun özünə müraciət etdim ki, bunun cinayət xarakterli əməllərinin qarşısı alınmalıdır. Onda mən bilmirdim ki, məsələ nə yerdədir… Əvəzində, cəmi 10 gün sonra -  23 noyabr 2007-ci ildə istintaqı məhv etmiş, ölkəni, dövləti, hamını aldatmış şəxsin təqriri əsasında mənim özümü İstintaq Qrupundan uzaqlaşdırdılar. Prezidentin 12 oktyabr 2006-cı il tarixində tapşırığı vardı ki, ermənilər Azərbaycandan 173 nəfəri axtarışa verdiyi üçün təcili bir ay ərzində ən azı 200 nəfər erməni barədə İstintaq Qrupu müvafiq qərarlar çıxarsın, onlar barəsində axtarış verilsin. Qrupun rəhbəri Azərbaycan Respublikasının hərbi prokurorunun 1-ci müavini olmuş, il yarıma qədər də (Xanlar Vəliyevə qədər) o vəzifəni icra etmiş, ömründə bir dəfə də istintaq aparmayan İlham Məmmədov idi. Stepankovun xahişi ilə Rusiyadan gəlmiş adam idi. Zakir Qaralov əmr verib məni qrupdan çıxarıbsa, deyə bilməz ki, dövlətə qarşı cinayətlərdə iştirak etməyib, məlumatsızdır və s. Zakir Qaralovun məni bu qrupdan çıxarmasına baxmayaraq, mən ona raport yazdım ki: "Qərarın birinci bəndinin sonuncu səhifəsində göstərilir ki, bir sıra cinayət törətmiş 56 nəfər şəxs barəsində beynəlxalq axtarış elan edilmişdir. Bu, tamamilə saxta məlumatdır, 56 nəfər barəsində əvvəllər elan edilmiş axtarış sənədləri 3 may 2006-cı ildə üçtərəfli görüş baş tutmadığına görə “İnterpol” tərəfindən geri qaytarılmış və hal-hazıra kimi bu cinayət işləri üzrə heç kim beynəlxalq axtarışa verilməmişdir". Bunların cinayət məsuliyyətindən yayınmasından 15-17 il sonra axtarış qərarı verilmişdir. Onlardan bir neçəsini götürüb-gətirərdilər Azərbaycana, bizim hüquq-mühafizə orqanlarına təqdim edərdilər ki, buyurun, axtarış vermisiniz, biz də iştirak edirik, hökmünüzü oxuyun. Nə olardı? Bunlara hökm oxuna bilər? Oxuna bilməz. Nə deməkdir bu? “Bunlar erməni olduqlarına görə, Azərbaycan heç nə tapa bilmir, 3 patrona görə əl çəkmir, iyirmi neçə ildən sonra bunları axtarır” və Azərbaycanı beynəlxalq nsan haqları nəhkəməsinə verib hər birinə görə 10 milyon təzminat tələb edə bilərdilər. Üstəlik, hər yerdə də bizi biabır edərdilər ki, “bu yazıq, bədbəxt ermənilər vəhşi azərbaycanlılarla bir yerdə necə yaşasınlar”?

- Belə aydın olur ki, indiyədək Azərbaycan xalqına qarşı cinayət törədən heç bir erməni faktiki “İnterpol”un axtarışında olmayıb. Sizcə, bu məhz Zakir Qaralovun vəzifə səhlənkarlığından irəli gəlib, yoxsa burada maraqlı qüvvələrin əli olub?

(Ardı var)

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA