Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”

Yasamal rayonu Zərdabi küçəsində, 167 saylı orta məktəbin yaxınlığında, “Oba market”lə üzbəüz qanunsuz tikinti aparılır.
Muxalifet.az xəbər verir ki, bu barədə “AzPolitika”-nın elektron poçtuna məlumat və fotolar daxil olub.
Məlumatda deyilir ki, ətraf binalar üçün zibil qutularının yerləşdiyi ərazi zəbt edilərək, yerində qanunsuz tikinti aparılır. Belə görünür ki, rayon İcra Hakimiyyəti artıq satmağa yer tapmadığından zibil qutularının yerini də satmağa başlayıb. Bu gedişlə əhali zibilini atmağa yer tapmayacaq…

Qeyd edək ki, bundan öncə saytımızda Nizami rayonu ərazisində analoji tikinti aparıldığı barədə məlumat və fotolar dərc edilib. Bu iki qanunsuz tikintini birləşdirən daha bir cəhət isə onların məhz bayram tətili günlərində aparılmasıdır.
Azərbaycanda uzun illərdir bayram günlərində tez-tələsik qanunsuz tikintilərin aparılması təcrübəsindən geniş istifadə olunur. Adətən İcra Hakimiyyəti ilə “qarşılıqlı razılaşma” əsasında sahibkara qanunsuz tikinti üçün qiyabi icazə verilir. Daha doğrusu, buna İcra Hakimiyyəti tərəfindən “göz yumulur”. Bu “proses” məhz bayram günlərinə o səbəbdən salınır ki, həmin günlərdə dövlət orqanları çalışmır və deməli, guya İcra Hakimiyyətinin də bu səbəbdən qanunsuz tikintidən xəbəri olmur. Rəsmi iş günləri başlayanda isə obyekt artıq tikilib hazır vəziyyətə gətirilmiş olur.
Başqa vaxt daşı daş üstünə qoymağa imkan verməyən İcra Hakimiyyəti də deyir ki, artıq heç nə edə bilmərik. Nəticədə, həmişəki kimi, pulunu verib icazə alan istədiyini zəbt edir, tikir, verməyən tikmir. Göründüyü kimi, Yasamal İcra Hakimiyyəti də Nizami İcra Hakimiyyətinin “iş prinsipi” ilə fəaliyyət göstərir. Təbii ki, Bakının əksər rayon icra strukturları eyni cür “işləyir”.
Qeyd edək ki, Yasamalın icra başçısı Elşad Həsənov yeni kadrlardan sayıla bilər. 2015-ci ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən V çağırış Milli Məclisinin deputatı olmuş E.Həsənov 2019-cu ildə rayona başçı təyin olunub.
Göründüyü kimi, onun dövründə də icra hakimiyyəti qanunsuz tikililərə əvvəlki, köhnə “münasibəti” saxlamaqdadır…