"Ümid edirəm ki, Fransaya gedişimə icazə veriləcək" - Edvard Snouden

Baxış sayı:
8647

Rusiyada yaşayan ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snouden ümid edir ki, prezident Emmanuel Makron onun Fransaya gedişinə icazə verəcək. Snouden bu istəyini Fransanın "France İnter" radiosuna müsahibəsində dilə gətirib.

Muxalifet.az "Amerikanın səsi"nə istinadən bildirir ki, bundan əvvəl Amerikanın NPR radiosuna verdiyi müsahibəsində Snouden Rusiyaya gəlmək istəmədiyini və bu ölkəyə gəlişin tam təsadüf olduğunu deyib. Dediyinə görə, Moskva hava limanında ABŞ hakimiyyətinin onun pasportunu ləğv etdiyi üzə çıxıb və həmin andan bu ölkədə qalmalı olub.

The Guardian qəzetinə müsahibəsində isə o, Rusiyada keçən həyatından danışıb. O deyib ki, indi ilk illərdən fərqli olaraq təhlükəsizliyi ilə bağlı az narahatdır və üzünü gizlətmədən sərbəst şəkildə Rusiyada səyahət edə bilir.

Bundan başqa Snouden bir il əvvəl amerikalı xanımla ailə qurduğunu və bu evliliyin Moskvadakı Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsindən birində qeydə alındığını təsdiq edib.

Rusiya 2013-cü ildə ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi informasiyalarını faş etmiş müqaviləli casus Snoudenə siyasi sığınacaq verib.