“Türkiyə terrorçuların öhdəsindən tam gələcək” - QABİL HÜSEYNLİ

Baxış sayı:
8014

“Türkiyənin fəallaşdığı yerə İran qara nəfəsini gətirməlidir” Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Suriyada Fəratın şərqində əməliyyat aparmaq niyyətləri ilə bağlı dəfələrlə açıqlama vermişdi. Oktyabrın 7-də isə Türkiyə prezidenti daha qətiyyətli açıqlama ilə “Türkiyə yaxın günlərdə Suriyanın şimalında, Fərat çayı sahilində əməliyyata başlayacaq. “Bir gecə qəflətən gələ bilərik”. Bu qətiyyətimizdən dönməyəcəyik. Çünki terror təşkilatlarının ölkəmizə qarşı bu təhdidlərini daha çox qəbul eləməyimiz əsla mümkün deyil”, - deyə dünyaya bəyan elədi. Dünən yayılan məlumata görə, artıq Türkiyə Suriya ilə sərhədə zirehli texnika yeridib. Yerli agentliklər və telekanallar Türkiyə qoşunlarının hərəkətini əks etdirən videogörüntüləri yayıblar. Həmin görüntülərdən birində M60 tankları və M113 zirehli transportyorları, digərində isə hərbi kolonun Suriya ilə bir neçə yüz metr sərhəddəki Şanlıurfa əyalətinin Akçakala şəhərindən çıxışı əks olunub. Kadrlarda müxtəlif tipli zirehli avtomobillər, hərbi yük maşınları, həmçinin artilleriya qurğuları görünür. “Anadolu”nun məlumatına görə, kolon təxminən 130 avtomobildən ibarətdir. Ancaq Türkiyənin Fəratın şərqində əməliyyata başlamasından bir çox ölkə, o cümlədən Misir, Yunanıstan və Cənubi Kipr narahat olduğunu bildirib. Sözügedən ölkələr Türkiyənin əməliyyatını “qanunsuz” hesab etdiklərini və Suriyanın ərazi bütövlüyünü pozduğunu bildiriblər. Bu, eyni zamanda İranın da narahatçılığına səbəb olub. İran Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, rəsmi Tehran Türkiyə tərəfinin Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq niyyəti ilə bağlı xəbərləri narahatlıqla izləyir. “Hesab edirik ki, belə bir addımın atılması nəinki Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını aradan qaldıracaq, əksinə geniş maddi və humanitar ziyana səbəb olacaq”, - deyə bəyanatda vurğulanıb. Guya, bu bəyanatla İran Türkiyənin qayğısını çəkmiş olur ki, maddi və humanitar ziyan çəkəcək. Ona görə, bu addımdan geri çəkindirməyə çalışır. Bu bəyanatdan bir gün öncə, İran XİN başçısı Məhəmməd Cavad Zərifin “Türkiyənin öz təhlükəsizliyini təmin eləməsinin Suriya sərhədindəki bölgələrinə hərbi qüvvə yerləşdirilməsi olduğunu Türkiyə tərəfinə bildirdik. Türkiyənin təhlükəsizliyi Suriyanın ərazi bütövlüyü və hegemonluğuna zərər verəcək şəkildə təmin edilə bilməz” bəyanatı İranın niyyətini aydın ortaya qoyur. Yəni İran Türkiyənin Suriyada güclənməsini istəmir. Rusiyanın Türkiyənin Suriyanın şimalında başlayacağı əməliyyatla bağlı mövqeyi də diqqəti çəkir. Belə ki, Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov ABŞ və ya Türkiyə tərəfindən rəsmi Moskvanın məlumatlandırılmadığını söyləyib. Peskov Rusiya Prezidenti Vladimir Putinin Suriyada baş verən son gəlişmələr barədə türk həmkarı Rəcəb Təyyub Ərdoğan və ABŞ başçısı Donald Trampla əlaqə saxlamadığını da sözlərinə əlavə edib. Halbuki, hələ ötən ay R. T. Ərdoğan Türkiyənin hərbi əməliyyata başlayacağı barədə ABŞ və Rusiyanı məlumatlandırdıqlarını bildirib: “Biz Suriyada Afrini, Gerablusu azad etdik, indi də Fərat çayının şərqində əməliyyat aparacağıq. Biz bu barədə ABŞ və Rusiyanı məlumatlandırdıq. Biz ölkəmizə hücumları sadəcə, müşayiət edə bilmərik”. Yeri gəlmişkən, dünən Rusiya prezidenti Vladmir Putin Təhlükəsizlik Şurasını toplayıb, Şurasının daimi üzvləri ilə Suriyadakı vəziyyəti müzakirə edib. Yığıncaq iştirakçıları həmçinin Suriya konstitusiya komitəsinin işinin başlaması mövzusuna toxunub. Qeyd edilib ki, bu mərhələdə hər kəsin sülh yolu ilə nizamlanmasına maneə yarada biləcək hərəkətlərdən çəkinməsi vacibdir. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov isə öz “feysbuk” səhifəsində Türkiyənin yaxın günlərdə, bəlkə də, saatlarda Suriyanın şimalını işğal eləmiş 50 minlik YPG/PKK ordusuna qarşı böyük hərbi əməliyatı keçirməyə başlayacağından yazıb. Markov Türkiyənin Suriyanın özü ilə həmsərhəd zonasında yaradacağı təhlükəsizlik ərazisində İdlibdən olan qaçqınları və Türkiyə torpaqlarına sığınmış digər suriyalıları yerləşdirməyi planlaşdırdığından bəhs edib: “Bu, milyonlarla insan deməkdir. Türkiyənin hərbi əməliyyatından hamı qorxur. Lakin ABŞ da güclü Türkiyəyə qarşı çıxış eləməkdən qorxacaq. Rusiya böyük bir mübadilədə iştirak edir. Çünki Türkiyənin Suriya Kürdistanında hərbi əməliyyata başlamasından dərhal sonra Suriya Ordusu Rusiyanın dəstəyi ilə İdlibdə hərbi əməliyyata başlayacaq. Həmçinin Dəməşq hərbi əməliyyatların başlamasından dərhal sonra Suriyanın şimalındakı, hazırda kürdlərin əlinə keçmiş neft yataqlarını öz nəzarətinə qaytarmaq niyyətindədir. Bu əməliyyat nəticəsində Rusiyanın regiondakı nüfuzu artacaqdır, çünki Əsəd Rusiyanın dəstəyi ilə İdlibin mühüm hissəsini-Hələb-Dəməşq və Hələb-Lazkiya yollarını geri qaytaracaq. Həmçinin Əsəd neft ərazilərinin bir qismini alacaq və bu pul Suriya iqtisadiyyatının bərpasına xərclənəcək”. Markovun bu açıqlamasından isə aydın görünür ki, Rusiya bu əməliyyatla bağlı Türkiyə tərəfindən məlumatlandırılıb və Rusiya Türkiyənin Fəratın şərqində aparacağı əməliyyata göz yumacaq. Çünki Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi açıq etiraf edir ki, Rusiya böyük bir mübadilədə iştirak edir. Belə çıxır ki, artıq Türkiyə Rusiyanın Suriyada istəklərinə “hə” deyib. Regionda əsas güclərdən biri olan Amerikanın isə Türkiyənin “Sülh bulağı” əməliyyatına “yaşıl işıq” yandıracağı aydın görunur. Amerika prezidenti Donald Trampın Amerika ordusunu Suriyadan çəkməklə bağlı əmrindən sonra, Türkiyə ilə münasibətlərə dair yeni bəyanatla çıxış etməsi bunu göstərir. Dünən Ağ ev sahibi bir daha vurğulayıb ki, ABŞ-ın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bir çox insan unudur: “Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstrukiyasını düzəldir. Onların sayəsində Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatı xilas edilərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən azad edilib. Eləcə də bunun da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür”. Göründüyü kimi, Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi “Sülh bulağı” əməliyyatından regionda narazı olan güc İrandır ki, onun da Türkiyənin təhlükəsizliyi istiqamətində atacağı addımdan çəkindirməsi mümkün deyil. Qeyd edək ki, Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanandan 3,6 milyon suriyalı Türkiyəyə sığınıb. Ankara onların 2 milyonunu təhlükəsizlik zonasına yerləşdirmək istəyir. “Türkiyənin atdığı addım Rusiya tərəfindən normal qarşılanır” Türkiyənin Suriyanın şimalında keçirmək istədiyi “Sülh bulağı” əməliyyatı ilə bağlı keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə öncə onu dedi ki, əməliyyat ətrafında xeyli xoşagəlməz söz-söhbət yayılıb: “Söz-söhbətin başında Amerika Konqresinin üzvləri dayanır. Onlar hər vasitə ilə Türkiyəni Fərat çayının sol sahilində hərbi əməliyyat aparmaqdan çəkindirmək istəyirlər. Türkiyə də məqsədini elan edib. Həmin bölgələrdə təhlükəszilik zonası yaratmaq və Türkiyə ərazisində olan Suriya qaçqınlarını oraya yerləşdirmək istəyir. Bu, nöqteyi-nəzərdən Türkiyənin atdığı addım Rusiya tərəfindən normal qarşılanır, Amerika neytral mövqe tutur. Təkcə etiraz edən PKK/YPG və Suriya rejimidir. Amma Türkiyə bunlara əhəmiyyət verən deyil. Türkiyə bu əməliyatın aparılması üçün Suriyaya 100 minə yaxın qoşun heyəti, zirehli tanklar, həmçinin aviasiya keçirib. Bu güclə həm Fəratın sol sahilində PKK/YPG qüvvələrini sıradan çıxarmaq, həm də orada təhlükəsizlik zonası yaratmaq olar. Amerika, Rusiya, İran mane olmasa, Türkiyə PKK/YPG-nin öhdəsindən tam gələcək və hər şey qaydasında olacaq”. “Amerika Suriyanı tam tərk eləmək niyyətində deyil” Q.Hüseynli vurğuladı ki, Tramp dediyinə əməl etdi: “Amerika qoşunlarının bir qisminin yerdəyişməsi gedib, 50 nəfərlik bir qismi də ölkə ərazisindən İraq ərazisinə çıxarılıb. Amma Amerika tamamilə qoşunlarını çıxartsa, bu, Rusiya üçün göydəndüşmə bir fakt olar. Amerika Suriyanı tam tərk eləmək niyyətində deyil. Sadəcə olaraq Türkiyənin hərbi əməliyyatlar apardığı bölgədən qoşunlarını Suriyanın daha dərinliklərinə geri çəkir”. “Türkiyənin kimdənsə icazə almasına ehtiyac olmamalıdır” “Rusiya tərəfi deyirsə ki, məlumatlandırılmayb, riyakarlıq edir. Rusiyanın ərazisində qaçqın yoxdur ki, 3,5 milyon qaçqın Türkiyənin ərzasindədir. Türkiyə hər il onlara 5-6 milyard dollar pul xərcləyir. Bütün bunlara görə, Türkiyənin kimdənsə icazə almasına o qədər də ehtiyac olmamalıdır",-deyə politoloq əlavə etdi. “Konstitusiya Komitəsinin yaradılması çətin olmayacaq” Qabil Hüseynli onu da nəzərə çatdırdı ki, Konstisusiya Komitəsinin yaradılması Rusiya ilə razılaşdırılıb: “Yeni Konstitusiyanın hazırlanması üçün xüsusi komitə yaradılır. O komitəyə Suriyada olan müxalif qüvvələrin və Suriya hökumətinin nümayəndələri daxil olub. Onlar 5-6 ay müddətinə yeni Konstitusiyanı hazırlayıb, bölgədə seçkilər keçirilməsinə hazırlıq vəziyyəti yaratmalıdırlar. Mənim zənnimcə, Konstitusiya Komitəsinin yaradılması çətin olmayacaq. Bu Rusiya və İranla da razılaşdırılıb. Məncə, bunu həyata keçirmək mümkün olacaq”. “İran dünyada şər mənbəyi kimi qiymətləndirilir” İranın mövqeyi ilə bağlı isə Q. Hüseynli belə söylədi: “İran qaraniyyətli ölkədir. Tehrandan haçan bir pozitiv mövqe eşidirsən. Türkiyənin fəallaşdığı yerə qara nəfəsini gətirməlidir. Bir də ki, Tehranı adam yerinə qoyan kimdir. Türkiyə lazım olsa özünün 710 kilometrlik sərhəddi boyunca təhlükəsizlik zonası yaratmaq üçün hərbi əməliyyatları keçirə bilər. Niyə Tehran haradan hara gəlib Şamın dibində hərbi baza yarada bilir, Türkiyə öz sərhəddi boyunca təhlükəsizlik zonası yarada bilmir?! Qara niyətli bir dövlətdir. Elə ona görə də dünyada şər mənbəyi kimi qiymətləndirilir və bu nöqteyi-nəzərdən Türkiyə onların dediyini nəzərə almır”. “3,5 milyon qaçqını öz ərazisinə qəbul edən və onların maddi, mənəvi təminatını həyata keçirən Türkiyədir” “Misirin, Yunanıstanın, Cənubi Kpirin Türkiyənin əleyinə olan açıqlamasının heç bir əhəmiyyəti yoxdur. Suriyadan qaçqın axanda o Sisi deyilən diktator bircə dənə qaçqını qəbul elədi? Və yaxud Kipr 1, yaxud 10 qaçqını qəbul edib, onu öz ərazisində yerləşdirdi? Yox. Amma 3,5 milyon qaçqını öz ərazisinə qəbul edən və onların maddi, mənəvi təminatını həyata keçirən Türkiyədir. Hər il buna milyardlarla pul xərclənir. Türkiyə bu xərcdən azad olmalıdır. Ona görə də qaçqın problemini həll etmək üçün bu əməliyyatlara gedir”. Şamo EMİN, Hurriyyet.org